Arif Məmmədovdan hakimiyyətə çağırış: "Nəticə tanınmayacaq, seçkiləri təxirə salın!"

14-10-2015, 11:10   
Arif Məmmədovdan hakimiyyətə çağırış: "Nəticə tanınmayacaq, seçkiləri təxirə salın!"
Azərbaycanın Avropa Şurası və Avropa Birliyindəki keçmiş səfiri Arif Məmmədovun elan etdiyi “Ağ qərənfillər” hərəkatı 1 noyabr parlament seçkiləri ilə bağlı bəyanat yayıb.

Strateq.az xəbər verir ki, bəyanatda hakimiyyətin digər qolları kimi, Milli Məclisin də İcra Hakimiyyətindən inhisarında olduğu vurğulanır: "Parlamentin tərkibinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada deyil, hakim komandanın müəyyən etdiyi prinsiplər əsasında formalaşdırılması praktikaya çevrilib. Aparılan müşahidələr, araşdırmalar, mətbuatda gedən müzakirələr onu deməyə əsas verir ki, qanunvericilik orqanının yeni tərkibi də artıq həmin şəxslər tərəfindən müəyyən edilib".

Bəyanatda bildirilir ki, demokratik seçkilərdən dəm vuran hökumətin ölkə ictimaiyətinin, müxalifətin, vətəndaş cəmiyyəti fəallarının rəyi və tələbləri ilə yanaşı, beynəlxalq təşkilatların da çağırışlarını qulaq ardına vurması təəccüb doğurur: "İstər yerli ictimaiyətin, istərsə də beynəlxalq təşkilatların, o cumlədən Avropa Şurası Venesiya Komissiyasının və ATƏT-in seçki məcəlləsinə əlavələr, MSK, dairə və yerli seçki komissiyalarının tərkibində dəyişiklər edilməsi, proporsional seçki praktikasının bərpa olunması təklifləri nədənsə nəzərə alınmır. Xədicə İsmayılın, Leyla və Arif Yunusların, İlqar Məmmədovun, Anar Məmmədlinin, İntiqam Əliyevin, Rəsul Cəfərovun, Rauf Mirqədirovun, Ömər Məmmədovun, Tofiq Yaqublunun, Yadiqar Sadıqovun, Nicat Əliyevin, Araz Quliyevin, Pərviz Həşimlinin, Seymur Həzinin, Hilal Məmmədovun, Taleh Xasməmmədovun və digər siyasi məhbus kimi tanınan 10-larla bacı və qardaşlarımızın azadlığa buraxılması tələbləri yerinə yetirilmir.

Dünyəvi dövlət və demokratik respublika kimi tanınan, avroatlantik məkana inteqrasiyanı özünün strateji məqsədi elan edən Azərbaycanımızın hakim dairələrinin siyasi məhbusların dərhal qeyri-şərtsiz azadlığa buraxılmasına dair beynəlxalq insan haqları təşkilatlarının tələblərini və müvafiq Avropa qurumlarının rəsmi qərarlarını icra etməməsi bizlərdə məyusluqla yanaşı, həm də bu özbaşınalığa və saymazlığa qarşı hiddət doğurur".

Bəyanatda vurğulanır ki, belə şərtlər altında demokratik seçki keçirilməsi mümkün deyil: "Əlbəttə, Azərbaycan xalqı bu şəraitdə keçirilən seçkilərin nəticəsini tanıya bilməz. Qətiyyətlə bildiririk ki, biz bu məsələdə də milli maraqlardan çıxış edəcəyik və xalqımızın iradəsini əks etdirməyən seçkilərin nəticələrini qəbul etməyəcəyik!"

Bəyanatın sonunda “Ağ Qərənfillər" Hərəkatının təşəbbüskarları, siyasi hakimiyyəti xalqın iradəsinə tabe olmağa, 1 Noyabr seçkilərini yuxarıda göstərilən tələblər yerinə yetirilənədək təxirə salmağa və seçkilərin bütün tərəfləri qane edən demokratik şərtlər altında keçirilməsinə çağırıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.