Avrasiya İttifaqına üzvlük yenidən aktuallaşır

28-10-2015, 09:52   
Avrasiya İttifaqına üzvlük yenidən aktuallaşır
Ekspertlər Bakının siyasi gedişinin arxasındakı planı açıqladılar

İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova Azərbaycanın Avrasiya İttifaqına qoşulacağını istisna etməyən açıqlama ilə çıxış edib. Rusiyada səfərdə olarkən jurnalistlərin suallarını cavablandıran nazir müavini Azərbaycanın mövqeyini belə ifadə edib: “Biz Azərbaycana xeyir gətirəcək ittifaqlara üzvlüyün mümkün olduğunu düşünürük. Bunun üçün təşkilatlara üzv olmağımızın müsbət və mənfi cəhətlərini analiz etmək, detallı dəyərləndirmələr aparmaq lazımdır”.

Azərbaycan hakimiyyətinin yuxarı qatlarından da son günlər Rusiya ilə bağlı isti açıqlamaların sayı artıb. Bəs rəsmi Bakının Avrasiya İqtisadi Birliyinə üzvlüyü Azərbaycana nə verə bilər?

Rəsmi Bakının Avrasiya İttifaqına qoşulmağı istisna etməyən bəyanatı siyasi manevrdir, yoxsa həqiqətən də hakimiyyət sözügedən İttifaqa daxil olacaq? Rusiyaya reverans bəyanatlarının parlament seçkilərinə az qaldığı vaxtda çoxalmasında məqsəd nə ola bilər?
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri Natiq Miri hesab edir ki, antiqərb bəyanatlarının və Rusiyaya yönəlik isti bəyanatların səsləndiyi zamana diqqət etmək lazımdır.

Bu bəyanatlar ATƏT-in, Avropa Parlamentinin 1 noyabr parlament seçkilərini legitim hesab etməyəcəyindən hakimiyyətin şübhələnməsinin ortaya çıxardığı bəyanatlardır: “Hakimiyyətdə belə bir fikir formalaşıb ki, Qərb seçkinin legitimliyini tanımayacaq. Bununla bağlı artıq müəyyən beynəlxalq sənədlərin hazırlandığı da dilə gətirilir. Anti-Qərb açıqlamaları və Avrasiya İttifaqına qoşula bilərik bəyanatları seçkinin nəticələrinin Qərb tərəfindən tanınmayacağı təqdirdə qabaqlayıcı addım kimi düşünülüb. Belə bir fikir yaratmaq istəyirlər ki, biz Qərbə yaxınlaşmadığımız, Rusiya ilə münasibətləri yaxşılaşdırdığımız üçün Qərb qərəzli olaraq seçkilərə belə münasibət göstərir.

Eyni zamanda indidən Qərbə mesaj verilir ki, seçkilərə mənfi qiymət verilməyəcəyi halda Avrasiya İttifaqına qoşulmaya da bilərik. Hakimiyyət Qərblə bazarlığa məhz Avrasiya İttifaqı kartı ilə getmək istəyir. Əslində bu bəyanatlar sadəcə həmin bazarlığa razılaşmaq məqsədilə verilib. Arxasında həqiqətən də Avrasiya İttifaqına daxil olmaq planı dayanmayıb.

Çünki Azərbaycanı bu ittifaqa ciddi mənada qoşacaq nə iqtisadi, nə siyasi amil yoxdur. Azərbaycanın torpaqlarını işğal edən, onunla müharibə vəziyyətində olan Ermənistanın üzv olduğu Avrasiya İqtisadi İttifaqına, Gömrük İttifaqına daxil olması mümkün deyil. Belə bir absurda gedilməsi inandırıcı deyil. Deyilə bilər ki, Ermənistan MDB-nin də üzvüdür və Azərbaycan da orada təmsil olunur. Ancaq bilmək lazımdır ki, MDB ilə Avrasiya İqtisadi İttifaqı, həmçinin Gömrük İttifaqı tamamilə fərqlidir. Azərbaycan hakimiyyətinin ”Avrasiya İqtisadi İttifaqına daxil olmağı istisna etmirik" bəyanatı müvəqqəti geosiyasi gedişdir. Avrasiya İqtisadi İttifaqı mövzusunu rəsmi Bakı ona görə birdəfəlik qatlayıb kənara qoymur ki, lazım olanda siyasi manevr üçün istifadə edilsin".

Milli Məclisin İqtisadiyyat komissiyasının üzvü Vahid Əhmədov da bildirib ki, belə bəyanatlar Azərbaycanın siyasi gedişlərdir: “Azərbaycan müstəqil, açıq dövlət siyasəti aparır. Azərbaycanın bütün dövlətlərlə, o cümlədən Ermənistan istisna olmaqla, Avrasiya İttifaqına daxil olan ölkələrlə iqtisadi-siyasi əlaqələri mövcuddur. İqtisadi, siyasi, milli maraqlar Azərbaycanın xeyrinə olarsa, rəsmi Bakının istənilən ittifaqa qoşulması problem deyil”.



Vahid Əhmədov bununla belə, deyib ki, Azərbaycanın ixrac etdiyi məhsulların əsas hissəsi Avropa ölkələrinə gedir: “Azərbaycan istənilən təşkilata üzv olmağı düşünərsə, dövlət başçısı cənab İlham Əliyev ilk olaraq milli maraqları, müstəqilliyi ön plana çəkir. Azərbaycan müstəqilliyinə, iqtisadi-siyasi maraqlarına xələl gətirməyəcək istənilən ittifaqa qoşula bilər. Amma sirr deyil ki, Azərbaycanın karbohidrogen ehtiyatları, neft-qazla əlaqədar əsas ticarət tərəfdaşı Avropadır. Rusiya ilə də münasibətlərimiz yaxşıdır. Azərbaycanın Rusiya ilə iqtisadi-siyasi əlaqələri yüksək səviyyədədir. Nəzərə alınmalıdır ki, torpaqlarımızı işğalda saxlayan Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvüdür. Nə qədər ki, işğalçı dövlət sözügedən təşkilatın üzvüdür, Azərbaycanın ora qoşulması mümkün görünmür. Nə qədər Azərbaycan torpaqlarını zəbt edən işğalçı Ermənistan Avrasiya İqtisadi İttifaqına üzvdür, Azərbaycan həmin təşkilatda iştirak etməz”.

Etibar SEYİDAĞA
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.