Eldar Mahmudovun adamlarını həbs etməyə başladılar; özünün isə ev dustağı olduğu bildirilir

20-10-2015, 09:17   

MTN-in 10 zabiti haqqında həbs-qətimkan tədbiri seçilib; Aralarında qadın da var

Milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılmasından sonra Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) Milli Təhlükəsizlik Nazirliyində (MTN) keçirdiyi əməliyyatın təfərrüatları bəlli olub. Azərbaycan hakimiyyətinə yaxın qaynaqlardan virtualaz.org saytına daxil olan məlumatlara görə, hüquq-mühafizə orqanları MTN-nin fəaliyyətini bir ilə yaxındır izləyirmiş.

Sayt yazır ki, Eldar Mahmudovun göstərişi, nazirliyin Antiterror Mərkəzinin rəisi Elçin Quliyevin, nazir müavini Hilal Əsədovun, habelə nazirin şəxsi “kassiri” Akif Çovdarovun və digərlərinin fəal iştirakı ilə dinləmə qurğularının köməyi ilə ölkənin biznes-elitasının, habelə orta biznesin tanınmış nümayəndələrinin fəaliyyəti izlənilib.


MTN-də biznesmenlərə işgəncə verilirmiş



Sonra bu biznesmenlər barədə kompromat xarakterli materiallar toplanılıb. Bundan sonra MTN-nin əməliyyat qrupu rəhbərliyin göstərişi və Antiterror Mərkəzinin rəis müavini Ilqar Əliyevin şəxsən iştirakı ilə biznesmenlərin qanunsuz həbslərini həyata keçirib. Söhbət de-fakto sanksiyasız həbslərdən, biznesmenlərin “haqq” alınması üçün girov götürülməsindən və ciddi korrupsiyadan gedir.

Biznesmenləri MTN-nin təcridxanasında həftələrlə, bəzən aylarla saxlayıblar. Onların barəsində həbs tədbirinin dəyşdirilməsi üçün hər biznesmendən 350 min manat alıblar. Sonra Eldar Mahmudovun və onun kassiri Akif Çovdarovun qruplaşmasının toruna düşən biznesmenlər azadlığa buraxılmaq, MTN-in təcridxanasından çıxmaq üçün milyonlar ödəyiblər.

Bir neçə gün əvvəl isə Şəmkirdə Akif Çovdarovun təşəbbüsü ilə 20 nəfərə yaxın biznesmen saxlanılıb. Bu biznesmenlərin hamısı MTN-nin təcridxanasına salınıb, onlara amansız işgəncə verilib və qeyri-insani rəftara məruz qoyulublar.

MTN rəhbərliyinin adından biznesmenlərlə söhbət aparan Akif Çovdarov onların hər birindən 400 min manat tələb edib. Biznesmenlərin bu pulu ödəyib azadlığa çıxmaqdan başqa yolu qalmayıb.

Lakin onlar baş verənlər barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə danışıblar. Və bu informasiya dövlət başçısına məruzə edilib.

Bundan sonra Eldar Mahmudovun qələminnin qırılması barədə göstəriş verilib.

Həbs olunan generallar arasında qadın da var



Virtualaz.org saytı həmçinin məlumat yayıb ki, milli təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Hilal Əsədov ev dustağı edilib. Hilal Əsədovla yanaşı MTN mərkəzi aparatının rəhbəri Fərhad Vahabov barədə oxşar qərar verilib.

Baş Prokurorluqdan isə generallar Hilal Əsədovla Fərhad Vahabovun saxlanması faktını nə təsdiq, nə də təkzib ediblər.

Istiqlal.az saytının məlumatına görə, həbs olunan generallar arasında qadın da var. Bu, MTN-nin texniki əməliyyat idarəsinin rəisi general-mayor Natavan Mürvətovadır. Ona 2009-cu ildə general-mayor rütbəsi verilib. 2013-cü ildə “Vətən görə” medalı ilə təltif olunub.

Baş Prokurorluq MTN-nin 10 zabitinin həbsi barədə təqdimat verib



Axşam saatlarında isə teleqraf.com məlumat yayıb ki, Baş Prokuror yanında Korrupsiya Qarşı Mübarizə Idarəsi tərəfindən Milli Təhlükəsizlik Nazirliyinin 10 əməkdaşı barəsində həbs qərarının çıxarılması ilə bağlı məhkəməyə təqdimat göndərilib. Həbs qərarının çıxarılması ilə bağlı təqdimat Nəsimi rayon Məhkəməsinə göndərilib.

Sayt yazıb ki, Vəkillər Kollegiyasına da 10 vəkilin təcili məhkəməyə çağırılması üçün çağırış göndərilib. Vəkillər Kollegiyasının 14-cü hüquq məsləhətxanasından 10 vəkil həmin təqdimatla bağlı keçirilən məhkəmə prosesinə göndəriliblər.

14 saylı hüquq məshələtxanasından bildiriblər ki, burada olan vəkillər Nəsimi rayon Məhkəməsində bir qrup şəxsin barəsində həbs qərarının çıxarılması ilə bağlı prosesdə iştirak edirlər: “Günün sonu olduğu üçün bizdə ətraflı məlumat yoxdur. Buna görə də kimlərin barəsində proses keçirilir, bu barədə də məlumat verə bilmərik”.

Criminal.az isə xəbər verir ki, Səbail rayon Məhkəməsində nazirliyin saxlanılan bir neçə əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilib. Onlar arasında yüksək rütbəli zabitlər də var.

MTN əməkdaşları bir neçə maşında məhkəməyə gətiriliblər. Onların barəsində hissə-hissə həbs qərarı verilir. Əməkdaşların sayı 10-dan artıqdır. Həbs olunan zabitlər Cinayət Məcəlləsinin 302-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunurlar.

Nazirlik əməkdaşları ilə bağlı Baş Prokuror yanında Korrupsiya Idarəsi tərəfindən cinayət məcəlləsinin müxtəlif maddələri ilə ittiham irəli sürülüb. Cinayət işində istintaq qrupunun rəhbəri həmin idarənin rəis müavini Əli Nağıyevdir.

Hansı generallar barədə həbs-qətimkan tədbiri seçilib?

Report.azı-n məlumatına görə isə saxlanılan MTN zabitləri barədəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Sayt yazır ki, haqqında həbs qətimkan tədbiri seçilənlərin hamısının adı bəlli olmasa da, onlardan üç nəfərinin adı artıq məlumdur. Onlar MTN-nin Aparat rəhbəri Fərhad Vahabov, nazirliyin Monitorinq Mərkəzinin əməkdaşı Natəvan Mürvətova və polkovnik Füzuli Ələsgərzadədir.

Məlumatlara görə, MTN-nin antiterror mərkəzinin rəisi Elçin Quliyev və müavini Ilqar Əliyev də həbs olunanlar sırasındadır. Həmçinin bildirilir ki, Akif Çovdarov da nəzarətə götürülüb.

MTN generallarının paqonları soyulacaq



Milli təhlükəsizlik naziri vəzifəsindən azad edilən general-polkovnik Eldar Mahmudov, müavini, general-leytenant Hilal Əsədov, general-mayor Akif Çovdarov və digər generalların rütbələrindən məhrum olunacaqları gözlənilir. Bu məlumatı isə “Qafqazinfo” yayıb.

Sözügedən şəxslərə verilən ali rütbələr iki qayda da geri alına bilər.

Birinci qayda məhkəmə qərarı ilə qanuni cəza qüvvəyə minəndən sonra ola bilər. Cinayət Məcəlləsinin 48-ci maddəsində qeyd olunur ki, məhkəmə qərarı ilə cəzalandırdıqdan sonra şəxs rütbədən və dövlət təltiflərindən məhrum edilə bilər.

Maddə 48. Xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə

Ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı məhkəmə cinayətin xarakterini, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum edilməsinin zəruriliyi nəticəsinə gəldikdə, bu barədə xüsusi və ya hərbi rütbəni, fəxri adı və dövlət təltifini vermiş orqana müvafiq təqdimat göndərir.

Ikinci isə ölkə başçısının səlahiyyəti daxilindədir və dövlət başçısı istənilən zaman həmin şəxsləri ali rütbələrindən məhrum edə bilər.

Hazırda görünən odur ki, Eldar Mahmudov başda olmaqla adıçəkilən generalların paqonları soyulacaq.

3 general 2 jurnalistə qarşı



Sonda qeyd edək ki, MTN ətrafında baş verənlərdə adıkeçən general Akif Çovdarov 2008-ci ildə “Azadlıq”ın əməkdaşı Aqil Xəlili döyməklə gündəmə gəlmişdi. Aqil Xəlil Bakıda Zeytunluq adlanan yaşıllıq massivində ağacların kəsilməsi ilə bağlı çəkiliş apararkən Akif Çovdarov və MTN-nin digər zabiti Dağbəyi Allahverdiyev tərəfindən amansız şəkildə döyülmüşdü. Aqil Xəlil bu məsələni ictimailəşdirəndən sonra isə yenidən Akif Çovdarovun və MTN rəhbərliyinin hədəfinə gəlmişdi. Jurnalistə susması üçün ciddi təzyiqlər edilsə də, o, geri çəkilmədi və bıçaqlandı. Bundan sonra da Aqil Xəlilə təzyiqlər davam etdi. Nəhayət, jurnalist ölkəni tərk etmək məcburiyyətində qaldı.



MTN-nin antiterror mərkəzinin rəisi Elçin Quliyevlə müavini Ilqar Əliyev isə Bizim Yol qəzetinin əməkdaşı Pərviz Həşimlinin həbsini bilavasitə həyata keçirən şəxslərdir. Pərviz Həşimli məhkəmədə verdiyi açıqlamalarda bildirirdi ki, bu şəxslər ondan azadlığının müqabilində ayrı-ayrı məmurların üzünə durmağı tələb edir. Jurnalist məhz bu tələbi yerinə yetirmədiyinə görə uzun müddətli həbsə göndərildi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.