Əsədin Moskva səfərində Azərbaycan izi

26-10-2015, 10:00   
Əsədin Moskva səfərində Azərbaycan izi

Azərbaycanın Əsədin Kremlə səfərinə imkan yaratması ölkəmizə nə vəd edir?

Gültəkin Hacıbəyli: «Hakimiyyətin bu məsələdə Rusiyaya «yox» deyəcək qədər iradəsi yoxdur»

Suriya diktatoru, 4 ildir davam edən vətəndaş müharibəsində yüz minlərlə vətəndaşının ölümünə bais olan Bəşər Əsədin oktyabrın 20-də Moskvaya qəfil səfərinin necə təşkil olunduğunu rəsmi mənbələr açıqlamayıb. Əsəd 4 ildə ilk dəfə Suriyadan çıxmışdı. Lakin necə ola bilər ki, Suriya diktatoru hava məkanında xarici hərbi aviasiyanın qaynaşdığı ölkəsindən çıxa bilib?

Isveçrənin “Le Temps” qəzeti yazır ki, rusiyalı aviablogerlərin əldə etdikləri məlumatlara görə, Əsədin Moskva səfərinin təşkili əsl casus filmlərinin epizodunu xatırladır.

“İraq, İran, sonra da Xəzər dənizi”

“AlexFly35″ şərti adlı blogger Rusiya prezidenti Vladimir Putinin suriyalı müttəfiqini Moskvaya gətirmək və geri qaytarmaq üçün hansı resursları işə saldığını müəyyənləşdirib. Blogger ”Flightradar” saytından və öz mənbələrindən əldə etdiyi məlumatlar əsasında Bəşər Əsədin Suriyanın Latakiyə şəhərindən Moskvaya və geriyə yolunu izləyə bilib.

Oktyabrın 20-də səhər saatlarında Bəşər Əsəd Rusiyanın Latakiyədəki aviabazasına gedib. Orada o, Moskva ətrafında yerləşən Çkalovsk hərbi aerodromundan göndərilmiş İl-62 təyyarəsinə minib. “Prezident salonu” və xüsusi rabitə vasitələri ilə təchiz edilmiş bu təyyarə İraq və İranın hava məkanından keçib. Daha sonra Xəzər dənizi üzərindən uçub və Həştərxan istiqamətindən Rusiyanın hava məkanına daxil olub.

Çkalovsk aerodromunda təyyarə Moskva vaxtı ilə 14:20-də yerə enib. Kremldə Putinlə görüşəndən dərhal sonra Əsəd yenidən Çkalovsk aerodromuna aparılıb və orada eynilə həmin təyyarənin bənzərinə minib. Təyyarə həmin marşrutla geri qayıdıb.

Oktyabrın 21-də Rusiya hakimiyyəti Bəşər Əsədin Moskvaya səfər etdiyini açıqlayanda Suriya diktatoru artıq Latakiyə aerodromuna qayıtmışdı.

Çkalovsk aerodromunda Rusiya Müdafiə Nazirliyinin 223-cü uçuş dəstəsi dislokasiya olunub. Bunlar əsasən “An” və “İl” tipli hərbi nəqliyyat təyyarələridir. Bu təyyarələr təkcə Rusiya hərbçilərini kurortlara daşımır, ekspertlər qeyd edir ki, həmin hərbi hissə göstərişləri birbaşa Kremldən alır və xüsusi təyinatlı dəstələrin döyüşçülərini təyin olunmuş nöqtəyə daşıyır.

“Moskva Azərbaycanı Suriya əməliyyatlarına mane olmamağa inandırıb”

Rusiya xəlvəti olaraq Suriyaya hərbi ləvazimat və aviabaza qurmaq üçün lazım olan vasitələr daşıyanda da bu aviadəstənin təyyarələrindən yararlanıb.

Lakin İsveçrə nəşri yazır ki, sentyabrın 8-də görünməmiş hadisə baş verib: Bolqarıstan Çkalovsk aviadəstəsinin təyyarələrinə ölkənin hava məkanından keçməyi qadağan edib. Təyyarələrin bəziləri yoldan geri qayıdıb, biri isə Bolqarıstanın hava məkanından keçə bilib.

Bu insidentə görə Bolqarıstanın aviasiya xidmətinin işçiləri soyuq tər tökməli olublar.

Bolqarıstanın hava məkanını bağlamasından sonra Rusiya diplomatik kanallarla yeni marşrutu razılaşdırıb. Moskva Azərbaycan, İran və İraqı Rusiyanın Suriya əməliyyatlarına mane olmamağa inandırıb. Suriyaya göndərilən Rusiya bombardmançıları bu ölkələrin hava məkanından keçməklə Latakiyə aerodromuna enib.

Lakin Suriya səmasında ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın təyyarələri də uçduğundan Rusiya təyyarələri ilə toqquşma riski var idi. Nəhayət, oktyabrın 20-də Rusiya ilə ABŞ nümayəndələri Suriyanın hava məkanında insidentlərin qarşısının alınmasına dair protokol imzalayıb. Elə həmin gün Bəşər Əsəd Moskvaya uçub (virtualaz.org).

Yazıda xüsusi vurğulanır ki, Azərbaycan tərəfi onun hava məkanından keçəcək təyyarədə Əsədin olmasını bildiyi halda buna etiraz etməyib. Bəs, Azərbaycanın hazırda dünyada olduqca neqativ imicə sahib bir şəxsin onun ərazisindən keçməsinə etiraz etməməsi hansı fəsadlar yarada bilər?



Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, Azərbaycanın daha öncə Xəzər dənizindən Suriyanın vurulmasına cəlb edilməsini də beynəlxalq aləm birmənalı qarşılamamışdı. Azərbaycanın bu münaqişədə Rusiyanın yanında görünməsinin ölkənin beynəlxalq imici baxımından heç də xoşagələn olmadığını deyən G.Hacıbəyli bildirdi ki, Rusiya Suriyanı ona məxsus sektordan vurduğunu iddia edir: “Suriyanın Xəzərdən vurulması, Türkiyənin və NATO-nun mövqeyini nəzərə alsaq, Azərbaycan üçün yaxşı perspektivlər vəd etmir. Bunun ardınca Əsədin Azərbaycan üzərindən Rusiyaya uçması bu tendensiyanın davamıdır”.

Əsədin Rusiyaya ən qısa uçuş marşrutunun Türkiyə üzərindən keçdiyini deyən G.Hacıbəyli vurğuladı ki, Türkiyə buna icazə verməyib. Belə olan halda Əsəd Azərbaycan üzərindən Rusiyaya uçmağa məcbur olub: “Bu heç də xoşagələn hal deyil. Azərbaycanın siyasi hakimiyyətinin bu məsələdə Rusiyaya ”yox” deyəcək qədər iradəsi yoxdur. Buna görə Azərbaycan Rusiyanın tələbləri qarşısında geri çəkilməyə məcbur olub. Bu dövlət beynəlxalq hüquqla hesablaşmır. Eyni zamanda Azərbaycan hakimiyyətinin Rusiya ilə sıcaq münasibətləri də var. Bütün bunlar göz önündədir və qərara təsir edən faktorlardır”.

Xəyal
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.