Xaricdən müşahidəçi gətirmək öhdəliyi və seçicilərlə izdihamlı görüşlər
Azərbaycan hakimiyyətinin seçki ilə bağlı gizli planı barədə redaksiyamıza yeni məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, bu planda parlament seçkilərinə legitimlik donu geyindirmək nəzərdə tutulur.
Iqtidardakı mənbənin sözlərinə görə, ATƏT və Avropa Parlamentinin seçkilərə müşahidəçi göndərməməkdə israr etdiyini görən hakimiyyət Milli Məclis, Xarici Işlər Nazirliyi və Mərkəzi Seçki Komissiyası qarşısında seçkilərə xaricdən müşahidəçi gətirmək öhdəliyi qoyub. Bu yerdə qeyd edək ki, hakimiyyət öhdəlikləri yerinə yetirmədiyinə görə ATƏT və Avropa Parlamenti Azərbaycandakı seçkilərə müşahidəçi göndərməkdən imtina edir. Bu isə parlament seçkilərinin legitimliyinin bəribaşdan şübhə altına alınması deməkdir.
Doğrudur, Avropa Şurası müşahidəçi göndərir, lakin bu qurumun seçkiləri qiymətləndirmə mandatı yoxdur. Yəni, Avropa Şurası müşahidəçilərinin rəyi böyük əhəmiyyət kəs etmir. Ona görə də hakimiyyət Avropa Şurasının müşahidəçilərilə qane olmaq istəmir. Hətta bəzi iddialara görə, iqtidar Avropa Şurasından gələn müşahidəçilərin də seçkilərlə bağlı müsbət rəy verəcəyinə şübhə ilə yanaşır.
Məlumatda deyilir ki, adıçəkilən qurumlar Qərbdən müşahidəçi gətirməyə mükəlləf ediliblər. Hazırda bu istiqamətdə ciddi səylər göstərilir.
Bundan başqa hakimiyyət YAP-çı namizədlərə seçicilərlə görüşlər keçirməyi tapşırıb. Bu görüşlərdə kütləvilik maksimum həddə olmalıdır. Hakimiyyət bununla rəy yaratmaq istəyir ki, müxalifət seçkini boykot etsə də, əhalinin seçkilərə ciddi marağı var və hakimiyyətin namizədini dəstəkləyirlər.