Deputatdan "ASAN xidmət": Vəzifə başında 2000-dən çox saxta diplomlu şəxs var

25-10-2015, 22:50   
Deputatdan "ASAN xidmət": Vəzifə başında 2000-dən çox saxta diplomlu şəxs var

Bəxtiyat Əliyevin yaratdığı filial "konveyer" funksiyasını həyata keçirib, onların arasında 1 rayon prokuroru, bölmə və şöbə rəisləri də var

Azərbaycanda saxta diplom qalmaqalı, qeyri-qanuni "tələbə köçürmələri", TQDK-dan kənar qəbulların həyata keçirilməsi adi hal alıb. Batan Azərbaycan təhsilinin belini qıranlar isə bu sahəyə ümumiyyətlə yad olanlar deyillər. Əksinə, onu idarə edənlər, onun "ağsaqqalları"dırlar.
JAM.AZ-a daxil olan bir məlumat saxta diplom məsələsini yenidən gündəmə gətirməyimiz üçün vəsilə oldu. Və eyni zamanda, bununla bağlı bəzi araşdırmalar apararaq, məsələnin mahiyyətinə varmaq istədik. Qarşımıza isə elə faktlar və məlumatlar çıxdı ki, atalarımız demiş "yetişmişimiz qalıb, kalımız töküldü".

İlk olaraq redaksiyamızın ünvanına daxil olmuş bir məlumatı diqqətinizə çatdıraq. Daha doğrusu, bu məlumat özü bir sensasiyadır. Çünki orada yazılanlar həqiqəti əks etdirirsə, bu ölkənin hazırkı vəziyyətə düşməsində başqa səbəb axtarmağa qəti gərək yoxdur.
JAM.AZ-a verilən məlumatda deyilir ki, Azərbaycanda faktiki olaraq yüksək və orta səviyyəli vəzifələrdə çalışanlar arasında 2000-dən artıq saxta diplomlu şəxslər var. Qeyd olunur ki, bu diplomların verilməsini hal hazırda Milli Məclisin deputatı, eyni zamanda Elm və Təhsil Komissiyasının sədr müavini, habelə BDU-nun Elmi Şurasının sədri Bəxtiyar Əliyev həyata keçirib.

Belə ki, B.Əliyev 2000-ci ildə Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, Hüquq və İqtisadiyyat Universitetinin Bakı filialını yaradıb. Cəmi iki otaqdan ibarət olan bu filialın sənədləri də yerində deyil. "7 il ərzində oraya testdən kənar (guya Rusiya qanunları üzrə) 2 min tələbə qəbul edib. Qəbul edilənlərin hamısı vəzifəli şəxslərin uşaqlarıdır. Deputat qəbuldan 1 ay sonra onları müxtəlif nüfuzlu dövlət universitetlərinə transfer edib. Beləliklə testdənkənar qəbul olunan həmin şəxslər yekunda BDU və digər nüfuzlu Universitetin diplomunu alıb".
JAM.AZ-a danışan mənbə iddia edir ki, məsələ bununla da bitməyib. "Bəxtiyar Əliyev yaratdığı filiala başqa işlərə də qol qoyub. Məsələn, bakalavr pilləsini bitirən həmin məmur uşaqlarının əksəriyyəti öz diplomlarının statusunu artırmaq üçün, ya təkrar 2-ci ali təhsil "alıb", ya da Elmi İş "müdafiə edib"(hər ikisində "test imtahanı" yoxdur)".

Mənbə iddia edir ki, sözügedən filialın diplomuna sahib olan vəzifəli uşaqlar valideynlərinin sayəsində bu gün müxtəlif dövlət vəzifələrində çalışırlar. Xüsusən də güc strukturlarında yerləşiblər. Çünki onların əksəriyyəti hüquq sahəsi üzrə "təhsil" alıblar".

Məlumatı göndərən şəxs hətta hansı strukturda neçə nəfər belə diplomlu şəxslərin varlığından xəbərdar olduğunu da yazıb. "Məndə olan məlumata görə, Baş Prokurorluqda 2 nəfər həmin Bakı filialının məzunu var. Onlardan yüzlərlə şəxs DİN, FHN, MTN və Ədliyyə Nazirliyində isə nisbətən orta səviyyəli vəzifələrdə (idarə, şöbə, bölmə rəisi səviyyəsində) qərarlaşıblar".

Hətta iddia edilir ki, hazırda bir rayonun prokuroru da saxta diplomludur. Və mənbə yekunda bu şəxslərin siyahısını da təqdim etməyə hazır olduğunu bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.