Cənab Prezident, Ağdamda şəhid atasından “şapka” tələb edirlər

20-10-2015, 09:34   
Cənab Prezident, Ağdamda  şəhid atasından “şapka” tələb edirlər
Məmməd Musayevlə Şirzad Abdullayev Ilham Əliyevin sahibkarlarla bağlı dediklərinə məhəl qoymur?

Ağdamdan məcburi köçkün, şəhid atası Əli Hüseynov ölkə başçısı Ilham Əliyevə müraciət edib. Əli Hüseynov müraciətin bir surətini də redaksiyamıza göndərib.

Şəhid atası “Aqrarkredit”in rəhbəri Məmməd Musayevlə Sahibkarlığa Kömək Milli Fondunun sədri Şirzad Abdullayevdən şikayət edir.


Əli Hüyseynov yazır: “Cənab prezident, artıq iki ildir ki, oğlumla birgə sahibkarlıq fəaliyyəti ilə məşğul oluruq. Lakin ”Aqrarkredit”in rəhbəri Məmməd Musayevlə, Sahibkarlığa Kömək Milli Fondunun sədri Şirzad Abdullayev sizin sahibkarlarla bağlı söylədiyiniz fikirlərin əksinə olaraq bizim işimizə mane olurlar. Mən 50 baş mal-qara üçün ferma tikmişəm. Mal-qara almaq üçün “Aqrarkredit” və Sahibkarlığa Kömək Milli Fondundan 100 min manat kredit ayrılmasını xahiş etmişəm. Amma bu şəxslər kreditin qarşılığında bizdən “şapka” istəyir. “Şapka” vermədiyimizə görə də süründürməçiliyə məruz qoyurlar.

Mənim bütün standartlara uyğun olan fermam hələ də boş qalıb.

Cənab prezident, sizdən bir şəhid atası kimi xahiş edirəm ki, bu adamların əməllərinin araşdırılmasına göstəriş verəsiniz. Araşdırılma aparılsa, Məmməd Musayevin oğlunun necə “Turan Bank”ın rəhbəri olduğu və Şirzad Abdullayevin bahalı mülkləri, obyektləri hansı pulla aldığı üzə çıxar. Cənab prezident, mən 100 min manat kredit götürmək üçün 500 min manatlıq girov qoyuram. Lakin “şapka” vermədiyimə görə krediti vermirlər. Halbuki Şirzad Abdullayevlə Məmməd Musayev yaxın adamlarına və vəzifəli şəxslərə milyonlar paylayırlar.

Mənim fermamı özünüz görsəydiniz bu adamların əziyyətimi necə yerdə vurması barədə aydın təsəvvürünüz yaranardı.

Cənab prezident sizdən artıq dərəcədə xahiş edirəm ki, bu iki məmurun cəzalandırılması barədə göstəriş verəsiniz. Onu da qeyd etmək istəyirəm ki, siz həmişə Azərbaycanda rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə aparıldığını bəyan edirsiniz. Biz də bunun şahidiyik. Inanıram ki, mənim müraciətimə də biganə qalmayacaqsınız”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.