İcra başçısından Qarabağ əlilinə “kişilik dərsi”

10-10-2015, 09:59   
İcra başçısından Qarabağ əlilinə “kişilik dərsi”

Məmurların torpaqları işğal etməsi kişilikdir?

Axırı, Nizami RIH-in qapıları üzümüzə açıldı. Yeni başçı, köhnə bələdiyyə sədri Arif Qasımovun Vaqif adlı işçisi bir gün qabaq gizlin nömrədən zəng edib, müraciətim əsasında başçının qəbuluna dəvət edildiyimi deyəndə, ertəsi gün saat 12-də qəbul otağında oldum.

Başçı rayonu yaxşı tanıdığından qısaca ƏƏSMN-in keçmiş, RIH-in hazırkı şöbə müdiri Əli Axundovun on illərdir tənqidə görə təqibindən, bütün hüquqlarıma, məhkəmə təminatı hüququma da qadağa qoymasından danışdım. Başlıca diləyimin 15 ildən çox istifadəmdə olan “Su səsi” şadlıq sarayının arxasındakı torpağın rayon sakini olmayan şəxsə satılaraq yaşıllığın məhv edilməsi, yerində qanunsuz obyekt tikilməsi olduğunu diqqətə çatdırıb, həmin torpaq sahəsinin adıma sənədləşdirilməsi oldu. Nizami RIH-in borclu olduğu məhkəmə aktının 5 ildir tələbkar kimi məndən gizlədilməsindən də söz açdım. Başçı torpağa dair hüququmu təsdiqləyən sənədi soruşanda “Torpaq islahatı haqqında” qanunun 14 və 19, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 9 və 13 maddələrini diqqətə çatdırdım. RIH-in xanım işçisi köhnə bələdiyyə sədrinə torpaq hüququmdan “dərs” verib “izah-təfsir” etdi ki, həmin qanunlarla təsbit olunan torpaq hüququ yalnız mənzili olmayan Qarabağ əlillərinə şamil olunur(??). Rəhmətlik Murtuz müəllim sağ olsaydı, bu təfsirin “helmiliyini” bunlara başa salardı. Təbii ki, başçı buna reaksiya vermədi və “kişilik dərsi”nə keçdi. Sən demə, torpaq hüququnu tələb etməklə başqasının torpağına göz dikmişəm(??). Rayonda heç parklarda da torpaq qoymayıblar, hamısını özlərinə qarın obyektinə çeviriblər, indi Qarabağ əlilinin torpaq hüququnu kişilikdən qıraq addım sayırlar. Ay gidi dünya! Kişiliyimin də, namus-qeyrətimin Azərbaycana bəlli olduğunu deyəndə, “icra kişisi” arxamda kimin dayandığını soruşdu. “Qanun, Konstitusiya” cavabını alanda isə torpağı kimə alıb satacağımı dəqiqləşdirdi. Belədə deyiblər, hərə öz ağlı ilə düşünür, arşını ilə ölçür.

Nə isə, qəbuldan növbəti “kontuziya” altında çıxdım. Vətən, HƏYAT torpağı uğrunda aldığım kontiziyaya HƏYƏT torpağı savaşının kontuziyası əlavə olundu. Amma başçının sözü doğrudan da ibrətamizdir: KIŞI BAŞQASININ TORPAĞINA GÖZ DIKMƏZ! Ibrət götürən olsa…

Ermənilər Qarabağda, məmurlar Bakıda torpağımıza xain gözlərini dikib işğal ediblər. Heç biri də çıxmaq fikrində deyil. “LAZIM” da gəlmir. Bu nə kişilikdir, görən?
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.