Baş gömrükçünün müsahibəsində nələr aydın olur?
Bugünlərdə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ANS-ə geniş müsahibə verib. Müsahibəni oxuyanda tam aydın olur ki, heç nə yaxşı olmayacaq. Eyni zamanda aydın görünür ki, Aydın müəllim əsas məqamlardan yayınır və cavablar suallara adekvat deyil.
Məsələn, “Prezident son müşavirədə dedi ki, Gömrük Orqanlarının dövlət büdcəsinə daha çox vəsait toplamaq üçün imkanları var. Bu imkanlar hansılardır və bunlardan necə istifadə edirsiz?” sualına Aydın müəllimin yekun cavabı belə olur: “Idxal olunan mallar ötən il səviyyəsində olsa da, ümumilikdə vergitutma halları azalıb. Yüngül minik maşınları 2 dəfədən çox, tütün məmulatları küllü miqdarda, spirtli içki 15,4 milyon manat, şəkər və qənnadı məhsulları 60 milyondan çox, 155 milyondan çox neft məhsullarında verigitutma halları azalıb”.
Bəli, Aydın müəllim hansı imkanlardan istifadə olunacağını açıqlamır. Əksinə, bəzi rəqəmlər səsləndirməklə vəziyyətin pis olacağını etiraf edir. Yəni, gömrük orqanlarından büdcəyə daha çox vəsait toplanmasının mümkün olmayacağını söyləyir.
Ardınca, Aydın Əliyevə gömrük sistemindəki inhisarçılıqla bağlı sual verilir və prezidentin də bu mövzuya toxunduğu xatırladılır. Konkret olaraq isə inhisarçılığın qarşısının niyə alınmadığı sualı ortaya çıxır.
“Məsələn reklam malların idxalında böyük rol oynayır. Dünyanın bir çox yerlərində başqa sərinləşdirici içkilər istehsal olunsada hazırda ”Coco-cola” və “ Pepsi” əsas inhisarçılardan birisidir. Inhisarçılığa səbəb maarifləndirmənin aparılmamasıda ola bilər” – deyə Aydın Əliyev cavab verir.
Deməli, ölkədə bütün sahələr iri məmurların monopoliyasındadır, camaat ölkəyə 2 kilo banan gətirə bilmir, hansı məhsulun hansı məmurun inhisarında olması məlumdur. Belə bir məqamda gömrük rəisi hesab edir ki, inhisar reklamla bağlıdır və nümunə kimi də “Coca-cola”nı göstərir. Yəni, bu suala cavab verilərkən də inhisarın qarşısının niyə alınmadığı, necə alınacağı açıqlanmır və diqqət əsas səbəbdən yayındırılır. Deməli, inhisarçılıq da əvvəlki kimi qüvvədə qalacaq.
Daha sonra gömrük sədrinə mobil telefonların idxalına yaradılan əngəllərlə bağlı sual edilir və xüsusən də Iphone gətirməyin təhlükəli hal olduğu xatırlanır.
Aydın Əliyev bu suala da belə cavab verir: “Mən bu yaxınlarda telefonu dükandan 800 AZN-ə aldım. Amma təhlil aparanda məlum oldu ki, bu telefon Dubaydan gətirilərsə və gömrükdə vergi ödəyib, ölkəyə daxil etsə belə bunun satış qiyməti 800 AZN ola bilməz”.
Bəli, Aydın müəllim bu dəfə də günahı satıcının, telefon gətirənin üstünə atır. Yəni, gömrükdə hər şey şəffafdır və qiymətlərin yüksək olması idxala nəzarətlə bağlı deyil.
Ardınca Aydın müəllim belə bir etirafda səsləndirir: “Qanunvericilikdə hər bir fiziki şəxs özü ilə 3 litr spirtli içki və 600 ədəd (3 blok) siqareti rüsumsuz gətirə bilər. Əsas bu problem Gürcüstan sərhəddində yaşanır. Bizim sərhəd kəndlərdə yaşayanlar viza tələb olunmadığı üçün gündə bir neçə dəfə Gürcüstana gedərək, siqaret alırlar”.
Bəli, bu ölkəni elə vəziyyətə salıblar ki, 3 blok siqaretə görə vətəndaş gündə 2 dəfə Gürcüstana getməli olur. Niyə, bu qədər potensiala malik olan, hökumətimizin analoqsuz inkişaf etdirdiyi ölkənin vətəndaşı mənfəət üçün Gürcüstana pənah aparır? Həmin siqaret Gürcüstandakı qiymətə satılsa, vətəndaş Gürcüstana üz tutmaz. Bəli, neft və milyardlar səltənətinin vətəndaşları dolanmaq üçün Gürcüstana üz tutur.
Daah sonra Aydın Əliyevə “Gürcüstana gedən adam qısa bir vaxt ərzində ora keçə bilir. Amma Azərbaycana gələn adam iki üç saat vaxt itirir. Bu nə ilə bağlıdır?” sualı verilir.
Yenə də gömrük şefi “şedevr” cavab verərək, “Çünki Gürcüstanda məsələ elə qoyulub” deyir. Ardınca isə daha acınacaqlı etiraf səsləndirir: “Azərbaycandan Gürcüstana heç nə aparılmır. Azərbyacana gələrkən isə vergi rüsumlarından qaçmaq şərti ilə küllü miqdarada mobil telefonlar, spirtli içkilər, tütün məmulatı və s. gətirilir. Ən böyük problem isə ərzaq məhsullarının Gürcüstandan Azərbyacana gətiriliməsidir”- deyə Aydın Əliyev bildirir.
Görəsən, nə üçün Azərbyacandan Gürcüstana heç nə aparılmır? Əslində, müxtəlif məhsullar satış üçün Gürcüstana aparılmalıdı. Amma bu ölkəni elə vəziyyətə salıblar ki, ölkə vətəndaşı zəruri ehtiyacları, hətta ərzaq məhsullarını da Gürcüstandan gətirir. Bəli, bu ölkənin vətəndaşı ucuz mal almaq üçün Dağıstana, Gürcüstana yollanır. Açıq şəkildə etiraf olunur ki, Azərbaycan iflic bir vəziyyətə salınıb. Əgər regionun ən böyük ölkəsindən qonşu ölkələrə heç nə aparmaq mümkün deyilsə, deməli bu böyük ölkə çox kiçik duruma salınıb.
Daha sonra Aydın Əliyevə gömrükdəki rüşvət halları, sahibkarlardan qeyri-rəsmi ödənişlər tələb edilməsi, lisenziyalar haqqında sual verilir və bu halların qarşısının necə alınacağı soruşulur. Gömrük rəisinin cavabı isə belə olur: “Artıq ölkə başçısı tərəfindən qanunvericilikdə bununla bağlı hazırlanan sənədlər imzalanıb”.
Sonda isə Aydın Əliyevə gömrük xidmətində çalışan əməkdaşların maaşları barədə sual verilir. Aydın müəllim isə sual ətrafında geniş gəzişmə etsə də, əməkdaşların maaşının nə qədər olduğunu dilə gətirmir. Çünki, maaşların nə qədər olduğunu dilə gətirmək, “sürətli inkişaf” nağıllarını puç edir.
Göründüyü kimi Gömrük şefi bütün neqativlərə təbii yanaşır, vətəndaşın qonşu ölkələrdən asılı vəziyyətdə olduğunu vurğulayır və vəziyyətin dəyişəcəyinə əminlik ifadə etmir. Əslində bu müsahibə bərbad vəziyyətin rəsmi şəkildə ifadəsidir.
Samir