Məhz bu yığımların sayəsində direktor Qamət Tağıyeva rəhbərlik etdiyi məktəbə şəxsi “Toyota – Prado” avtomobilində gələ bilir
Artıq dəfələrlə qeyd olunduğu kimi bu gün ölkənin təhsil sistemində dövlət tərəfindən həyata keçirilən əsaslı islahatlar müəyyən irəliləyişlərə zəmin yaratsa da, cəmiyyətdə gözlənilən nəticələr hələ də müşahidə olunmur. Halbuki, bu istiqamətdə görülən tədbirlər artıq çoxdan Azərbaycanın təhsil sistemini ən qabaqcıl dünya standartlarına cavab verəcək səviyyəyə çıxarmalı idi. Xüsusi olaraq qeyd olunmalıdır ki, Təhsil naziri cənab Mikayıl Cabbarovun da bu sahədə mühitin sağlamlaşdırılmasına yönəldilmiş səyləri təqdirə layiqdir. Lakin müəyyən subyektiv səbəblər bu mütərəqqi prosesləri hələ də ləngitməkdə davam edir. Biz dəfələrlə öz yazılarımızda belə fikri vurğulamışıq ki, gənc nəslin təlim-tərbiyəsində, uşaqlarımızın gələcəkdə layiqli vətəndaş kimi cəmiyyətimizdə yer tutmalarında orta-ümumtəhsil məktəblərinin rolu çox önəmlidir və danılmazdır. Lakin təəssüflər olsun ki, bu gün bir çox orta məktəblərdə “fond pulu”, “təmir pulu”, “məktəbin təsərrüfatına könüllü yardım” və sairə bu kimi gülünc adlar altında hələ də rüşvət yığımı davam edir. Redaksiyamlza daxil olan məlumatlara görə bu yönümdə xüsusilə seçilən tədris müəssisələrindən biri də Bakının Sabunçu rayonu, Muxtarov qəsəbəsində yerləşən 78 saylı orta məktəbdir. Təqdim olunan açıqlamalarda bu məktəbin direktoru Qamət Tağıyevanın fəaliyyətini əks etdirən bir sıra neqativ hallar da təqdim olunmuşdur. Mövzuya dair ötən saylarımızdan birində dərc etdiyimiz materialda da göstərdiyimiz kimi, yeni dərs ilinin başlanması ilə əlaqədar məktəbin rəhbərliyi adi, necə deyərlər ənənəvi pul yığımlarından başqa qazanc vasitələri də əldə etmişdir. Belə ki, məlumatı təqdim edən mənbənin sözlərinə görə, bir müddət əvvəl Müəllim günü münasibətilə direktoru “təbrik etmək” məqsədilə 78 saylı orta məktəbin istisnasız olaraq bütün şagirdlərindən 100 manatdan olmaqla pul yığılmışdır. Amma qeyd olunduğu kimi bu yığım “xüsusi” təyinatlıdır və il boyu həyata keçiriləcək digər müxtəlif yığımlara onun aidiyyatı yoxdur. Məsələn açıqlamalara görə, tədris ili ərzində ayrı-ayrı fənlər üzrə repetitor yanına gedən və bu səbəbdən də məktəbə gəlməyən şagirdlər 400-600 manat civarında bir dəfəlik (illik) rüşvət verməlidirlər. Məlumatlarda həmçinin göstərilir ki, məktəbin ibtidai sinif şagirdləri üçün stabil olaraq 5 manat məbləğində aylıq yığım müəyyən edilmişdir. Yuxarı siniflər üçün bu məbləğ artaraq 8-10 manat təyin edilir. Məktəbin müəllim heyəti üçün də müəyyən ödənişlər nəzərdə tutulmuşdur. Əlavə dərs saatlarının təyinatı və digər bu kimi bəhanələrlə il ərzndə hər bir müəllimin ödədiyi məbləğ təxminən 5-6 min manata çatdırılır. Məhz bu yığımların sayəsində də Qamət Tağıyeva bu gün rəhbərlik etdiyi məktəbə şəxsi “Toyota – Prado” avtomobilində gələ bilir. Təəssüflə qeyd etmək lazımdır ki, məhz orta tədris müəssisələrində rüşvətxorluq və korrupsiya hallarının daha dərindən kök atması və daha uzun müddət tam cəzasızlıq şəraitində təzahür etməsi üçün hələ də çox əlverişli mühit mövcuddur. Bu mühit isə ilk növbədə övladlarının rifahını, onların şagird nüfuzunu səhf prizmadan qiymətləndirən valideynlərin passiv razılığı ilə formalaşdırılır. Bununla belə övladlarının təhsil aldığı məktəbdə müşahidə edilən özbaşınalıqlara qarşı öz etiraz səsini ucaldan valideynlər də yox deyil. Belə ki, aldığımız məktublardan birində deyilir: “Məni bir sual maraqlandırır. Məgər məktəbdə işləyən xadimələrin, qapıda növbə cəkənlərin əmək haqları büdcədən ödənilmir? Əgər ödənilirsə, nə üçün məktəbin direktoru Qamət Tağıyeva hər şagirddən bu qədər pul yıgır və adını da qoyur məktəbin fondu və xadimələrin əmək haqqı? Ümumiyyətlə bu məktəbdə özbaşınalıq baş alıb gedir Heç kim də bu direktorla bacarmır…”
Qarşı tərəfin də mövqeyini öyrənə bilərik.yenilik.az