Bakı-Qərb münasibətləri bir həftə sonra: strategiyalar dəyişəcəkmi?

26-10-2015, 10:38   
Bakı-Qərb münasibətləri bir həftə sonra: strategiyalar dəyişəcəkmi?
Parlament seçkiləri tərəflərin “qırmızı xətt”ə nə dərəcədə yaxınlaşdığını göstərəcək; Rusiyanın bölgədə sürətlə fəallaşması, Gürcüstanın Moskvaya şübhəli reveransları demokratiya paytaxtlarını yeni və çevik qərarlar vermək zorunda qoyur...

Noyabrın 1-nə sayılı günlər qaldı. Hər nə qədər deyilsə də ki, gələn bazar keçiriləcək seçkilər əvvəlkilərdən heç nə ilə fərqlənməyəcək və nəticələri artıq bəllidir, bununla belə, o, ən azından müəyyən siyasi mərhələnin başa çatmasını simvolizə edən olay kimi səciyyə daşıyır. Söhbət həm daxili siyasətdəki proseslərin hansısa mərhələsinin yekunundan, həm də və ələlxüsus, bu seçkilərin Qərblə münasibətlərə gətirəcəyi aydınlıqdan gedir.


Şübhə yox ki, qarşıdakı illər hər mənada - istər daxili amillər olsun (neftin ucuzlaşması, manatı gözləyən təhlükələr, mümkün sosial-iqtisadi kolliziyalar), istərsə də xarici amillər toplusu (Rusiya faktoru, İŞİD və başqa radikal ekstremist ünsürlərdən gələn təhdidlər, transxəzər qaz layihələrinin taleyi, balans siyasətini davam etdirməyin çətinləşməsi və s.) baxımından hakimiyyət üçün kifayət qədər təlatümlü gözlənilir. Bu üzdən iqtidarın növbəti parlamentin əvvəlkindən daha sözəbaxan olmasında maraqlı olması dəqiqdir.

Böyük ehtimalla, seçki ərəfəsində MTN-də - hakimiyyətin əsas güc strukturunda aparılan təmizləmələr də yeni və mürəkkəb dövrə hakimiyyətin ön hazırlıqlarının tərkib hissəsidir. Bu qənaəti gücləndirən məqamlardan biri də odur ki, bu struktur çərçivəsində aparılan həbslər və təzə 1-ci müavin təyinatı sistem daxilində köklü islahatlardan çox, bu strukturda hakim qüvvəyə daha sadiq rəhbərlik formalaşdırmaq məramını xatırladır.



Hər halda, Mədət Quliyev Penitensiar Xidmətin rəisi postundan milli təhlükəsizlik nazirinin 1-ci müavini vəzifəsinə çox da yaxşı imiclə transfer olmayıb. Təkcə bir-iki faktı demək kifayətdir: onun dövründə, təkcə son 1 ildə türmələrdə ölkə ictimaiyyətini silkələyın qalmaqallı Lamiyə olayı yaşanıb, gənc dustaq Elşad Babayev zon əməkdaşları tərəfindən vəhşicəsinə öldürülüb və qanı batırılıb, üstəlik, işlə bağlı yeganə canlı şahid Yadigar Nuriyev də bir neçə həftə əvvəl müəmmalı şəkildə dünyasını dəyişib, bütövlükdə sistemdə işgəncə faktları artıb və s. Ancaq belə görünür, cənab Quliyevin bu keyfiyyəti deyil, hansısa vazkeçilməz başqa qabiliyyəti yeni posta təyinatı üçün əsas olub. Yəni sədaqət prinsipi.

*****

Beləliklə, MTN-də seçki ərəfəsində baş verənləri ən əvvəl hakim siyasi sistemin öz daxili dayaqlarını möhkəmlətmək istəyinin təzahürü kimi dəyərləndirmək lazım gəlir. Bunu həmçinin, yeni mərhələdə yürüdüləcək xarici siyasətin də bir anonsu saymaq olar. Çünki xarici siyasət daxili siyasətin davamı hesab edilir.

Cəmi bir həftə sonra - 1 noyabr seçkilərinin nəticələrinə Qərbin - ABŞ və Avropanın, demokratiya paytaxtlarının reaksiyasından bunun konturlarını görə biləcəyik. Bir məsələ var ki, rəsmi Bakı və Qərb yeni mərhələdə heç vaxt olmadığı qədər bir-birinə ehtiyac hiss edə bilər - əlbəttə ki, ilk növbədə bölgədə və onun ətrafında gedən proseslərdə Rusiyanın sürətlə artan roluna görə.



Doğrudur, son illərdə Bakı-Moskva münasibətlərində xeyli yaxınlaşma gedib. Ancaq “qırmızı xətt” deyilən anlayış da var ki, ondan o yana Azərbaycanın bütünlüklə Kremlin siyasi-hərbi təsir arealına girməsi, bununla da öz suberenliyini itirməsi gəlir.

Bunu kim bilməsə də rəsmi Bakı yaxşı dərk edir. Onu da dərk edir ki, Rusiya Azərbaycanın 1 nömrəli probleminin - Dağlıq Qarabağ məsələsinin həllində ciddi heç nə təklif eləmədən Azərbaycanı qazanmaq, öz hərbi qüvvələrini Dağlıq Qarabağa yeritmək istəyir.

Azərbaycan bu cür qorxulu perspektivdən yalnız Qərblə, xüsusən də ABŞ-la münasibətləri təcili qaydaya salmaqla, yəni Rusiyaya güclü alternativ qoymaqla qaça bilər. Bu mənada seçkidən sonra Bakının Qərb strategiyasında pozitivə doğru dəyişiklik istisna deyil. Bunun kulminasiya nöqtəsi isə Azərbaycan prezidentinin noyabrda Antalyada keçiriləcək G-20 sammitinə qatılması ola bilər.



*****
Söz yox ki, Qərb də situasiyanın fərqindədir və Azərbaycanla bağlı strategiyasına korrektə eləmək zorunda görünür. Çünki söhbət həm də Rusiyanın Xəzərə hövzəsində aktivləşməsi ucbatından transxəzər qaz layihələrinə - Avropanın Moskvadan qaz asılılığını minimuma endirəcək tranzit xətlərə yeni təhlükələrdən gedir. Belə vəziyyətdə ABŞ və Avropa qarşılıqlı əlaqələr üçün ikinci dərəcəli önəm kəsb edən mövzuları kənara qoyub Azərbaycan və Türkmənistanı Kremldən qorumaq impertivi ilə üzləşir.

ABŞ və Avropa Birliyini vəziyyətin ciddiliyindən çıxış edib tələsməyə vadar edən amillərdən biri də Gürcüstanın son vaxtlar Rusiyaya müəmmalı reveranslar eləməsi, Tiflisin Rusiya qazından asılılığını artıracaq addımlar atmağa hazırlaşması ilə bağlıdır...

*****



Bu xüsusda xarici analitiklərin fikirləri də maraqlıdır. Məsələn, Almaniya-Rusiya Forumunun elmi direktoru, politoloq Aleksandr Rar son vaxtlar Qərbin Cənubi Qafqaz regionuna, o sırada Qarabağ məsələsinə, Azərbaycan və Ermənistana diqqətinin azalmasının təkcə Qərbdə siyasi imkanların çatışmazlığı ilə əlaqəli olmadığını düşünür, həmçinin, iki ölkənin apardığı xarici siyasətə bağlayır.

Sitat: “İş ondadır ki, nə Ermənistan, nə də Azərbaycan ”Şərq tərəfdaşlığı" proqramına Avropa Birliyinin istədiyi kimi lazımi diqqət və maraq göstərmədi. Ona görə də avropalıların maraqlar fokusu yerini AB ilə inteqrasiyanı dərinləşdirməkdə maraqlı olan və Assosiasiya sazişlərini imzalayan Ukrayna və Moldovaya doğru dəyişdi".

Politoloqa görə, bu səbəbdən Qarabağ münaqişəsinin nizamlanması Avropa maraqlarının ucqarlarına atılıb: “Əlbəttə ki, konfliktin qızışmasının Avropaya dəxli olacaq. Ancaq bu gün Avropanın özündə kəskin problemlər var: Yunanıstan, qaçqınlar, maliyyə və Ukrayna böhranları aradan qaldırılmayıb. Yekunda belə mənzərə alınır ki, Avropa hər yerdə yanğınsöndürən ola bilməz. Odur ki, ona yalnız Azərbaycanla Ermənistanın öz aralarında razılığa gəlməsinə ümid eləmək qalır”.

Bununla belə ekspert hesab edir ki, Cənubi Qafqazla əlaqələrin kəsilməsindən söhbət gedə bilməz: “Avropa Birliyinin nümayəndələri onsuz da daim Bakıya səfər edirlər. Axı Azərbaycan Avropaya Avropa energetik siyasətini reallaşdırmaq üçün lazımdır. Yəni Avropa Qərb siyasi dəyərlərini qəbul eləmək istəməyən ölkələrdə baş verənlərə həmişə tənqidi yanaşacaq. Ola bilsin, bu ölkələrdə hətta heç vaxt Avropanın arzuladığı Qərb demokratik sistemini qurulmasın, bununla belə, vəziyyəti dramatikləşdirməyə, əlaqələrin kəsilməsindən danışmağa da dəymir”.

*****

Ekspertin sözlərindən də görmək olar ki, Qərb regionun açar ölkəsi olan və Rusiyaya tərəf yuvarlanmaqda olan Azərbaycanın xilası üçün öz strategiyasına düzəlişlər eləmək imperativini hiss edir. Bəs, düzəliş olacaqmı?

Noyabrın 1-dən sonra yəqin ki, ilkin simptomlar məlum olacaq. Bir şey bəllidir ki, bunun tez baş verməsi üçün Bakı da öz növbəsində xarici siyasət strategiyasına sərt geosiyasi reallıqlardan doğan düzəlişlər eləməlidir.

Analitik xidmət musavat.kom
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.