Ağdamda ört basdır edilən ölüm işi

13-10-2015, 00:25   
Ağdamda ört basdır edilən ölüm işi

Bu günlərdə Ağdam rayon Qərvənd kənd sakini məcburi köçkün, hazırda Ağdam rayon Quzanlı qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün inşa edilmiş düşərgədə məskunlaşmış Bəhruz Aslanovun müsahibəsi dərc edilmişdir. “Ağdam səhiyyəsi və prokurorluğunun ortaq əməli: ölüm işi necə batırılır?” başlıqlı həmin yazımızda Bəhruz Aslanov atası mərhum Nuşiravan Aslanovun həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişdiyini iddia edirdi. Bildirək ki bu olayı cumhuriyyət. az olaraq hadisə yeni baş verən ərəfələrdə də dərc etmişdik.
Oxuculara bir daha xatırladaq ki, hadisə bu ilin iyul ayının 24-dən,25-nə keçən gecə baş verib. Belə ki, mərhum Nuşirəvan Aslanovun gecə saat 12 radələrində qəfləti qan təzyiqi qalxmış və halı kəskin dərəcədə pisləşmişdir. Ailə üzvləri Ağdam rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım mərkəzinə zəng etsələr də aradan bir saat vaxt keçməsinə baxmayaraq çağırışa heç kim gəlməmişdir. Məcburiyyət qarşısında qalan ailə üzvləri mərhumu şəxsi avtomobilindən istifadə etməklə tibbi yardım mərkəzinə aparmışlar. Ailə üzvləri və xeyli şahidlər bunu təsdiq edir ki,həmin vaxt məntəqədə növbətçi həkim Nadir Xudiyev olmamışdır. Orada olan tibb bacıları qeyd ediblər ki,həkimin harada olmasını bilmirlər. Burada bir sual yaranır,əgər növbətçi həkim hansısa çağırışda olsaydı mütləq onun harada olmasını tibb bacıları bilməli idilər. Bəs harda olub? Deməli işinə səhlənkar yanaşıb. Ailə üzvləri Nadir həkimin əl telefonuna zəng etmələrinə baxmayaraq məntəqəyə gec,təxminən 45-dəqiqədən sonra gəlib. Onun gəlişində xəstənin halı pis olsa da ancaq o hələ nəfəs alırmış.
Xəstənin ailə üzvlərinin təkidlərinə baxmayaraq, həkim xəstəyə hər hansı yardım etməyib. Deməli, həkim bu işinə görə məsuliyyət daşıyır. Sonradan həkim etiraf edib ki, onda tibbi yardım üçün lazım olan dəva-dərman pereparatları yoxdur. Niyə yoxdur? Hara getdi bu qədər iynə-dərman? Bircə məsələni xatırlatmaq istəyərdik. Səhiyyə naziri Oqtay Şirəliyev 2014-cü ildə Bərdə şəhərində vətəndaşları qəbul edərkən onlara belə bir sözü əminliklə bildirmişdir. Nazir qeyd etmişdir ki, Ağdam rayonu düşmənlə təmas xəttində yerləşdiyinə görə buradakı tibb mərkəzləri dəva-dərmanla 200 % təmin olunur. Bəs sual olunur. Cənab nazir, hardadı sizin Ağdam səhiyyəsi üçün ayrdığınız zəruri tibbi ləvazimatlar? Cənab nazir niyə baş həkim Gülnar Abbasovadan soruşmursunuz ki, neyləmisən bu qədər iynə-dərmanları? Niyə baş həkimdən soruşmursunuz ki, sizin rəhbərlik etdiyiniz müəssisədə nəyə görə tez-tez ölümlər olur? Cənab nazir, niyə xanım baş həkimdən soruşmursunuz ki,təcili tibbi yardım üçün ayrılmış avtomobillərin sürücüləri haradadır, niyə çağırışa getmirlər? Baş həkimdən xəstəxana üçün ayrılmış yanacağın hara sərf edildiyini soruşmaq lazımdır. Cənab nazir,baş həkimdən soruşmaq gərəkir ki, xəstəxanadakı ölü canlar kimlərin qohum-əqrabalarıdır. Cənab nazir,baş həkimdən soruşmaq lazımdır ki, hazırda bütün işçi kontinigentindən yığdığı dəyəri yüz minlərlə ölçülən maliyyə vəsaiti kimə və hansı əsasla yığılır? Nəhayət cənab nazir,dövlət başçısı cənab İlham Əliyev sizə çox dəyər verir. Bilirsiniz ki,regionlarda baş verən bu kimi hallar sizin dövlət başçısının yanındakı imicinizə nə qədər zərbə vurur?
İkinci məsələ ondan ibarətdir ki,rayon maliyyə idarəsi xəstəxanada yoxlama aparıb və hər şeyin qaydasında olduğunu bildirib. Bu məsələdə mərhumun ailə üzvləri təkid etsələr də ki, yoxlamada bizim də iştirakımız təmin olunsun,ancaq buna imkan verilməyib. Sonradan mərhumun yaxınları bu yoxlamanın nəticəsinə etiraz əlaməti olaraq,maliyyə nazirliyinə şikayət məktubu ilə müraciət ediblər. Şikayətə uyğun olaraq,maliyyə nazirliyi Ağdam rayon mərkəzi xəstəxanasında yenidən əsaslı yoxlamlara başlayıblar. Yoxlama nəticəsində xəstəxanada xeyli çatışmamazlıqlar aşkar olunub. Burada bir sual da meydana çıxır. Ağdam rayon maliyyə idarəsi dövlətin malliyyə imkanlarının qorunması və ünvanlı istiqamətdə sərf edilməsinə xidmət etməlidir,yoxsa büdcənin dağıdılmasına göz yummalıdır?Əgər qeyri-qanuni işlərə,göz yumacaqdınızsa onda hansı haqla dövlətin adından,düzgünlükdən danışa bilərsiniz?Burada bir sual da nazir Samir Şərifova ünvanlanmalıdır. Cənab nazir,siz ölkənin maliyyə təhlükəsizliyinə birbaşa nəzarət etməli fiqursunuz. Bu üzdən xeyli məsələlərdə cənab prezident sizə inanır və daha uğurlu nəticələr gözləyir. Cənab nazir,ölkəmiz üçün maliyyə vəsaitlərinin olduqca vacib olduğu dönəmdə,nədən Ağdam rayon maliyyə idarəsi sizi və dövlətin ayrı-ayrı instansiyalarını aldadır? Əgər yerli maliyyə idarəsinin yoxlaması ortaya ciddi qanun pozuntuları qoymamışdısa,onda nazirliyin təkrar maliyyə yoxlaması bunca qanunsuzluqları haradan aşkar etdi?Cənab nazir,hesab etmirsinizmi ki,artıq yerli təşkilatınız sizi və dövləti aldatmaqla məşğuldur? Deməli onların burada marağı var. Bu marağın nədən ibarət olmasını lütfən özünüz araşdırın.
Üçüncü məsələ. Hadisənin necə və hansı səbəbdən baş verməsi rayon prokurorluğunun köməkçisi Babək Paşayevin gözləri önündə baş verib. Bu işin istintaqına da hörmətli Babək Paşayev cavabdeh olub. Ancaq sonda,maliyyə nazirliyinin də aşkarladığı qanunsuzluqlar da daxil olmaqla işə Ağdam prokurorluğu tərəfindən xitam verilib. Burada növbəti sualı Azərbaycan respublikasının baş prokuroru cənab Zakir Qaralova ünvanlamaq yerinə düşərdi. Cənab baş prokuror,prokurorluq orqanları ölkədə qanunların ali icra mexanizminə nəzarət edən bir qurumdur. Sizin Ağdam rayonundakı kadrlarınız baş vermiş ölüm işinin motivini dəyişərək onu xitam ediblər. Hadisə vaxtı mərhumun meyiti müayinə olunmayıb,hazırda rayon prokurorluğunun qərarı mərhumun ailə üzvləri tərəfindən sərt şəkildə etirazla qarşılanır. Cənab baş prokuror,yəqin ki,istəməzsiniz ki,rəhbərlik etdiyiniz qurum haqqında cəmiyyətdə mənfi fikir formalaşsın. Burada mərhum prezident H. Əliyevin bir fikrini qeyd etmək lap yerinə düşərdi. Mərhum dövlət başçısı deyirdi. Dövlət onda sarsılır ki,günahsız həbsxanada,günahkar isə azadlıqda olur.
Dördüncü məsələ. Bu məsələ ilə bağlı cumhuriyyət. az olaraq dərc etdiyimiz birinci yazıda şikayətçi Bəhruz Aslanovun şikayət etdiyi qurumlar yalnız rayon prokurorluğu və rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım mərkəzidir. Yazıda ayrı-ayrı qurumlar və onların rəhbərləri haqqında informasiyaları,rayon xəstəxanasındakı,rayon təhsilindəki və icra hakimiyyətindəki mənbələrimizdən almışıq. Ağdamda olduğumuz vaxt xeyli rayon sakinləri ilə söhbətləşib,bir sıra məmurlara münasibət və rayondakı vəziyyətlə bağlı monitorinq aparmışıq. Bütün bunlar haqqında növbəti yazılarımızda dəyərli oxucularımızı bilgiləndirəcəyik. Ardı var.
Redaksiyadan: Yazıda adları keçən təşkilatlar və rəhbər şəxslərin mövqeyini də dərc etməyə hazırıq. Cumhuriyyət. az olaraq,qeyd etmək istəyirik ki,dövlət başçısının ölkədə rüşvət və korrupsiyaya qarşı mübarizədə kiv-in və vətəndaş cəmiyyətinin fəal olması ilə bağı müraciətini olduqca dəyərləndirir və bu kompaniyaya təmənnasız qoşulduğumuzu bildiririk. Aldığımız və ictimailəşdirdiyimiz bütün informasiyaları ölkə konstitusiyası və kiv haqqında qanunlara əsaslanarq dərc edirik.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.