Bakı Rusiyanı Amerikadan “vurdu” – şok gəlişmə

15-10-2015, 09:59   
Bakı Rusiyanı Amerikadan “vurdu” – şok gəlişmə

Hakimiyyətdən Vaşinqtona gözlənilməz reverans; ABŞ-dakı səfirimiz Rusiyanı Xəzər insidentinə görə sərt tənqid etdi və onu üstəlik, “işğalçı” adlandırdı, Ağ Evi isə tərifləməklə yanaşı, bölgədə daha fəal olmağa çağırdı və astagəllikdə qınadı; səfirliyimizdən məsələyə müəmmalı reaksiya gəldi...

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Birləşmiş Ştatların Yuta Universitetində (Yuta ştatı) Amerikanın dünyadakı roluna dair konqresmen Kris Stüart tərəfindən təşkil edilmiş konfransda çıxış edib. Çıxış zamanı o, Rusiyanın ötən həftə Xəzər dənizindən Suriyaya raket zərbələri endirməsindən xüsusi narahatlığını bildirib (virtualaz.org).

Milli təhlükəsizlik mövzusunda təşkil edilən konfransda səfir ABŞ-ın Rusiyanın bu hərəkətinə laqeyd yanaşmasını da qınayıb. “The Salt Like Tribune” qəzeti yazıb ki, diplomat tədbirdə Azərbaycanın yer aldığı regionda sülhün təmin edilməsinə göstərdiyi kömək üçün Amerikanı tərifləyib.

Məsələn, Elin Süleymanov bildirib ki, Azərbaycandan Gürcüstana, oradan isə Türkiyənin Ceyhan limanına Avropa və digər ölkələr üçün əlavə neft təchizatı mənbəyi olan neft kəmərinin çəkilməsi ABŞ-ın dəstəyi sayəsində baş tutub. Səfir bu kəmərin Rusiyanın Avropaya neft nəqlini kəsməklə hədələdiyi bir vaxtda işə düşdüyünü vurğulayıb.
Süleymanov deyib ki, həmin neft kəmərinin tikintisində Birləşmiş Ştatlar açar rolu oynayıb. ABŞ kəmərin keçdiyi ölkələrlə yaxından işlədi və daha sonra prezident Bill Klinton Bakı-Tiflis-Ceyhan (BTC) kəmərinə dair sazişin imzalanması mərasimində şəxsən iştirak etdi. Bu isə başqalarına “kəmərə qarışmamaq” mesajı idi və Corc Buş administrasiyası da kəmərin tikintisi prosesinə daim dəstək göstərdi.musavat.kom




“Əgər uzlaşma, strateji öhdəliklər yoxdursa, insanlar bu cür layihələr və sülh üçün üzərinə öhdəliklər götürməyə daha az hazır olurlar”, - deyə Elin Süleymanov daha sonra bildirib. O əlavə edib ki, Amerikanın BTC-yə və tikilməkdə olan Cənub Qaz Dəhlizinə dönməz dəstəyi bu layihələri həyata keçirməyə imkan verib.



Rusiyanın regiondakı rolu haqda da danışan diplomat xatırladıb ki, Rusiya son vaxtlar Ukraynaya müdaxilə edib və onun Krım yarımadasını zəbt edib. “Və bu ay Rusiya Xəzərdəki gəmilərindən Suriyaya qanadlı raketlərlə zərbələr endirib - baxmayaraq ki, Rusiya, Azərbaycan, İran, Türkmənistan və Qazaxıstan Xəzər dənizinin hərbiləşdirilməsindən uzaq durmaq barədə razılıq əldə etmişdilər” - bildirib diplomat.

Süleymanov ardınca qeyd edib ki, Qərbin Moskvanın belə hərəkətlərinə laqeyd, soyuq yanaşmasını başqalarının da görüb nəticə çıxara biləcəyindən narahatdır. “Bu hadisə bir çox yönlərdən Qərbin regionun işlərində real iştiraka meyl etmədiyini nümayiş etdirdi. İnsanlar da bunu qeydə alırlar”, - deyə Azərbaycan səfiri diqqətə çatdırıb.

Müzakirələrdə Konqresin Nümayəndələr Palatasının kəşfiyyat komitəsinin üzvü, konqresmen Kris Stüart deyib ki, əgər Amerika dünyada sülhə öz təsirini göstərməyə hazır olmasa, dünya daha qaranlıq və daha xaotik olacaq.

***
Yada salaq ki, Rusiyanın Xəzər donanmasının raket gəmilərinin oktyabrın 7-də Suriyadakı hədəflərə qanadlı raketlərlə endirdiyi zərbələrə digər sahilyanı ölkələr, o cümlədən Azərbaycan heç bir reaksiya verməyib. Rus gəmiləri Xəzərin İran sektorunda, Rəşt limanı yaxınlığında mövqe seçərək Suriyaya raket zərbələri endirib. O sırada ABŞ Rusiyanın Xəzərdən uzaqmənzilli raketləri işə salmasına birbaşa reaksiya verməyib.



Qərb mediasında isə belə fikirlər yer alıb ki, Rusiya bununla həm də Azərbaycan və Qazaxıstan kimi öz donanmalarını gücləndirməyə çalışan sahilyanı ölkələrə xəbərdarlıq etmiş olub. Eyni zamanda ekspertlər Kremlin bu yolla "Transxəzər" qaz kəməri layihələrinə mane ola biləcəyi mesajını verdiyi qənaətindədirlər.

***
Bölgədə, xüsusən də Azərbaycan ətrafında yaranmış belə mürəkkəb situasiya fonunda ABŞ-dakı səfirimizin bu cür sərt açıqlama verməsi, faktiki surətdə Rusiya üzərinə gedərək onu “vurması” və üstəlik, Krıma görə Rusiyanı “işğalçı” adlandırması siyasi-diplomatik cəsarət nümunəsi olmaqla yanaşı, əlbəttə ki, “aydın səmada şimşək” effektini xatırladır. Hər necə olmasa, diplomat rəsmi Bakının xəbəri olmadan, Bakının ovqatını bilmədən və onun rüsxəti olmadan belə mövqe sərgiləməzdi.



Aydındır ki, səfirin mövqeyi Azərbaycan dövlətinin və bu dövləti idarə edən siyasi qüvvənin mövqeyidir. Belə bir mövqenin məhz Amerikadan sərgilənməsi isə Vaşinqtona da, Moskvaya da “ikili mesaj” təəssüratı yaradır. Bütün hallarda, bu, son vaxtlar Bakının gərgin münasibətlərdə olduğu Vaşinqtona qarşı gözlənilməz və mühüm reverans sayıla bilər. O ki qaldı Moskvaya, heç şübhəsiz, orada bu bəyanatdan, yumşaq desək, xoşlanmayacaqlar.



***
Yazı hazırlanarkən məlumat gəldi ki, Azərbaycanın ABŞ-dakı səfirliyinin III katibi Natiq Baxışov virtualaz.org saytına açıqlamasında məsələyə münasibət bildirib. Onun sözlərinə görə, adıçəkilən tədbirdə səfir həqiqətən iştirak edib, lakin “The Salt Lake Tribune” qəzetindəki məqalədə əksini tapan hay-küylü bəyanatla çıxış etməyib. Onun fikrincə, diplomatın çıxışı təhrif olunub. Sitat: “Təəssüf edirik ki, qəzet səfir Elin Süleymanovun çıxışındakı bəzi sözləri kontekstdən çıxararaq özünə sərf edən şəkildə təqdim edib. Bundan əlavə, səfir çıxış edəndə məqalənin müəllifi Li Devidson zalda deyildi. Ona görə də biz onun yazdıqlarını tamamilə təkzib edirik”.

Maraqlıdır, deyilmi? Səfirin sözlərinin təhrif olunmasına gəlincə, bunu dəqiqləşdirməyin çox sadə yolu var - çıxışın stenoqramını olduğu kimi KİV-də dərc eləmək. Səfirliyimiz bunu edəcəkmi?

Yalnız o halda bütün “i”lərin üzərinə nöqtə qoyula bilər.

Siyasət şöbəsi
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.