Son günlər Azərbacyan və Ermənistan qoşunlarının təmas xəttində sakitlik hökm sürsə də regionda Dağlıq Qarabağ münaqişəsi ətrafında gərginlik qalmaqdadır.
Ekspertlər, kütləvi informasiya vasitələri sentyabr ayında qanlı döyüşlərin səbəblərini təhlil edir və bildirirlər ki, Dağlıq Qarabağda müharibə getdikcə yaxınlaşır. Lakin onu da qeyd etmək lazımdır ki, münaqişəyə xarici qüvvələrin təsiri də var və bu, vacibdir.
Çünki prosesin nizamlanması istiqamətində çalışan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri regionda sabitliyin qorunub saxlanılmasına cəhd edirlər. Təbiidir ki, bəzi qüvvələr də çalışır ki, regiona təsir gücünü artırmaq üçün münaqişə zonasında yeni problemlər yaratsın.
ANS PRESS-in məlumatına görə, Dağlıq Qarabağ münaqişəsi üzrə məşhur ekspert, amerikalı analitik, ABŞ dövlət departamentinin SSRİ məsələləri üzrə sabiq xüsusi müşaviri Pol Qobl əmindir ki, Rusiya sülhməramlı qüvvələri Qarabağa yeritmək niyyətindədir, lakin rəsmi Moskva bunu ən son variant kimi düşünür.
Məşhur analitik Pol Qobl
"Qarabağ yenidən Azərbaycanın nəzarəti altına keçsə, Rusiya istəyəcək ki, Qarabağa sülhməramlı qoşun yerləşdirsin", - deyə Qobl bildirib.
Vaşinqton İnstitutunun dünya siyasəti üzrə professoru bildirir ki, Rusiya nə əvvəllər, nə də indi Ermənistanın müttəfiqi olmayıb və mümkün olan kimi Moskva İrəvanı satacaq.
Qoblun sözlərinə görə, Rusiyadan fərqli olaraq Qərb regionda mühüm rıçaqlara sahib deyil, Dağlıq Qarabağda müharibə başlasa, Qərb məsələnin həllini Moskvaya həvalə edəcək. Çünki Rusiyanın Cənubi Qafqazda çox güclü rıçaqları var. Üstəlik, son vaxtlar Azərbaycan da Rusiyaya tərəf istiqmətlənib.
"Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən son döyüşlər onu deməyə əsas verir ki, Dağlıq Qarabağ münaqişəsi yeni mərhələyə qədəm qoyub. çünki Rusiya Azərbaycanı dəstəkləyir. Moskva Bakını Qərbə deyil, öz tərəfinə çəkə bilsə, Ermənistan dərhal satılacaq. Bunun isə həm iqtisadi, həm də siyasi səbəbləri var. Rusiya və Türkiyə arasında münasibətlərin pisləşdiyi bir vaxtda Azərbaycan seçimini edəcək. İran istisna olmaqla Ermənistanın yanında isə heç kim yoxdur. Amma İrana tərəf addımı Ermənistan üçün təhlükəli hesab etmək olar", deyə Qobl bildirib.
ATƏT-in Minsk Qrupunun həmsədrləri
Pol Qobl hesab edir ki, Qərbin Dağlıq Qarabağ münaqişəsində rıçaqı kimi görünən ATƏT-in Minsk Qrupu əslində Rusiyanın əlindədir. Moskva Minsk Qrupundan Qarabağ münaqişəsinə təsirini balanslaşdırmaq üçün istifadə edir:
"Düşünmürəm ki, ATƏT-in Minsk Qrupu Qərb üçün faydalı olsun. Monsk qrupu Moskvaya baş verən bütün hadisələrlə bağlı veto qoymaq hüququ verib. Əgər ABŞ öz rolunu oynaya bilsəydi, Azərbaycan və Ermənistan Ki Uest sazişini imzalamağa məcbur olardı. Heydər Əliyev buna hazır idi. Amma Moskva bu sazişin reallaşmaması üçün ATƏT-in Misk Qrupundan istifadə etdi".