MTN şefi niyə “vuruldu”? – Sirrin üstü elə yerdən açıldı ki…

19-10-2015, 09:40   
MTN şefi niyə “vuruldu”? – Sirrin üstü elə yerdən açıldı ki…
eldar-mahmudov2Təhlükəsizlik komitəsinin üzvü ilginc açıqlamalar verdi; Eldar Mahmudovun və komandasının həbsi xəbəri yayıldı

Ötən həftənin son günləri ölkənin siyasi gündəminə bomba kimi düşən bir hadisə ilə yaşandı. Ölkə başçısı Ilham Əliyev oktyabrın 17-də milli təhlükəsizlik naziri Eldar Mahmudovun tutduğu vəzifədən azad edilməsi haqda sərəncam verdi.

Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyev maliyyə fırıldaqlarına yol verdiyi iddiası ilə işdən çıxarılandan sonra Eldar Mahmudovun da kürsüsünün laxlayacağı ehtimal olunan hadisələrdən idi. Belə ki, o, C.Hacıyevlə qudadır və bank prezidentini vəzifəsindən aparan səbəbin onun qudasına qədər uzana biləcəyi də Azərbaycan reallığında proqnozlaşdırılan idi. Lakin etiraf olunmalıdır ki, E.Mahmudovun məhz indi və belə qəfil işdən çıxarılacağı gözlənilmirdi. Həm də ona görə ki, yenə də əhəmiyyətli dərəcədə Beynəlxalq Bank işinə görə hədəfə alınan nəqliyyat naziri Ziya Məmmədovun vəzifədən götürülməsi çox ağır və tədrici “demontaj prosesinə” çevrilib.


Amma görünür, Z.Məmmədovu tədrici zərərsizləşdirmə yolu tutan ölkə rəhbərliyi E.Mahmudovu bir sərəncamla və qəflətən vəzifədən çıxarmağa qərar verib. Bu qərarı doğuran səbəblər kimi ölkə mediasında bir neçə versiya dolaşır. Lakin hələ ki, heç bir rəsmi açıqlama yoxdur.

Versiyalardan biri bundan ibarətdir ki, E.Mahmudov Beynəlxalq Bank işinin qurbanlarından biridir. Yəni qudası C.Hacıyevlə birlikdə onun da Beynəlxalq Bankdakı maliyyə fırıldaqlarında iştirakçılığı haqda “yuxarılarda” qənaət qətiləşib, buna görə də onu vəzifəsindən uzaqlaşdırıblar. Bu xüsusda yayılan xəbərlərdən birində C.Hacıyevin artıq həbs olunduğu deyilir. “Qaynar.info” saytının iddiasına görə, qudası E.Mahmudovun işdən çıxarıldığı bəlli olan kimi DIN-in Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə Idarəsi (“Bandotdel”) C.Hacıyevin həbsi üçün əməliyat keçirib və keçmiş bank prezidentini saxlayıb.

Deputatdan ilginc açıqlamalar



Yeri gəlmişkən, deputat Zahid Oruc da keçmiş MTN şefinin Beynəlxalq Bank işinə görə “vurulduğu” versiyasını gücləndirən açıqlama verib. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü “Modern.az”a açıqlamasında bunları deyib: “Beynəlxalq Bankın ətrafında yaşananlar sübut etdi ki, ağır iqtisadi cinayətlərə qarşı mübarizə aparmalı olan orqan dövlətin əsas maliyyə siyasətini həyata keçirməkdə iştirak edən Beynəlxalq Bankın geri qaytarılmayan kreditlərində də iştirakçı olub və hər hansı bir məsuliyyətə də malikdir.

Bu işin araşdırılmasının Daxili Işlər Nazirliyinə tapşırılması təsadüfi deyil. Çünki dövlətin həmin struktura zamanın sınağından çıxmış əsaslı etimadı var. Beynəlxalq Bankla bağlı işin ölkənin maliyyə-bank sferasına və iqtisadi sabitliyə vurduğu ziyanı artıq hamı etiraf edir.

Qeyri-rəsmi məlumata görə, manatın dollar qarşısında 33.5% devalvasiyası zamanı da məxfi məlumatlardan, dövlət sirlərinin əldə edilməsindən böyük iqtisadi fayda götürülməsi üçün istifadə edilib. Bu isə dövlətin həyata keçirmək istədiyi iqtisadi tədbirin linç edilməsi idi və gözlənilən iqtisadi təhlükədən az itki ilə çıxmasını xeyli əngəlləmiş oldu. Adətən belə məsələlərlə xarici xidmət orqanları və diversiya qrupları məşğul olur.

Bir məqamı da xüsusi qeyd etməliyik. Nazirlər Kabinetinin sonuncu iclasında ölkə başçısının sahibkarlığın boğulması istiqamətindəki mesajlarının ünvanı ətrafında ictimaiyyətdə böyük diskussiyalar və canlı axtarışlar gedirdi… Orada sahibkarlığın boğulması, onların müxtəlif soyulmalara məruz qaldığı vurğulandı. Lakin hamıya bəllidir ki, hüquq mühafizə orqanlarının müdaxiləsindən danışarkən ilk növbədə MTN nəzərdə tutulurdu…”

MTN-də əməliyyat xəbəri



Başqa bir qeyri-rəsmi məlumata görə isə MTN rəhbərliyi imkan və səlahiyyətlərindən yararlanaraq, dövlət başçısının, onun ailə üzvlərinin, eləcə də hakimiyyətdəki yüksək vəzifəli şəxslərin özlərinin və ailə üzvlərinin telefon danışıqlarını dinləyirmiş. Buna görə də nazir Mahmudov vəzifəsindən çıxarılan saatlarda onun komandasına qarşı da irimiqyaslı həbs əməliyyatı keçirilib.

“Strateq.az” saytı xəbər verir ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Daxili Işlər Nazirliyinin və Baş Prokurorluğun birgə əməliyyat qrupu MTN-in Monitorinq Xidmətinin rəisi general Teymur Quliyevi və Antiterror Mərkəzinin rəis müavini, adı media cameəsinə çox yaxşı tanış olan Ilqar Əliyevi, eləcə də daha bir neçə yüksək rütbəli əməkdaşı həbs edib. Həbslərin davam etdiriləcəyi və daha bir neçə generalı da əhatə edəcəyi gözlənilir.

Mahmudov həbs edilib?

Rəsmən təsdiq edilməmiş başqa bir məlumatda da deyilir ki, artıq keçmiş nazirin özü də “vəzifə səlahiyyətlərini aşdığı üçün” saxlanılıb.

“Qafqazinfo.az” saytı isə xəbər verir ki, ölkə başçısı I.Əliyev E.Mahmudovun sərəncamını verməzdən əvvəl onu qəbul edib və “yarıtmaz fəaliyyəti” barədə faktlarını ona sadalayıb. Daha sonra isə onunla yollarının ayrıldığını bildirib.

Saytın iddiasına görə, MTN-də əməliyyat da məhz E.Mahmudov ölkə başçısının qəbulunda olarkən başlanıb.

Saytın başqa bir xəbərinə görə, ölkə başçısı MTN ətrafında yaranmış vəziyyətlə bağlı oktyabrın 18-də də işə çıxıb və Təhlükəsizlik Şurasının üzvlərilə birlikdə hüquq mühafizə orqanları rəhbərlərinin toplantısını keçirib.

Məlumatlı mənbələr E.Mahmudovun hətta həbs olunamayacaqsa da, vəzifədən çıxarılmasının başqa bir neçə iri ranqlı məmuru da kürsüsündən edəcəyini bildirirlər. Bu xüsusda diqqət ilk növbədə keçmiş nazirlə qohum olan məmurların üzərinə yönəldilir. Onun vəzifədə olan qohumları arasında prezidentin köməkçisi Əli Əsədovu və Sərhəd Qoşunlarının Komandanı Elçin Quliyevi göstərmək olar.

MTN-nin yeni şefi kim olacaq?

Ölkə mediasını məşğul edən suallardan biri də E.Mahmudovun yerinə kimin təyin ediləcəyidir. Bu xüsusda “Azadlıq”a gələn məlumata görə, ən şanslı namizəd Prezident Administrasiyasının hərbi məsələlər üzrə şöbə müdiri, Bakı polisinin keçmiş rəisi Məhərrəm Əliyevdir. Onun şansının yüksəkliyi bununla izah olunur ki, mövcud hakimiyyətin güc strukturları rəhbərlərini bir-birilə ziddiyyətdə olan şəxslərdən seçməklə tarazlığı qorumaq təcrübəsi var və bu dəfə də bu təcrübədən istifadə olunacağı daha çox gözlənilir. Məhərrəm Əliyevin əsas güc strukturu olan Daxili Işlər Nazirliyinin rəhbərliyi ilə ziddiyyətləri isə sirr deyil. Ikincisi, M.Əliyev hazırda hakimiyyətdə üstün mövqelərə yüksələn Paşayevlər qrupuna daxildir və onu indiki vəzifəsinə də bu amil gətirib. E.Mahmudov da Paşayevlər qrupuna daxildir və onun yerinə məhz M.Əliyevin gətirilməsi həm də bu qrupun sadəcə öz adamını əvəzləməklə MTN-i nəzarətində saxlaması, eyni zamanda əlavə daxili narazılıqlara yol açmamaq baxımından lazım ola bilər.

M.Əliyevi bu posta şanslı edən bir amil kimi də onu deyirlər ki, MTN-nin indiki elitası əsasən polis sistemindən transferlərlə formalaşıb və M.Əliyev üçün yad elita deyil. Yəni MTN şefi kimi işdən baş çıxarmaq ona çətin olmaycaq.

Mediada Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin rəisi Əli Nağıyevin, Naxçıvan MTN-nin rəhbəri Vəli Ələsgərovun, MTN şefinin birinci müavini Elçin Əliyevin, prezidentin müdafiə məsələləri üzrə köməkçisi Vahid Əliyevin də adları MTN-nin yeni şefi ola biləcək şəxslər kimi hallanır.

İnformasiya şöbəsi
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.