Nazirin qardaşları ilə bağlı müdhiş qalmaqal FOTO

7-10-2015, 10:49   
Nazirin qardaşları ilə bağlı müdhiş qalmaqal FOTO


Zakir Həsənovun qardaşının keçmiş həyat yoldaşı ona və Mehriban Əliyevaya məktubunda nələr yazıb?

Generalın da adı hallanan mülk qalmaqalında görünməmiş olay; dövlət sənədi necə yoxa çıxıb?

Müdafiə naziri Zakir Həsənovun qardaşı Elşən Həsənovun keçmiş həyat yoldaşı Nailə Həsənova Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edib. Məktubun surətini “Azadlıq”a da ünvanlayan Nailə Həsənova müraciətində yazır ki, keçmiş həyat yoldaşı da daxil olmaqla, nazirin qardaşları ona güvənərək, istədiklərini edirlər.


“Mən tək qadın və iki uşaq anası kimi, Müdafiə naziri Zakir Həsənovun qardaşları Elşən və Telman Həsənovların qurbanına çevrilmişəm. Əlimdəki sənəd-sübutlara, faktlara baxmayaraq, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi “bura Azərbaycandı” deyərək, müvafiq tədbir görməkdən imtina edir.

Təəssüf ki, prosedurlara görə, müraciət etdiyim dövlət strukturları ərizələri hüquq-mühafihə orqanlarına göndərir. Orada isə mənə izah etməyə çalışırlar ki, Həsənovların Baş Prokurorluqda yüksək vəzifə tutan Elxan adlı qohumu problemin obyektiv, ədalətli həllinə imkan vermir”, – deyə Nailə Həsənova Mehriban Əliyevaya məktubunda yazır.

“Azadlıq”a bu məktubla yanaşı, bir sıra başqa sənədlərin, o cümlədən məhkəmə qərarları, müraciətlərin də surətini təqdim edən Nailə Həsənova bildirir ki, 30 illik həyat yoldaşı Elşən Həsənov 2012-ci ildə ondan boşanmaq üçün məhkəməyə müraciət edib. Eyni zamanda, birgə nikah dövründə əldə edilən bütün mülkiyyəti öz əlinə keçirmək üçün müxtəlif yollara əl atıb.



Nailə Həsənovanın sözlərinə görə, birgə nigah dövründə – 2008-ci ildə Novxanıda 1603-Z ünvanında torpaq sahəsi alaraq, ev tikiblər. Həmin ev həyat yoldaşı Elşən Həsənovun adına qeydiyyatdan keçib. Lakin 2012-ci ildə nazirin qardaşı boşanma və əmlak bölgüsü üçün məhkəməyə müraciət edəndə məlum olub ki, sözügedən ev digər qardaş Telman Həsənovun adına keçirilib. Özü də məhkəmə qərarı ilə: “Guya, Telman həmin əmlakın onun adına keçirilməsi üçün məhkəmədə Elşənə qarşı iddia qaldırıb. İddia belə əsaslandırılıb ki, həmin evin tikilməsi üçün bütün xərcləri o çəkib. Razılaşmaya uyğun olaraq, Elşən Həsənov da xərci onun çəkdiyini təsdiqləyib. Sumqayıt şəhər məhkəməsi 11 yanvar 2012-ci ildə həmin əmlakın Telman Həsənovun adına keçirilməsi barədə qərar verib. Bu işin qurama olduğunu sübut edən əsas faktlardan biri də qardaşların hər ikisinin – həm iddiaçının, həm də cavabdehin vəkili eyni adam olub – Fikrət Səfərov.



Nailə Həsənova bundan xəbər tutan kimi – 4 sentyabr 2012-ci ildə sözügedən qətnamənin surətini əldə etmək üçün Sumqayıt şəhər məhkəməsinə müraciət edib və sənədi ala bilib.

Bundan da az sonra – sentyabrın 15-də Telman Həsənovun həyat yoldaşı Aidə Həsənova həmin bağ evinin satılması üçün razılıq ərizəsi verib.

Nailə Həsənova da öz növbəsində o evlə bağlı hər hansı alqı-satqı və digər müqavilələrin qarşısını almaq məqsədilə əmlakın üzərinə həbs qoyulması üçün 24 sentyabr 2012-ci ildə məhkəməyə müraciət edib: “Oktyabrın 4-də keçirilən ilk iclasda Sumqayıt məhkəməsi Novxanıdakı 1603-Z ünvanında yerləşən bağ sahəsi və evin üzərinə həbs qoydu. Bundan sonra Telman və Elşən Həsənov qardaşları inanılmaz bir iddia ortaya atdılar. Məhkəmədə bildirdilər ki, guya mən Elşənin həyat yoldaşı deyiləm, özümü bu cür qələmə verirəm. Eyni zamanda, Elşən boşanma və əmlak bölgüsünə dair iddia ərizəsini geri götürdü. Məhkəmədə mənə qarşı yeni iddia qaldırdı ki, guya, bizim rəsmi nikahımız saxtadır və mən “ZAQS”da həyat yoldaşımın imzasını saxtalaşdırmışam. Baxmayaraq ki, 30 ildir evliyik və iki uşağımız var, Elşən bunu inkar etdi. Lakin məhkəmədə çoxsaylı sübutlar ortaya qoydum və bu üzdən Elşən Həsənovun iddiası təmin olunmadı.

Daha sonra məni 80 min manatlıq oğurluqda, sənədlərin saxtalaşdırılmasında ittiham etdilər. Bir qədər sonra Elşən ümumiyyətlə bildirdi ki, 2006-cı ildən başqa qadınla yaşayır və bu səbəbdən 2008-ci ildə əldə olunmuş həmin əmlakın mənə heç bir aidiyyəti yoxdu.

Bütün bunlara baxmayaraq, mən ünvanıma səslənən ittihamların yalan olduğunu sübut etdim. Sumqayıt Apellyasiya Məhkəməsi 2014-cü il iyunun 22-də mənim xeyrimə qərar çıxararaq, əmlakın Telman Həsənovun adına keçirilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etdi.

Ali Məhkəmə də 17 dekabr 2014-cü ildə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxladı. Lakin sonra elə bir hadisə baş verdi ki, hətta Azərbaycan reallığını nəzərə alanda da bunu təsəvvür etmək çətindi. Bu il aprelin 10-da Ali Məhkəmənin sədri Ramiz Rzayev Novxanıdakı sözügedən əmlakın yeni sahibi Fuad Dadaşovun əlavə kassasiya şikayətinə əsaslanaraq, Ali Məhkəmənin mənim xeyrimə olan qərarını ləğv elədi. Guya, Fuad Dadaşov iddia edib ki, həmin əmlak 2003-cü ildən ona məxsusdur. Lakin məhkəmə proseslərinə onu dəvət etməyiblər və bununla da hüquqları pozulub.

Əslində isə Fuad Dadaşov Həsənovların böyük qardaşı Eldarın yaxın adamıdır. Fuad Dadaşov keçmiş həyat yoldaşım Elşənin adına qeydiyyatdan keçmiş Sumqayıtdakı “Qala” ailəvi restoranında işləyir. Fuad Dadaşov və Elşən Həsənovun yaxın əlaqərini sübut edən digər fakt isə Elşənin ona şəxsi avtomobilini idarə etmək üçün verdiyi etibarnamədir.

O evin 2013-cü ildə Fuad Dadaşova satılması üçün Sumqayıt məhkəməsinin 2012-ci ildə qoyduğu həbs qərarını ləğv etmək lazım idi. Lakin Telman Həsənov müəmmalı şəkildə onu “satır”. 30 iyul 2013-cü il tarixli alqı-satqı müqaviləsinin 9-cu bəndində də zəmanət verilir ki, torpaq sahəsi məhkəmə instansiyalarında mübahisə predmeti deyil.

Qeyd etdiyim kimi, məhkəmənin əmlak üzərində həbs qərarı olduğu halda, onu satmaq mümkün deyildi. Belə olan halda, onlar başqa yola əl atırlar və əmlakın üzərinə həbs qoyulması barədə məhkəmə qərarı müəmmalı şəkildə yoxa çıxır. Təsəvvür edin, Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qətnaməsi yoxa çıxıb! Qətnamənin təsadüfən yoxa çıxmadığını sübut edən daha bir fakt isə budur ki, əmlakın üzərinə həbs qoyulması üçün mənim 24 sentyabr 2012-ci ildə məhkəməyə müraciətim də iş materialları arasından “qeyb olub”.

İki uşağı ilə birgə küçəyə atıldığını deyən Nailə Həsənova bütün bunlar barədə keçmiş qaynı, general Zakir Həsənova açıq məktubunda da yazıb. O, məktubunda müdafiə nazirindən qardaşlarının özbaşınalıqlarının qarşısını almaq üçün kömək istəyir: “Hüquq-mühafizə orqanları yarım ildən çoxdur ki, məhkəmə qətnaməsinin yoxa çıxması faktını araşdırmaqdan imtina edir. Çünki bu məsələnin “Telman-Elşən-Fuad” üçlüyünə birbaşa aidiyyəti var. Onlar da sizə güvənərək, bütün bunları etmək cəsarətində bulunurlar.

Mənim sizə açıq məktubla müraciət etməkdən başqa çarəm qalmadı. Çünki məsələni qardaşlarınızla açıq və təmiz danışıqlar yolu ilə həll etmək cəhdlərim nəticə vermədi. Əksinə, məhkəmədə mənə qarşı 15-ə qədər böhtan xarakterli iddialar qaldırıldı və mən haqlı olduğumu sübut etdim. Belə olan halda, onlar məni qorxutmaq məqsədilə oğlumu “nazirin qardaşına süi-qəsd cəhdində” ittiham etdilər. Amma oğlum da sübut elədi ki, bu, böhtandan başqa bir şey deyil.

Hörmətli general, siz deyin, niyə bu cür yollarla mənim övladlarımın haqqı əlindən alınmalı, özləri küçəyə atılmalı, taleyi qırılmalıdır? Mənə elə gəlir ki, sizə təhrif olunmuş məlumatlar çatdırılır və hüquq-mühafizə orqanları qarşısında məsuliyyətdən yayınmaq üçün adınızdan istifadə olunur. Xahiş edirəm, məni qəbul edəsiniz. Biz bir-birimizi çox yaxşı tanıyırıq, dəfələrlə ailəvi görüşlərimiz olub. Əminəm ki, sizinlə bu problemi düzgün yolla həll edə bilərik”.

***

Məsələ ilə əlaqədar Müdafiə Nazirliyindən də mövqe öyrənməyə çalışsaq da, çoxsaylı zənglərimizə cavab verən olmadı.

İnformasiya şöbəsi
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.