Elton Məmmədov qardaşı haqqında yayılan məlumatlarla bağlı nə dedi?
“Bütün mətbuat ictimaiyyəti bilsin ki, biz Məmmədovlara qarşı heç bir qərəzli mövqe yoxdur”. Bu sözləri Modern.az saytına açıqlamasında deputat Elton Məmmədov son vaaxtlar nəqliyyat naziri olan qardaşı Ziya Məmmədov, qardaşı oğlu Anar Məmmədov və digər bacı və qardaşları haqqında mətbuatda gedən informasiyalara münasibət bildirərkən deyib. O qeyd edib ki, onlar ölkə rəhbərliyinin ətrafında sıx birləşən bir ailədir, nəsildir. “Bizə həvalə edilən bütün səlahiyyətlərimiz çərçivəsində ölkəmizə, dövlətimizə, xalqımıza xidmət edirik. Qalan şayiələr yanlışdır, şantaj xarakterlidir, sadəcə ictimaiyyəti çaş-baş salmaq üçündür”.
Elton Məmmədov özünün yenidən namizədliyini verməmisini elmi fəaliyyətlə məşğul olması ilə əlaqələndirib. “Kifayət qədər böyük həcmli, tutumlu elmi layihələrim var, elmi tədqiqatlarımla məşğul olacam. 5 il deputatlıq səlahiyyətinin icrası ilə məşğul oldum. Seçicilərimə təşəkkür edirəm ki, məni 15 il dəstəkləyiblər, prezidetə təşəkkür etdim. Alim, professor kimi fəaliyyətimi davam etdirmək istəyirəm”.
Deputat eyni zamanda Qolf klubunun açılışında Azərbaycanın Qolf Federasiyasının prezidenti Anar Məmmədovun iştirak etməməsini belə izah edib: “Mütləq deyil ki, hər hansı bir açılışda federasiya prezidenti və yaxud nazir iştirak etsin. Protokol var, orada müəyyənləşdirilir ki, tədbirə hansı formatda dəvətlər edilir. Bu mənada kiminsə fərdi yanaşması fərdi mülahizəsi, özünəsərf edən düşüncə tərzi ilə ictimaiyyətə açıqlama verməsi hesab edirəm ki, yanlış fikirlərdir. Bundan isə uzaq və səmimi olmaq lazımdır. Ona görə də biz səmimi insanlarıq və cənab prezidentin ətrafında sıx birləşən, onun tapşırığı və tövsiyyəsi ilə xalqa xidmət edən ziyalılarıq”.
Elton Məmmədovun bu iddialarına baxmayaraq Ziya Məmmədovun “vurulucağı” barədə məlumatlar səngimir. Müşahidələr də bu məlumatların əsassız olmadığını göstərir. Məsələn, dünən ölkə başçısı Ilham Əliyev Ziya Məmmədovun qeyri-rəsmi kuratoru olduğu Ucar rayonuna səfər edib. Ölkə başçısı nazirin nəzarətində olan “Ucar Aqro” MMC-nin quşçuluq sənaye kompleksi ilə tanış olub. Azərbaycan reallığında ölkə başçısı hansısa rayona səfər edirsə, həmin rayonun qeyri-rəsmi kuratorları da onun müşayiət edir. Ilham Əliyevin Ucar səfərində isə Ziya Məmmədov görünməyib. Bəzi məlumatlara görə, nəqliyyat naziri də həmin vaxt Ucarda olub. Onun Ilham Əliyevin yanında görünməməsi isə artıq “qələminin qırılması” ilə izah edilir.
Anar Məmmədovun Qolf klubun açılışında iştirak etməməsilə bağlı Elton Məmmədovun izahatına gəlincə, deputatın dedikləri inandırıcı görünmür. Məmmədovların indiki vaxtında Ilham Əliyevin yanında görünmələri onlara hava-su kimi lazımdır. Bu baxımdan Anar Məmmədov xaricdə olsaydı belə açılışa gələrdi. Digər tərəfdən ölkə başçısının iştirak etdiyi mərasimdə Anar Məmmədovun xaricdə olduğuna görə qatılmaması ona baha başa gələ bilərdi. Bu saymamazlıq kimi qiymətləndirilərdi. Ona görə də Anar Məmmədovun mərasimə dəvət edilməməsi ən ağlabatan versiyadır.