Sülhəddin Əkbər: «Dağıstanda yerləşən və IŞID sıralarına qoşulan Qafqaz Əmirliyi silahlı birləşməsi Xəzərdə, Rusiyada terror aktları törədə bilər»
Suriyada IŞID terrorçu qruplaşmasının mövqelərinə Xəzər dənizindən raket zərbələri endirən Rusiya gəmisinə ikinci dərəcəli kapitan, azərbaycanlı Vüsal Miriyev rəhbərlik edib.
ANS PRESS-in məlumatına görə, oktyabrın 7-də Xəzər donanmasının 4 raket gəmisi IŞID terrorçularının 11 hədəfinə 26 qanadlı raket zərbəsi endirib.
Raket zərbələri endirən gəmilər arasında “Dağıstan” raket gəmisi də olub. Bu gəminin komandiri azərbaycanlı, ikinci dərəcəli kapitan Vüsal Miriyevdir.
O, 1978-ci il avqustun 27-də Azərbaycanın Səfikürd kəndində anadan olub. 1996-cı ildən Rusiya Silahlı Qüvvələrində xidmət edir. Vüsal Miriyev 2002-ci ildə Fyodr Fyodoroviç Uşakov adına Baltik hərbi-dəniz institutunu başa vurduqdan sonra Xəzər donanmasında xidmət etmək üçün göndərilir.
Vüsal Miriyev 2002-ci ildən 2005-ci ilədək Xəzər donanmasında raket gəmisində komandir köməkçisi kimi xidmət edir. 2005-ci ildən 2010-cu ilədək isə həmin gəminin komandiri olur. Miriyev 2010-cu ildə “Tatarıstan” gözətçi gəmisinin, daha sonra isə “Dağıstan” raket gəmisinin komandiri təyin edilib.
2013-cü il avqustun 13-də Rusiya və Azərbaycan prezidentləri Vladimir Putinlə Ilham Əliyev “Dağıstan” raket gəmisinə baş çəkib. Dövlət başçılarına gəminin komandiri təqdim edilib. Komandirin azərbaycanlı Vüsal Miriyevin olması isə prezident Ilham Əliyev üçün xoş təsir bağışlamışdı.
Bəs, IŞID-in Xəzər dənizindən vurulması və zərbə endirən gəmilərdən birinə azərbaycanlının başçılıq etməsi ölkəmizin maraqlarına hər hansı təhlükə yarada bilərmi? IŞID-in uzaq mənzilli raketləri olmasa da, terror təşkilatının Azərbaycanda terror törətmək imkanları ola bilər.
sulheddin
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirdi ki, Rusiyanın Suriyaya hava zərbələri endirərkən hansı sektordan istifadə etdiyi tam məlum deyil. S.Əkbərin fikrincə, bu ya neytral sular, ya da Iran sektoru ola bilər. IŞID-in mövqelərinə vurulan zərbələrin milliyyətcə azərbaycanlı olan şəxsin rəhbərlik etdiyi gəmidən endirilməsinə gəlincə isə, S.Əkbər vurğuladı ki, miliyyətindən asılı olmayaraq rus ordusuna xidmət edən rus əsgəri sayılır. Onun milliyyətinin baş verənlərə aidiyyəti yoxdur.
IŞID-in Xəzərdən endirilən zərbələrə hansı formada cavab verməsinə gəlincə, S.Əkbər hesab edir ki, Rusiya Suriyaya müdaxilə edəndən sonra IŞID-in əsas hədəfinə çevrilib. “IŞID-in Xəzərdən endirilən zərbələrə cavab vermək üçün uzaq və ya orta mənzilli raketin olmasına ehtiyac yoxdur. Çünki Dağıstanda yerləşən 15 min üzvü olan Qafqaz Əmirliyi silahlı birləşməsi bir neçə ay bundan əvvəl IŞID sıralarına qoşulub. Əgər IŞID-dən göstəriş gələrsə, bu qruplaşma Rusiya ərazisində, Mərkəzi Asyada, o sıradan Xəzərdə terror aktları törədə bilər”.
Xəyal