ABŞ-ın qadın senatorları Senata Azərbaycana dair sərt qətnamə layihəsi təqdim etdilər; eyni gündə Konqresin maliyyələşdirdiyi “Azadlıq” radiosu ölkəmizdə qanunsuz elan olundu; bölgənin taleyi Azərbaycanda həll olunurkən münasibətlər kritik nöqtəyə doğru gedir...
Bakı-Vaşinqton münasibətlərində sərin payız ruzigarları davam edir. ABŞ dövlət katibinin keçmiş köməkçisi və “Freedom House” nüfuzlu insan haqları təşkilatının sabiq rəhbəri, hazırda isə Makkeyn İnstitutunun insan haqları və demokratiya departamentinin direktoru olan Devid Kramerin rəsmi Bakıya ünvanlı son sərt mesajları barədə məlumat verilib. Bunun ardınca okeanın o tayından Azərbaycan iqtidarının qanını qaraldacaq daha bir xəbər gəlib.
Bəlli olub ki, ABŞ-ın 20 qadın senatoru dünyada qadın siyasi məhbusların, o cümlədən Azərbaycanda Leyla Yunusun və Xədicə İsmayılovanın azadlığa buraxılmasına nail olunmasına çağıran qətnaməni Senatın Xarici İşlər Komitəsinə təqdim edib. Qətnamənin təşəbbüsçüsü xanım-senator Kelli Ayotdur (“Turan”).
Sənəddə ABŞ-ın BMT-dəki səfiri Samanta Pauerin əsassız yerə həbs edilmiş və mühakimə olunmuş 20 qadın siyasi məhbusun azad edilməsi ilə bağlı çağırış və səyləri tam dəstəklənir. “Bizim müraciətimiz sadədir - dünya liderləri və xarici hökumətlər qadınları dəstəkləməli, onları həbsxanalara atmamalıdır” - qətnamədə deyilir.
Xatırladaq ki, Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus 2014-cü ilin avqustunda həbs olunub, 2015-ci ilin avqustunda 8,5 və 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Xədicə İsmayılova isə 2014-cü ilin dekabrında saxlanılıb və 2015-ci il sentyabrın 1-də 7,5 il müddətinə azadlıqdan məhrum edilib.
***
Göründüyü kimi, əgər Kramerin açıqlamalarını sırf qeyri-rəsmi şəxsin mövqeyi kimi təqdim edib üstündən keçmək olarsa - hərçənd, belə nüfuzlu və məlumatlı şəxslərin fikir və çağırışları hökumətdə heç də izsiz ötüşmür, - qadın konqresmenlərin hazırladığı sənəd artıq Vaşinqtondakı rəsmi ovqatın əlamətidir. Bu yerdə yada salaq ki, iki ay öncə digər bir qrup konqresmen Azərbaycanda insan haqları ilə bağlı ölkə prezidentinə sərt tənqid ruhunda məktub yollamışdı.
Diqqəti çəkən həm də son iki olayın zaman etibarilə faktiki, üst-üstə düşməsidir. Bu amil isə bir daha rəsmi Bakı ilə bağlı Kapitolidə neqativ mövqeyin güclənməsinə, Azərbaycan hakimiyyətinə qarşı hansısa yeni demokratiya həmləsinin hazırlanmasına dəlalət edir.
Baş verənlər həmçinin Azərbaycandakı 1 noyabr parlament seçkiləri ərəfəsinə təsadüf elədiyindən, bunu Bakıya qarşı seçkiöncəsi təzyiq kimi də dəyərləndirmək mümkündür. Bu təzyiqlər “seçkilərədək siyasi məhbuslar məsələsində müsbət irəliləyiş olmasa, onun nəticələri tanınmayacaq” tipli sərt anons mahiyyəti də daşıya bilərdi.
Bütün hallarda söhbət Bakı-Vaşinqton münasibətlərinin yeni və sərt sınaq qarşısında olmasından gedir. Belədirsə, situasiyanın hansısa formada və maksimum qısa zamanda yumşalma zərurəti yaranır. Çünki mövcud durum ən çox Rusiyanın, ən isə Azərbaycan və ABŞ-ın maraqlarına cavab verir.
***
Rusiya isə Suriya əməliyyatlarından da müşahidə edildiyi kimi, öz həyati maraqları olan bütün köhnə bölgələrə təzədən qayıtmaq, yaxud orada öz hərbi-siyasi varlığını tam bərqərar etmək kursu götürüb. Təbii, Azərbaycanın daxil olduğu Güney Qafqaz regionu da o sıradadır. Rəsmi Kremlin nüfuz dairəsinə düşmək isə istənilən ölkənin siyasi müstəqilliyi və suverenliyinin böyük ölçüdə itirilməsi deməkdir. İşğalçı Ermənistanın timsalında bunu aydın görmək olar.
Söz düşmüşkən, Ermənistanda da Azərbaycanın bütünlüklə Rusiyanı təsiri altına düşməsi nəticəsində ümumən bölgənin Qərb üçün itiriləcəyini anlayanlar var. Məsələn, tanınmış erməni eksperti Stepan Safaryan əmindir ki, Kremlin Avrasiya layihələri sırf öz maraqlarını möhkəmləndirmək və bölgənin inkişafa imkan verməmək üçün düşünülüb. Onun sözlərinə görə, İrəvan inteqrasiya proyektinə qoşulmaqla təhqiramiz bir situasiyaya düşüb (axar.az).
Sitat: “Rusiya iki model yaradıb. Bunlardan birincisi Rusiyaya tabe olmayan Ukrayna modelidir. İkincisi isə Moskvaya tabe olan Ermənistan modelidir. O bizə deyir ki, özünüz hansı ölümü seçdiyinizi söyləməlisiniz. Ukrayna Krımı itirib Kiyevdə dayandı, amma biz İrəvanı da itirə bilərik. Rusiya Ermənistanı ələ keçirib və indi də çalışır ki, Azərbaycanı özünə tabe etdirsin. Əgər o, hər iki ölkəni ələ keçirsə, Gürcüstan müdafiəsiz qalacaq. Azərbaycanın məsələsi həll ediləndə biz Gürcüstan dramını da görəcəyik. Yeganə çıxış yolu Ermənistanın Azərbaycana qarşı Avrasiya İttifaqına üzv olmaq istəyəcəyi təqdirdə sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı veto tətbiq etməyidir”.
***
Ayrı sözlə, erməni politoloq təklif edir ki, ən əvvəl Ermənistanın öz olan-qalan müstəqilliyini itirməməsi və Azərbaycanın da onun gününə düşməməsi üçün İrəvan Bakının Avrasiya İttifaqına qoşulmasını bir bəhanə ilə əngəlləsin. Maraqlıdır, deyilmi?
Mövcud situasiyada Bakı-Vaşinqton münasiblərinin daha da gərginləşməsinin ilk öncə kimin, hansı qüvvənin əlinə işlədiyi yəqin ki, aydındır. Ən betəri odur ki, bu halda - Avrasiya layihələrinə qoşulmaq qarşılığında Moskvanın Bakıya ciddi güzəşt təklif eləməsinə ehtiyac qalmayacaq - o cümlədən Qarabağ məsələsində.
Demək, vəziyyətdən tezlikdə çıxış yolu barədə hər iki tərəf (Bakı və Vaşinqton) ciddi düşünməlildir. Yəqin ki, “qızıl orta” - qarşılıqlı konstruktiv addımlar atmaq yeganə optimal variant olardı. Güman ki, okeanın o tayındakı “beyin mərkəzləri” də durumun həssaslığının və bölgənin taleyinin həqiqətən də Azərbaycanda həll olunduğunun fərqindədir.
***
Yazı hazırlanarkən məlumat yayıldı ki, Azərbaycan Xarici İşlər Nazirliyi AzadlıqRadiosu və “Meydan TV”nin ölkədəki fəaliyyətini qanunsuz elan edən açıqlama verib. Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. “BBC Azərbaycan” xidmətinə gəldikdə isə o, deyib ki, “bu qurum və onların əməkdaşları mütəmadi olaraq akkreditasiyadan keçir”.
Məsələ barədə danışan prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov öz növbəsində qeyd edib ki, “İnteraz”, “Euroaz” televiziya kanalları, “Amerikanın səsi” radiosu, “Meydan TV”, “Azadlıq. org” internet saytları və bir sıra digər xarici media orqanları, onların əməkdaşları dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, indiyədək müvafiq qaydalara əməl etmir və ölkə daxilində qeyri-qanuni fəaliyyət göstərirlər.
Xatırladaq ki, AzadlıqRadiosu bilavasitə ABŞ Konqresi tərəfindən maliyyələşdirilir.
Beləcə, Bakı-Vaşinqton münasibətlərində payız ruzigarları davam edir.
Siyasət şöbəsi
musavat.kom