Qaynar müharibələr kəmər müharibələrinə keçir; havaların sərtləşməsi ilə Rusiya bölgədə əsas təzyiq rıçaqını işə salıb; hədəfdə həm də “Qərb qapısı” Gürcüstandır; Abid Şərifovun qəfil və məxfi Tiflis səfəri hansı zərurətdən doğub?
Rusiyanın ilk dəfə olaraq Xəzərdən buraxdığı qanadlı raketlər, təbii ki, yalnızca İŞİD -ə tuşlanmamışdı. Eyni zamanda, şimal qonşumuzun yeni qaz strategiyasından dolayı güddüyü hədəflər yolunda köhnə-yeni maneələri nişan almışdı. Soyuqların düşməsi ilə bu qənaət öz təsdiqini tapmaqdadır.
Havaların soyuması ilə qaynar müharibələrin öz yerini tədricən gizli-açıq qaz savaşlarına verəcəyi şəksizdir. Hər halda, qanadlı raketlər bu savaşlarının başladığının özünəməxsus anonsu sayıla bilər. Hərbi ekspertlər də hesab edir ki, oktyabr ayından etibarən genişmiqyaslı əməliyyatlar üçün əlverişsiz dönəm başlayır. Söhbət ilk növbədə postsovet məkanındakı Rusiyanın aparıcı aktyor olduğu münaqişə ocaqlarından - Ukrayna və Güney Qafqazdan (Dağlıq Qarabağdan) gedir.
***
Rəsmi Kreml artıq özünün əsas qış silahını işə salmış kimi görünür. Bir əlamət qeyd edildi - Xəzərdən açılan “yaylım atəşi”. Moskva bununla, sübhə yox ki, Xəzər hövzəsində əsas hökmran qüvvə olduğunu nümayiş etdirməklə bahəm, digər iki sahilyanı qaz ölkəsinə - Azərbaycan və Türkmənistana ciddi şəkildə göz ağartmış oldu, heç bir təhlükəsizlik alyansının üzvü olmayan Bakı və Aşqabadı qorxutdu.
Bununla eyni vaxta Moskvanın Güney Qafqazın Qərbə əsas çıxış qapısı sayılan Gürcüstanı öz enerji asılılığına salmaq yönündə ciddi uğur əldə elədiyi üzə çıxdı. Bəlli oldu ki, “Qazprom” qərb qonşumuzun da qaz bazarını ələ keçirmək niyyətindədir - özü də maraqlıdır ki, Gürcüstan hökumətinin istəyi ilə.
Yeri gəlmişkən, dünən Tiflisdə bu anlaşmaya etiraz olaraq aksiya keçirilib. Hökumət binası önündə “Qazprom”a yox!" şüarı altında baş tutan aksiyada ölkənin tanınmış simaları, o cümlədən siyasətçilər, “Milli Hərəkat”ın nümayəndələri iştirak ediblər.
İştirakçılardan biri - ekspert Yelena Xoştariyanın sözlərinə görə, “Qazprom” Rusiyanın əlində Avropa və region üçün çox qorxunc bir silahdır: “Birincisi, Rusiyadan qaz təchizatı bizim üçün Moskvadan siyasi asılılıq deməkdir ki, bu, prinsipial olaraq yolverilmıəzdir. İkincisi, qazla bağlı danışıqların gizli aparılması da yolverilməzdir. Biz bu barədə yalnız Rusiya KİV-dən məlumat alırıq. Bu, o deməkdir ki, Gürcüstan hökuməti milli təhlükəsizlik məsələləri ilə bağlı Rusiya ilə məxfi danışıqlar aparır. Üçüncüsü, biz bununla Gürcüstanın stabil qaz təchizatçısı olan Azərbaycanla münasibətləri korlayırıq. Bu məsələlər bizdən ötrü prioritetdir” - qeyd edib gürcü ekspert.
***
Tiflislə bağlı başqa bir maraqlı hadisə Azərbaycanın baş nazirinin müavini Abid Şərifov və “Azərbaycan dəmir yolları” QSC-nin sədri Cavid Qurbanovun Gürcüstan paytaxtına ötən həftə etdikləri qəfil səfərlə bağlıdır. Haqqin.az saytının yazdığına görə, bu səfər barədə qabaqcadan heç yerdə, heç nə deyilməyib. Onların Tiflisdə olması isə yalnız AZƏRTAC-ın yaydığı kasad bir informasiyadan - Şərifov və Qurbanovun Tiflisdə Heydər Əliyevin abidəsi önünə çiçək qoyması barədə xəbərdən üzə çıxıb.
Səfərin məqsədi haqda da rəsmi heç nə deyilməyib. “Ancaq ehtimal eləmək olar ki, Azərbaycan nümayəndə heyəti gürcü tərəfi ilə danışıqlarda bir sıra problemləri çözəcək. İlk növbədə söhbət gürcü bazarı uğrunda qaz müharibəsinin başlamasından gedir - hansı bazardan ki, ”Qazprom" SOCAR-ı sıxışdırıb çıxarmağa səy edir. Nümayəndə heyətinin tərkibində Cavid Qurbanovun olması isə yəqin ki, Bakı-Tiflis-Qars dəmiryolunun Gürcüstan hissəsinin işə salınması ilə əlaqədar olub" - qeyd edib sayt.
***
Bu xüsusda ABŞ-ın “kölgə kəşfiyyatı” sayılan “Stratfor” analitik mərkəzinin yanaşması da diqqətçəkəndir. Qurumun hazırladığı son təhlillərdən birində PKK-nın boru kəmərlərinə hücum edə biləcəyi deyilir. Sitat: “Rusiyadan, Azərbaycandan, İrandan və İraqdan gələn neft və təbii qaz Türkiyə tranzit xətti ilə Avropaya çıxır. Türkiyədəki, bölgədəki ekstremist qruplar enerji daşıyan kəmərlərin bəzilərini artıq hədələyir. Xüsusilə, İŞİD və PKK əsas təhlükəli qüvvələrdir. PKK Azərbaycan və İrandan təbii qazı Türkiyəyə gətirən boru xətlərinə hücumlar edib. Əgər oktyabrın 10-da Ankarada törədilən terror aktı xəbərdarlıqdırsa, vəziyyət daha böyük təhlükələrə gətirib çıxara bilər”.
“Stratfor” analitikləri daha sonra yazır ki, Türkiyədəki daxili stabilliyin pozulması və terrorçuların aktivləşməsi ilk növbədə 16 milyard kubmetr Azərbaycan qazını Avropaya daşıyacaq Trans-Anadolu boru xəttini (TANAP) ciddi şəkildə hədələyir: “Halbuki bu, Rusiya qazından asılılığını bitirmək istəyən Avropa üçün mühüm layihədir. Türkiyənin dostları, müttəfiqləri, eləcə də investorlar üçün bu ölkənin stabilliyi önəmlidir. Misal üçün, Azərbaycanın SOCAR şirkəti və Böyük Britaniyanın bp şirkətinin əsas payçı olduğu, Avropanın enerji təhlükəsizliyində mühüm rola malik Cənub Qaz Dəhlizinin təhlükəsizliyi Türkiyənin stabilliyindən çox asılıdır”.
Bu ilin avqustunda Bakı-Tbilisi-Ceyhan xəttinə PKK-nın hücumunu xatırladan mərkəz onu da qeyd edib ki, kürdlər indi Türkiyənin ən böyük şəhərlərində hər an ayağa qalxmağa hazır vəziyyətdədirlər: “Belə bir vəziyyətdə Türkiyəyə kapital qoyuluşu çətinləşir və bu ölkədə tranzit olaraq daşınan enerjiyə təhlükə yaradır. Xüsusilə Avropaya təbii qaz daşıyacaq TANAP üçün risklər böyükdür. Hesab etmək olar ki, bu kəmərə yarana biləcək təhlükə Rusiyanın əlinə oynamaqdır. Çünki Avropanın Rusiya qazından xilas üçün ilk seçimi budur. ”Türk axını" layihəsində yaranan problemlər fonunda Rusiyanın istəmədiyi hər hansı enerji layihəsinin reallaşması Kremli çox qıcıqlandırar. Buna görə də Türkiyə möhkəm olmağa məcburdur, xüsusilə seçki öncəsi yaranmış kritik vəziyyətdə".
“Stratfor”un xəbərdarlığına bu yerdə yalnız onu əlavə eləmək qalır ki, Moskvanın Suriya planları çərçivəsində kürd qruplaşmalarını silahlandırması heç də təkcə İŞİD-lə mübarizə ilə ilgili deyil və indi artıq dəqiqdir ki, daha uzaqgedən hədəflərə hesablanıb...
***
Biz sözlə, gizli-açıq qaz savaşları başlayıb və Bakı yenə onun ön cəbhəsindədir. Bu savaşın önəmini göstərən yeni detallardan biri də Almaniya kansleri Angela Merkelin Rusiyanı “ən yaxşı qaz təchizatçısı” adlandırması sayıla bilər. Merkel özünün ənənəvi həftəlik videoçıxışında Kremlə reverans edərək deyib: “Biz çox şadıq ki, Ukrayna üçün təbii qazın qış təchizatı paketinə dair problemlər yoluna qoyulub. Almaniyanın təbii qaza başqa çıxış imkanları da var. Ancaq ümumilikdə Rusiya ötənlərdə özünü mavi yanacağın etibarlı təchizatçısı kimi tanıdıb”.
Alman üçün, avropalı üçün soyuq və qazsız qış, əlbəttə ki, dəhşətli yuxudan da betərdir və bunu ağla da gətirmirlər. Yeri gəlmişkən, Almaniya qaza olan ehtiyacının 60%-ni Rusiya hesabına ödəyir. İndi əgər almanlar da öz işləri xətrinə rusa “ayı” yox, “dayı” deyirlərsə, bu rusun qonşuluğundakı xırda xalqlar və ölkələr üçün bu qış ikiqat çətin keçəcək.
Analitik xidmət