Ərəstun Oruclu: “Onun dediklərinə şübhə etməyə əsasım yoxdur, amma...”
İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədov Eldar Mahmudovun vəzifədən azad edilməsi haqqında açıqlama yayıb. Sabiq səfir Məmmədov özünün Facebook səhifəsindəki 5 bəndlik açıqlamasında Eldar Mahmudovun qəfil işdən çıxarılması səbəbləri barədə öz mülahizələrini və eyni zamanda, ondakı məlumatları bölüşüb.
Səfir hesab edir ki, MTN əsasən qovulmuş nazir Mahmudovun yaxınlarından təşkil olunduğu üçün bu hadisədən sonra bu təşkilat uzun müddət effektli fəaliyyət göstərə bilməyəcək.
Yekunda Arif Məmmədov olduqca ilginc bir iddia irəli sürüb: “Bəllidir ki, ölkənin bütün səfirliklərində MTN-in çoxsaylı əməkdaşları işləyir. Onlar Eldar Mahmudova şəxsən sadiq kadrlardır və onların bir neçəsi bəzi diplomatlar kimi geri qayıtmayacaqlar və siyasi mühacir statusu üçün müraciət edəcəklər”.
A.Məmmədovun sonuncu iddiasının - ölkənin bütün səfirliklərində MTN əməkdaşlarının çalışmasına diqqət çəkir. Bununla bağlı gün ərzində dəfələrlə Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevlə əlaqə saxlamağa çalışsaq da, sonuncu zənglərə cavab vermədi.
Qərb-Şərq Araşdırmalar Mərkəzinin rəhbəri, ekspert Ərəstun Oruclu isə bildirdi ki, A.Məmmədovun təcrübəli diplomat olmasını qəbul edir və o, çoxsaylı MTN əməkdaşlarının səfirliklərdə çalışdığını deyirsə, buna şübhə etməyə əsası yoxdur: “Bu, təkcə Azərbaycanın təcrübəsi deyil, digər ölkələrdə də buna bənzər hallar var. Hüquqi deyil, amma real praktikadır. Amma bu şəxslərin şəxsən Eldar Mahmudova sadiq olması mübahisəli məsələdir. Bakıdan bu insanlara münasibətin necə olacağı da müzakirə mövzusudur. Rəsmi Bakıdan, hakimiyyətdən bu insanlara diskriminasiya, təzyiq münasibəti olacaqsa, geri qayıtmamağa üstünlük verəcəklər. Bu cür təcrübə daha öncə Arif Məmmədovla bağlı oldu”.
Müsahibimiz bildirdi ki, bu təcrübə davam edəcəksə, o səfirliklərin çətiri altında işləyən MTN əməkdaşlarına qarşı da bu cür davranış sərgilənəcəksə, gözlənilənlər baş verəcək: “Onlar özünümüdafiə taktikası seçəcək və Arif Məmmədov dediyi kimi, geri qayıtmayacaqlar. Amma bu, Azərbaycan diplomatiyası üçün ciddi fəsaddır. Onların təqib olunması olsa, bunun ciddi nəticələri də olacaq”.
Sevinc TELMANQIZI MUSAVAT.kom