PA rəhbəri namizədlərlə bağlı ilkin siyahıya korrektələr edib
Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev parlament seçkilərilə bağlı rəqiblərinin planlarını pozub. Hakimiyyətdaxili mənbənin “Azadlıq”a sızdırdığı məlumata görə, Ramiz Mehdiyevin səhhətində problem yaranan ərəfədə rəqibləri təşəbbüsü ələ alaraq parlament seçkilərini öz nəzarətləri altında keçirmək istəyib.
Hətta iddia olunur ki, artıq Milli Məclisdə təmsil olunacaqlarının siyahısı hazırlanıb. Siyahını 3 nəfər – prezidenti köməkçisi Əli Həsənov, baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov və Prezident Administrasiyasının ərazi idaretmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev hazırlayıb. Əli Həsənov ictimai-siyasi sektora, Əli Əhmədov YAP-a, Zeynal Nağdəliyev isə bölgələrə cavabdeh olub. Onlar cavabdeh olduğu sahələrdən namizəd seçiblər. Ramiz Mehdiyev səhhəti düzələndən sonra isə o, yenidən təşəbbüsü ələ alıb və bununla da ilkin siyahı tamamilə dəyişib. Dəyişiklik zamanı ən çox zərbə Əli Həsənova dəyib. Iddia olunur ki, “diaoloq müxalifəti”nin, hakimiyyətlə anlaşan media nümayəndələrinin seçki prosesinin ilk günlərində iddialı çıxışları onların adının Əli Həsənov tərəfindən siyahıya salınması ilə bağlı olub. Lakin Ramiz Mehdiyev onların hamısının üzərindən xətt çəkib. Bundan sonra “dialoq müxalifəti”nin və hakimiyyətin nəzarətində olan medianın bəzi təmsilçiləri seçkidən imtina edib. Bu sırada ADP sədri Sərdar Cəlaloğlunun, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun, Azər Həsrətin adlarını çəkmək olar. Bəzilərinin isə namizədliyi qeydə alınmayıb.
Məlumatda həmçinin iddia olunur ki, Ramiz Mehdiyev Milli Məclisdə daha çox Rusiyaya meylli şəxslərin təmsil olunmasına cəhd edir.