Dövlət Gömrük Komitəsinin yüksək çinli məmurlarını qarşıda çox ciddi problemlər gözləyir.
anaxeber.info mia.az-a istinadla xəbər verir ki, gömrük sistemində bu ilin əvvəlindən başlanan, ancaq cəmiyyət üçün "qapalı saxlanılan oyun"lar səbəbsiz deyil. Və sərt islahatın başlanacağının xəbərçisidir:
"Bəli, faktdır ki, gömrük generallarının bir-birinə olan münasibətləri xüsusunda gömrükdə baş verən, ölkənin iqtisadi inkişafını dərindən zədələyən monopolist addımlar və sair hallar sistemdə ciddi islahatları qaçılmaz duruma gətirib. Bu islahat anonsunun günü gündən ciddiləşməsi fonunda isə gömrük generallarından bəzilərinin "budanacağı"na da şübhə olunmur. Onların arasında xüsusiylə gömrük komitəsi sədrinin 1-ci müavini Səfər Mehdiyevə qarşı açıq və gizli fəaliyyəti ilə seçilən həmkəndlisi, gömrüyün "qara və qaranlıq qutuları"ndan ən ciddisi sayılan Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük generalı Vüsal Novruzovun adı da son bir neçə ayda önə çıxmağa başlayıb. Hansı ki, o, aprel-may aylarına qədər sədr Aydın Əliyevə, 1-ci müavin Səfər Mehdiyev və digər müavinlərə də meydan oxuyurdu. Hətta onun Səfər Mehdiyevi qeyri-rəsmi toplantıda "fakt qarşısında qoyaraq, əsəblərini gərilmə nöqtəsi"nə çatdırdığı da dövriyyəyə buraxılmışdı. Bunun hansı niyyətdən dövriyyə buraxılması başqa mövzunun söhbətidir. Hələlik bilinən odur ki, Vüsal Novruzovun Səfər Mehdiyevi "gözdən salma" cəhdi də özünə baha başa gəlməkdədir. Bəli, qəfil yüksəlişin daha kəskin enişi olduğunu da unudan Vüsal Novruzov indi azadlığını necə qoruyacağını düşünür..."..
Mənbə bildirir ki, Bakı Baş Gömrük İdarəsinin rəisi postunu məhz nazir Kəmaləddin Heydərova bağlı olan 300-dən çox şirkətin mühasibat işlərini aparmaqla qoruduğu sirr olmayan Vüsal Novruzov artıq çox sürətlə enişə doğru gedir:
"Bir neçə ay bundan əvvələ qədər gömrük sədri və müavinlərinə meydan oxuyan, bəzi hallarda isə ümumuyyətlə, rəsmi törənlərdə belə məhəl qoymayan Vüsal Novruzov artıq əvvəlki qüdrətini xeyli dərəcə itirib. İndi o, nəinki vəzifəsini böyütməyi düşünmək durumundadır, hətta yaxın gələcəkdə həbs ediləcəyindən də ciddi qorxu keçirməyə başlayıb".
Məlumatlı şəxs Vüsal Novruzovun ətrafında dönən təhlükəli durumdan da söz açıb. Hətta onun bu yaxınlarda ciddi basqıya məruz qalması haqda da sensasion iddia irəli sürüb. Bu haqda Mia.az-a təfərrüatli məlumat verilsə də, hələlik buna da toxunmuruq. Ancaq mənbə israrla billdirir ki, Vüsal Novruzovun istər Kəmaləddin Heydərovun şirkətləri, istərsə də rəhbərlik etdiyi idarədəki vəziyyəti ürəkaçan deyil:
"Bir müddət əvvəl nazir Kəmaləddin Heydərov "Gilan Holdinq"də yoxlama apartdırdı. Orada "itirilən" bir neçə milyon dollar üzə çıxarılanda isə "qara mühasibatlıq" üzrə peşəkar olduğundan dəm vuran Vüsal Novruzov bu pulun necə oğurlanmasını öyündüyü peşəkarlıqla deyil, hiyləgər siyasi manevrlə özündən kənara itələyə bildi. Düzdür, ara yerdə bir neçə şəxs "yandı". Ancaq bu o demək deyil ki, Kəmaləddin Heydərova məxsus olduğu deyilən 300-dən çox şirkətin mühasibatlığında hər şey qaydaya salındı...".
Vüsal Novruzovun Azərbaycan mediasında xüsusi təsirə çevrildiyini də deyən müsahibimiz bu haqda da olduqca sensasion aşıqlamalar verib. Onun sözlərinə görə hamisi olan nazir Kəmaləddin Heydərov, gömrük sədri Aydın Əliyevdən çox, özünün mətbuatda "vurulması"nı əngəlləməyə çalışan paytaxtın gömrük rəisi Azərbaycan mətbuatına 3 müxtəlif xətlə təsir göstərməyə çalışır: "O, bir neçə ildir bu prosesi həmin xətlə davam etdirir. Hələlik onun media şəbəkəsi və buradakı dəstəsi haqda danışmaq istəmirəm. Ancaq onu dəqiq bilin ki, son aylar başının üzərində fırlanan qara buludlar onun media ilə "əməkdaşlığı"na da çox kəskin təsir edəcək...".
Mənbə Mia.az-a deyib ki, iki gün əvvəl iqtidara yaxınlığı ilə seçilən iki deputatın gömrükdəki anarxiyaya diqqət çəkmələri də təsadüfi deyil:
"Hər iki deputatın açıqlaması göstərir ki, gömrüklə bağlı çox yüksək dairələrdən siyasi qərar verilib. Bəli, bu qərar bəzi gömrük genarallarının, xüsusiylə Vüsal Novruzov kimilərini işsiz statusuna düşürməklə yetinməyəcək, onların bəzilərinin yolunun istintaqdan keçəcəyinə də zəmin yaradacaq. Bəlkə də çoxları, o cümlədən gömrüyün əksər generalları buna şübhəylə yanaşacaq, ancaq dəqiq deyə bilərəm ki, Vüsal Novruzovda belə əminlik yoxdur. Az öncə yaşadığı və 1 gün ərzində yaşadığı "ağır sıxıntılar" ona həyatın digər üzünü də göstərib...".
Mənbə Vüsal Novruzovun atasının vaxtı ilə tutduğu vəzifədən niyə istefa verməsinin gizli səbəblərindən tutmuş, gömrük generalının sahibləndiyi daşınar və daşınmaz əmlaklar, onun öz karyerasını qorumaq çabaları, həmçinin, Bakı Baş Gömrük İdarəsi rəisinin ən etibar elədiyi mühasiblərindən birinin milyonluq villasında nələrə yol verməsi, komitə sədri Aydın Əliyevinbaş verənlərə münasibəti və sair kimi maraqlı detallara da toxunub.