Son günlər bəzi mətbuat orqanlarında Cəlilabad və onun icra başçısı haqqında ağılalmaz yazılar dərc olunur. Bu yazıların dərcinə diqqət yetirməmək və reaksiya verməmək də olar. Çünki bura həddindən artıq kritik bir bölgə olmaqla həmişə mətbuatın diqqət mərkəzində olub. Hələ sovetlər zamanında Cəlilabadda yetişən xalq hərəkatı o zamandan bu bölgəni Azərbaycan ictimaiyyətinin diqqət mərkəzinə çıxarıb və təsadüfi deyil ki, hazırda ölkənin intellektual camiəsində cəlilabadlı yazarların və intellektualların xüsusi ağırlığı var.
Cəlilabad medianın diqqətində
Mövzumuz bunda deyil. Heç onda da deyil ki, bura həm də Fərhad və Rafiq Əliyev qardaşlarının yurdu kimi tanınıb və onların zamanında Cəlilabad daha da Azərbaycan ictimai-siyasi fikrinin gündəminə gəlib. Fərhad və Rafiq Əliyev qardaşları bölgənin ictimai-mədəni-intellektual yükünü həm də siyasiləşdirdilər və Cəlilabad bu qardaşların hakimiyyətə gəlməsindən sonra Azərbaycanın idarə olunmasında da öz rolunu oynamağa başladı. Təbii ki, indi də bəzi önəmli kadların Cəlilabaddan olması, xüsusilə son illər rüşvətin qol götürüb «Qaytağı» oynadığı Dövlət Əmlak Məsələləri Komitəsinin sədri Kərəm Həsənovun bu bölgənin kuratoru kimi mətbu müstəviyə çıxması, onun qardaşı Malik Həsənovun rayondan deputat seçilməsi bölgəni bir daha ölkə mətbuatının gündəminə çıxarıb. Amma işlərin bu qırhaqırında bir məqam xüsusi cizgi ilə görünür – hər şey qalır bir tərəfdə, problemlər düyümlənir Cəlilabadın İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun üzərində. Bəzi media qurumları rayonda hər şeydən onu sorumlu tuturlar. Bəziləri isə hər şeyin Kərəm Həsənovdan, onun qardaşından asılı olduğunu vurğulayır, digər tərəfdən, bütün günahları Əziz Əzizovun üzərinə yıxırlar. Amma bilən bilir ki, rayonun idarə olunmasında son söz icra başçısının özünündür. Ona isə bircə ölkə prezidenti təsir edə bilər. Kərəm Həsənova və onun qardaşına gəlincə, onlar da prezidentin siyasətinin yerinə yetirilməsində yalnız Əziz Əzizova yardımçı olmalıdırlar. Amma…
İcra başçısı biznes qaravulçusu rolunda
Bir vaxtlar Fərhad Əliyevin himayəsində xırda fiqurlardan olan Kərəm Həsənov cənub bölgəsinin kuratoru olmaq iddiasındadır. Belə ki, cumhuriyyet.az-ın apardığı araşdırmalar onu göstərir ki, uzun müddətdir Cəlilabad rayonu Dövlət Əmlak Komitəsinin sədrinin kurasiyasındadır. Rayonun icra başçısı da Kərəm Həsənovun yaxın adamı və «sağ əli» olmaqla yanaşı, həm də komitə sədrinin rayondakı biznesinin rəhbəri kimi tanınır. Məlumat üçün onu da bildirək Cəlilabad Rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov əslən Cəbrayıl rayonundandır. O, vaxtilə taxıl biznesilə məşğul olub. Bu gün də Cəlilabaddakı məhsuldar torpaqlarda Kərəm Həsənova məxsus olan hektarlarla taxıl sahələrinin becərilməsinə şəxsən özü rəhbərlik edir. Maraqlıdır ki, Ə.Əzizov biznes təcrübəsinə də malikdir. O əvvəllər Bakıda karamel satışıyla məşğul olub. İndi isə icra başçısının Xırdalanda mərmər sexi var ki, rayonda aparılan abadlıq işlərində Xırdalandakı sexin tullantılarından istifadə edilir. Nəticədə dövlətin külli miqdarda pulu təmir adıyla mənimsənilir. Biznes sahəsində belə geniş təcrübəyə malik olduğundandır ki, Əzizov komitə sədrinin rayondakı və ətraf ərazilərdəki obyektlərinə də nəzarət edir. K.Həsənovun bölgədəki obyektləri isə kifayət qədər çoxdur.
Komitə sədrinin cənub imperiyası
Bir müddət öncə komitə sədrinin Cəlilabad rayonundakı üzüm sahələrini də ələ keçirərək burda xaricdən gətirilmiş avadanlıq hesabına şərabçılıq zavodu tikdirməsi haqda yazmışdıq. Bundan başqa, minlərlə baş mal-qara saxlanması, dəyirmanlar, çörək sexləri də komitə sədrinin biznes sisteminə aiddir. Bunlarla kifayətlənməyən komitə sədri Cəlilabadda, daha dəqiqi Bakı-Astara avtomagistralının üstündə – Qarazəncir kəndi yaxınlığında böyük bir makaron-vermişel fabriki tikdirdirdi. Mənbəmizin sözlərinə görə bu tikintiyə Kərəm Həsənovun əmisi oğlu, Cəlilabad və ətraf rayonlarda komitə sədrinin qeyri-rəsmi səlahiyyətli nümayəndəsi olan İlqar Həsənov rəhbərlik edir. Mənbəmiz həmçinin onu da bildirdi ki, bu fabrik «Ləzzət» adı altında makaron və digər bu kimi məhsulların istehsalı üçün nəzərdə tutulub. Kərəm Həsənovun cənub bölgəsində yaratdığı biznes sistemində xüsusi yeri isə restoranlar şəbəkəsi tutur. İstər Bakıda, istərsə də rayonlarda bahalı və geniş restoranlara sahib olan komitə sədrinin Bakı-Astara yolunun üzərində inşa edilmiş restoranları xüsusilə diqqəti cəlb edir. Məsələn, cənub istiqamətindəki magistiral yolun kənarında, ağacların ortasında inşa edilmiş «Karvan» restoranı Kərəm Həsənova məxsusdur. Amma bu da ilk və sonuncu iaşə obyekti deyil. Yol kənarında Kərəm Həsənovun daha bir neçə obyekti var. Cənub bölgəsindən Bakıya gələn avtobus və taksi sürücüləri ilə əldə edilmiş anlaşma nəticəsində onlar yol üstü dayanacaqlarını məhz bu restoranlara salırlar. Təbii ki, bunun qarşılığı da var. Həmin qarşılıq ondan ibarətdir ki, avtobus və taksi sürücüləri həmin restoranlarda istədikləri vaxt çörək yeyə bilərlər. Bu da onlara sərf etdiyindən adıçəkilən bölgədən gətirilən sərnişinlər «Karvan» və digər restoranlarda yemək yeməyə sövq edilir. Maraqlıdır ki, adıçəkilən restoranların Kərəm Həsənova məxsus olması burda çalışanlar tərəfindən də açıq şəkildə dilə gətirilir.
Prezidentin səfəri və cütlüyün arzuları
Kərəm Həsənovla Əziz Əzizovun işbirliyi yeni iddialara doğru irəliləməkdədir. Belə ki. Cəlilabad rayon İcra Hakimiyyətindəki mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə Ramazan bayramı öncəsi rayona səfər edən komitə sədri burdan icra başçısı ilə birgə çıxıb. Bu iki ittifaqın söhbətləri isə prezidentin bu günlərdə rayona planlaşdırılan səfəri və bu səfərin yüksək təşkili qarşılığında ölkə rəhbəri qarşısında təkliflə çıxış etmək istəyirlər: “Əziz Əzizov uzun müddətdir ki, Cəlilabaddan başqa rayona transfer etmək niyyətindədir. Onun istəyi biznesinun yerləşdiyi Abşeron rayonu olsa da, himayədarı Kərəm Həsənov hazırda bu rayonun rəhbərinin “boss”u olan Bəylər Əyyibova qalib gəlmək gücündə olmadığından həmin arzu təxirə salındı. İndi isə Ə.Əzizovun yeni, daha gəlirli rayona rəhbər təyin olunmaq həvəsi K.Həsənovun cənub regionundakı maraqları ilə üst-üstə düşüb.
“Mənbənin anaxeber.info bildirdiyinə görə Əziz Əzizovun Lənkəran rayonuna göndərilməsi ilə bağlı prezidentdən xahiş olunacağı gözlənilir: “Bu məsələ artıq o qədər geniş yayılıb ki, K.Həsənovun digər bir oliqarxın rayonuna müdaxilə etməsi əks effekt yaradıb və qarşı tərəf təbliğat müharibəsinə başlayıb. Son günlər mətbuatda Ə.Əzizovun adının tez-yez hallanması da bununla bağlıdır. Hətta prezidentin səfəri zamanı Həsənov-Əzizov cütlüyünün xoşagəlmz sürprizlə üzləşəcəyi də istisna deyil”