Tiflisdən Bakıya heyrətamiz qaz şantajı – şok gəlişmə

12-10-2015, 10:30   
Tiflisdən Bakıya heyrətamiz qaz şantajı – şok gəlişmə

Gürcüstandan Rusiyaya doğru qəfil “U” donuşü; NATO-ya can atan qonşumuzun Moskvaya qəfil üz çevirməsinin səbəbi; qonşu ölkənin Kremldən öz energetik asılılığını artırmaq istəyi hansı zərurətdən doğub? Qaribaşvilinin qəribə Azərbaycan səfərinin arxasındakı sirr pərdəsi və Tiflisdə “işğalçı qazı” əleyhinə aksiya...

Olduqca mürəkkəb dönəmdən keçən Gürcüstan-Rusiya münasibətlərində ötən həftəsonu sensasion sayıla biləcək, Azərbaycanın da maraqlarına bilavasitə toxunan hadisə baş verdi. Ölkənin energetika naziri Kaxi Kaladzenin açıqlamasından bəlli oldu ki, rəsmi Tiflis, sən demə, neçə vaxtdır Rusiyanın monopolist “Qazprom” şirkəti ilə anlaşma içindəymiş.

Məsələ ondadır ki, Gürcüstanın əsas qaz təminatçısı Azərbaycandır və indiyədək SOCAR-la yerli hökumət arasında heç bir anlaşılmazlıq olmayıb. Hətta şirkət gürcülərə qazı daha ucuz satır, nəinki öz əhalimizə. O üzdən qonşumuzun bu sirli gedişi Bakı üçün ikiqat gözlənilməz olub. Kaladzenin açıqlamasının ertəsi günü baş nazir İrakli Qaribaşvilinin tələm-tələsik Azərbaycana gəlməsi, Bakıda prezident İlham Əliyevlə üç saatlıq (!!) danışıq aparması bu xüsusda boşuna sayıla bilməz.

Səfərin qəfilliyi və 3 saat sürməsi, sözsüz ki, müzakirə edilən məsələnin ciddiliyinə işarədir. Mövzunun məhz qaz məsələsi ilə əlaqəli olduğunu həm də ondan görmək olar ki, Qaribaşvilini Bakıda, hava limanında məhz energetika naziri Natiq Əliyev qarşılayıb.

***

Belə görünür, gürcü baş nazir qonşuluq əlaqələri üçün tamamən qeyri-standart olan son addımın ölkəmizdə haqlı narahatlıq və suallar doğuracağını bildiyi üçün, bir növ, operativ şəkildə Bakının könlünü almağa çalışıb, görüş izahat vermək xarakteri daşıyıb. Çünki iqtisadçı ekspertlərə görə, “Qazprom”la sövdələşmə bütün hallarda SOKAR-ın Gürcüstanın qaz bazarındakı payının aşağı düşməsinə gətirəcək.



Hərçənd, Qaribaşvilinin səfər öncəsi onun müavini, Rusiya ilə əlaqələri kurasiya edən Zurab Abaşidze Azərbaycanı sakitləşdirmək üçün bəyan edib ki, söhbət sırf kommersiya danışıqlarından gedir və istənilən halda Azərbaycan Gürcüstanın əsas qaz ixracatçısı kimi qalacaq. Qalmağına qalacaq, ancaq hansı səviyyədə - məsələ bundadır.

***
Təbii ki, bu kimi açıqlamalar nə baş verdiyinə aydınlıq gəlməsi üçün yetərli deyil. Sual ortaya cıxır: 2008-ci ildəki “5 günlük müharibə”dən, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin Rusiya tərəfindən birtərəfli şəkildə tanınmasından və dərhal hərbiləşdirilməsindən sonra rəsmi Tiflisin “işğalçı” adlandırmaqdan yorulmadığı, diplomatik əlaqələri dərhal kəsdiyi Rusiyaya qarşı bu qəfil jesti nəyə hesablanıb? Axı, cəmi ayarım öncə Cənubi Osetiyadakı rus qoşunlarının Bakı-Supsa neft kəmərinin bir hissəsinə nəzarəti ələ keçirməsi ilə Moskva üstəlik, Gürcüstanı kəmərlərlə hədələmiş, paralel olaraq Qərbi, Azərbaycanı da şantaj eləmişdi.



Bunun ardınca kontur-tədbirlər kimi Tiflis NATO-ya, Avropa Birliyinə inteqrasiya layihələrinə diqqəti daha da artırdı, Gürcüstanda NATO-nun təlim mərkəzi açıldı. Elədirsə, NATO-ya, Avropa Birliyinə ciddi cəhdlə can atan bir postsovet ölkəsinin onun ərazisinin bir hissəsini rəsmən işğal eləmiş Rusiyaya qəfil reveransı nə ilə ilgili ola bilərdi? Bəlkə Kremlin Gürcüstana qarşı hansısa yeni işğalçılıq planı haqda Tiflisdə səhih informasiya var və bu yolla o, Kremlin aqressiyasını azaltmaq istəyir?

Çətin. Çünki Ukrayna böhranından hələ də çıxa bilməyən, Suriyaya başı qarışan Rusiyanın növbəti bir avantüraya gedəcəyi inandırıcı deyil. Bəs motiv nədir? Bəlkə hazırda dünyaya güc nümayiş etdirmək istəyən, “qılıncının dəstəyi də kəsən” proqnozlara yatmaz Putindən ənənəvi çəkingənlik hissidir bu addıma rəvac verən?

Suallar hələlik yetər.

***
Bəzi ehtimallara görə, son qaz gedişi rusiyameylli keçmiş baş nazir Bidzina İvanişvilinin son parlament seçkilərində hakimiyyəti ələ almış “uşaqlarının” Rusiya ilə yaxınlaşmaq planlarının tərkib hissəsidir. Bu ehtimalı “Qazprom”la anlaşmaya qarşı Tiflisdə keçirilən etiraz aksiyası əslində doğrulayır. Müxalifətçilər hesab edir ki, Gürcüstanın hazırkı hökuməti ölkənin enerji müstəqilliyini itirmək istiqamətində addımlar atır.



İvanişvilinin biznes-mərkəzi qarşısında keçirilən aksiyada səslənən şüarlara diqqət edin: “Rusiyanın qaz işğalına yox!”, “İşğalçı heç vaxt bizi qızdırmayacaq!”, “İvanişvili ”Qazprom"un agentidir!" və s.

“Biz yaxşı xatırlayırıq ki, 2006-cı ildə, Yeni ilə bir neçə gün qalmış Moskva qazı kəsdi və Gürcüstan əhalisini qazsız qoydu. Əminəm ki, başqa hallarda da Moskva bizə təzyiq eləmək üçün eyni cür hərəkət edəcək” - deyib etirazçı-müxalifətçilərdən biri. O da bəlli olub ki, “Tabula” teleşirkəti və eyni adlı jurnalı oktyabrın 17-də “Qazprom - azadlığın qaz kamerasıdır!” şüarlı ilə etiraz aksiyası keçirəcək.

***
Göründüyü kimi, situasiya Tiflis rəsmilərinin təqdim elədiyi qədər sadə deyil. Az sonra dəqiq bilinəcək, bu siyasi gedişdi, yoxsa sırf energetik-kommersiya maraqlarla, daha ucuz qaz almaqla bağlı məsələdir.



Şübhə yox ki, Tiflisin Bakıya qarşı belə qəfil “U” gedişi, daha doğrusu, Azərbaycanı fakt qarşısında qoymaqla edilən qaz şantajı Qərbdə - Avropa Birliyi və ABŞ-da da ən azından, məyusluqla qarşılanacaq. Niyə? O səbəbə ki, Qərb, Avropa həm özünün, həm də müttəfiqlərinin və Gürcüstan daxil, tərəfdaş ölkələrinin Rusiyadan energetik asılılığını azaltmağa çalışır, nəinki əksinə.



NABUCCO, Transxəzər qaz kəməri layihələri məhz bu hədəfə hesablanıb. Çünki energetik asılılıq gec-tez siyasi asılılığa və müstəqilliyin itirilməsinə gətirir. Ermənistan nümunəsi görkdür. Belə bir durumda - işğalçı Rusiyaya qarşı Qərbin sanksiyalarının hələ ki, zəruri effekt vermədiyi, ABŞ və Avropanın bu sanksiyalara daha çox ölkəni qoşmağa səy elədiyi, habelə Azərbaycan, Türkmənistan, İran və başqa ölkələr hesabına Rusiya qazından və hətta neftindən imtinanın yollarını aradığı zamanda Tiflis hökumətinin Moskva ilə separatçı qaz sövdələşməsinə getməsi sanksiyaların fəlsəfəsinə kölgə salmaqla yanaşı, eyni zamanda anlaşılmır. Axı, hər necə olmasa, Gürcüstanın özü bilavasitə Rusiyanın təcavüzünə məruz qalan ölkədir.

Vaxtilə gürcü xalqını donmaqdan xilas edən Azərbaycanı incitmək də öz yerində.

Siyasət şöbəsi musavat.kom
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.