Ziya Məmmədovu bitirən şok səbəb - “siyasi xəyanət”

13-10-2015, 09:32   
Ziya Məmmədovu bitirən şok səbəb - “siyasi xəyanət”
Məmmədovlar klanını qara günə Ağ Ev iddiası qoyub; ABŞ-da prezident seçkilərinin ilkin mərhələsi başladıqdan sonra nazir və oğlu Azərbaycan iqtidarını şərikləri olan Donald Trampa həm maddi, həm də siyasi dəstək verməyə razı salmaq istəyib; Məmmədovların niyə uzaq Amerikada olan seçkilərlə bu qədər ciddi maraqlanmasının səbəbi üzə çıxdıqda isə...

Nəqliyyat naziri Ziya Məmmədovu hakimiyyətin qəzəbinə gətirən səbəblər haqda “Yeni Müsavat”a daha bir sensasion məlumat daxil olub. Xəbərə görə, nazirin “vurulması” heç də Nəqliyyat Nazirliyindəki maliyyə maxinasiyaları ilə bağlı deyilmiş. Həqiqətən də 13 ildir nazir olan Z.Məmmədov bu illər ərzində iqtidarla işini “zərgər dəqiqliyi” ilə görməyə çalışıb. Mənbə deyib ki, onun qəfil “ilişməsi” və bütün yollarının bağlanmasına əsl səbəb Məmmədovların siyasi ambisiyaları imiş.

Həm Heydər Əliyev iqtidarı, həm də İlham Əliyevin prezidentliyi dönəmində hakim komandada yanlış davranış sərgiləyənlərə, hətta müxalifətə maliyyə dəstəyi verənlərə münasibətdə güzəşt olub - belələri canlarını vəzifələrini itirməklə qurtara biliblər. Lakin bu iqtidarlar onun arxasından iş çevirərək, siyasi xəyanət yolunu tutanları heç vaxt bağışlamır. 2005-ci ildə iki nazirin kabinetində qandallanması buna sübutdur. Prezident İlham Əliyev onlardan biri - sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin həbsi ilə bağlı danışarkən onu yanına çağırdığı və siyasi xəyanətlə bağlı söhbət etdiklərini açıqlamışdı. Prezident demişdi ki, F.Əliyev faktları təkzib etmiş, hətta Qurana and içmişdi. Amma hakimiyyət F.Əliyevin gərək ki, Amerika səfiri ilə (və Rəsul Quliyevlə) təmasları barədə təkzibolunmaz faktlara sahib idi və bu səbəbdən nazir 9 il (2005-2014) həbsdə yatmalı oldu. Əslində korrupsiyada deyil, “siyasi xəyanətdə” ittiham olunan Əli İnsanov isə hələ də həbsdədir...

Məlumatda deyilir ki, Ziya Məmmədovu bitirən səbəb onun oğlunun amerikalı şəriki, daşınmaz əmlak və kazino maqnatı, milyarder Donald Trampla ilişkiləridir. Məlumdur ki, Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmaq istəyən 16 nəfər sırasında Donald Tramp da var. Tramp gözlənilmədən çox uğurlu kampaniya aparır və partiyadaxili praymerzlər onun gələn il keçiriləcək prezident seçkisində respublikaçılardan ən şanslı namizəd olacağını göstərir. Trampın hazırkı yüksəlişinin arxasında onun xarizmatik personası, liderlik qabiliyyəti, özünəməxsus stili və ən başlıcası, Amerika cəmiyyətində tanınması böyük rol oynayır.

Donald Trampın adı Azərbaycanda nəqliyyat nazirinin oğlu Anar Məmmədovun ortağı kimi məşhurdur. Bakının Nərimanov rayonunda, Heydər Əliyev Mərkəzinin bir addımlığında tikilmiş mehmanxana-apartament əvvəl “Baku Towers” adlansa da, sonradan Məmmədovların amerikalı milyarder şərikinin istəyi ilə “Trump Towers” olaraq dəyişib.



Maliyyə sənədlərində A.Məmmədovun hotelini idarə etmək üçün “THC Baku Hotel Manager Services LLC”, “THC Baku Hotel Manager Services Member Corp.” , “THC Baku Services LLC” və “THC Baku Services Member Corp.” adlı şirkətlər təsis edilib. Həmin şirkətlərin ikisində Donald Tramp 100 faiz, ikisində isə 99 faiz paya malikdir. Xəbərlərə görə, Məmmədovların Trampla başqa şərikli biznesləri də var.



Bir müddət əvvəl ABŞ-dakı nüfuzlu “Mother Jones” jurnalı “Donald Tramp mübahisəli azərbaycanlı oliqarxla ortaq biznes qurub” başlıqlı araşdırma dərc edərək, onu “öz vəzifəsindən ailəsinin varlanması üçün istifadə etməkdə ittiham olunan Azərbaycan hökumət məmurunun oğlu ilə əməkdaşlıq”da suçlamışdı. “Mother Jones” yazırdı ki, Tramp adının bu hoteldə istifadə edilməsinə və layihə ilə bağlı təcrübəsinə görə sərfəli komission qazanıb. ABŞ prezidentliyinə iddiaçı kimi bu yaxınlarda açıqladığı maliyyə hesabatına əsasən, Donald Tramp ən azından ötən il Bakıdakı hotellə bağlı işlərə görə Məmmədovlardan 2,5 milyon dollar alıb.
Bir neçə ay əvvəl milyarderin qızı, “The Trump Organization”in vitse-prezidenti İvanka Tramp da Bakıda olmuşdu və tikinti meydançasına şəxsən baş çəkmişdi. Hotel hələ bu ilin may ayında açılışa hazırlansa da, bu açılış ləngidi. Hələ o zaman belə iddialar vardı ki, hotelin açılışının ləngiməsi amerikalı milyarderin personası ilə bağlı ola bilər. Ehtimal olunurdu ki, iqtidar Ağ Ev sahibi Barak Obamaya müxalifətdə olan Respublikaçılar Partiyasının üzvünün Bakıda mehmanxana açmasını Vaşinqtonla münasibətlərin daha da gərginləşə biləcəyi səbəbindən ertələyə bilərdi.

Amma Məmmədovlar ətrafında baş verən son proseslər, A. Məmmədovun 2011-ci ildə yaratdığı və böyük piar kampaniyası apardığı Amerika-Azərbaycan Alyansının bir gecədə müəmmalı şəkildə bağlanması “siyasi xəyanət” iddiasını inandırıcı edir. Eyni zamanda bu yerdə onu da vurğulamaq lazımdır ki, nazir oğlu bu təşkilat vasitəsilə çoxmilyonlu vəsaitlər mənimsəyib və “maliyyə xəyanəti”nə də yol verib.

Məlumata görə, ABŞ-da prezident seçkilərinin ilkin mərhələsi başladıqdan sonra nazir hakimiyyətdən Trampa dəstək almağa çalışıb. Məmmədovlar iqtidarı Trampa həm maddi, həm də siyasi dəstək verməyə razı salmaq istəyib. Bu işdə daha çox fəallığı isə A.Məmmədovun etdiyi iddia olunur. Bu məsələdə artıq israr etməyə başlayan Məmmədovlar dövlətin mühüm təsisatının qərarını gözləmədən bu dəstəyi öz xətləri ilə etməyə başlayıblar.



O zaman da şübhələr yaranıb ki, hakimiyyətdə yüksək mövqe tutan Məmmədovlar niyə uzaq Amerikada olan seçkilərlə bu qədər ciddi maraqlanırlar? Yəni səbəb yalnız şəriklikdirsə, Trampun Məmmədovların parasına və ya dəstəyinə niyə bu qədər ehtiyacı olsun ki? Üstəlik, Azərbaycan hakimiyyəti Amerika prezidentliyinə namizədlərdən kiməsə dəstək verərsə, niyə bunu Məmmədovların əli ilə etsin ki?

Sensasion məlumat budur ki, Məmmədovlar təbii ki, Trampun Ağ Evə sahiblənəcəyi təqdirdə (bu ehtimal çox az da olsa, var) Azərbaycanda daha da qüdrətlənəcəklərini proqnozlaşdırıblar. Bəlkə də onlar üçün hansı əlavə imkanların yaranacağı barədə eyforiyaya da qapılıblar. Nəticədə siyasi savadı və proseslərə çox da dərin yanaşması olmayan ata-oğul Məmmədovlar bu cür siyasi oyunların qurbanına çevriliblər. Məmmədovlar “yaxanı ələ verdikdə” “Azərbaycana böyük dost qazandırmaq” kimi izahatları iqtidarı qane etməyib. İstisna deyil ki, hakimiyyət bu ilişkilərlə bağlı daha səhih məlumatlara malik olduğu üçün Məmmədovlar barədə qəti qərar verib.



İqtidar indiyədək bir neçə naziri yola salıb, amma heç biri bu qədər səs-küylü və uzun proses olmayıb. Məmmədovları sanki hansısa bilinməyən günahları səbəbindən günbəgün bitirirlər.



Oktyabrın 11-də nazir Ziya Məmmədovun qardaşı oğlu Aynar Məmmədova məxsus olan “Nar” kafesində qanunsuz qumar (mərc) oyunlarına qarşı əməliyyat keçirilib və 8 nəfər saxlanılıb. Onlar barəsində inzibati qaydada protokol tərtib olunaraq cərimə olunmaları üçün məhkəməyə göndərilib. Bundan əvvəl isə belə xəbər vardı ki, nazirin evində və villasında axtarış aparılıb. Artıq Məmmədovların ev və əmlaklarına əl qoyulması prosesi başlayıb ki, bu, nazirin hər an işdən çıxarılacağına açıq vurğudur.

Bəs ən qüdrətli nazir işdən çıxarıldıqdan sonra nə olacaq? Bu sualın cavabını bəlkə Məmmədovların özü belə bilmir...

“Yeni Müsavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.