Xəbər verdiyimiz kimi, Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verən olaylarlabağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov da həbs edilib.
V.Zeynalovun həbsinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynovla əlaqəli məsələ olduğu söylənilir.
Vidadi Zeynalov kimdir?
1959-cu ildə Yevlax rayon Kövər kəndində anadan olan Vidadi Zeynal oğlu Zeynalov 1995-ci ildə Bakı şəhər Maliyyə İdarəsinin xalq təsərrüfatının maliyyələşdirilməsi şöbəsinin rəisi vəzifəsində çalışıb. O, 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin inzibati – təsərrüfat işləri üzrə prorektor vəzifəsində çalışmağa başlayıb.
V.Zeynalov 2004-cü ildən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri vəzifəsini icra edirmiş.
AZXEBER-un əldə etdiyi məlumatlara görə, V.Zeynalov Azərbaycanın ən varlı şəxslərindən biri hesab olunur. Onun qardaşı Vahid Zeynalov MTN-in Tədris Mərkəzinin rəisi vəzifəsində çalışır.
V.Zeynalovun böyük bizneslərə sahib olduğu da gələn xəbərlər arasındadır. Onun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi də istisna edilmir.
Dövrü mətbuatda onun haqqında bir sıra məlumatlar da dərc olunub. Məlumatlarda onun Yevlax, Mingəçevir, Tərtər, Goranboy, Gəncə və Bərdə telekommunikasiya qovşaqlarının rəsilərinə Goranboy rayonunda “Gülüstan” adlı istirahət mərkəzi tikdirdiyi qeyd edilir.
Aparat rəhbərinin həmin istirahət mərkəzinə həmkəndlisi, Yevlaxın Kövər kəndinin icra nümayəndəsi Oqtay Məmmədovu yerləşdirdiyi deyilir.
O eyni zamanda İsmayıllı rayonunda da “Çaynik” adlı istirahət mərkəzinə sahibdir. Bu istirahət mərkəzini V. Zeynalov üçün İsmayıllı, Qəbələ, Qobustan, Şamaxı və Ağsu rayonlarının telekomunikasiya qovşaqlarının rəhbərləri bircə ərsəyə gətiriblər.
Mətbuat səhifəsində gedən məlumata əsasən, Vidadi Zeynalovun Bakı şəhəri Qaraçuxur qəsəbəsində dəyəri milyonlarla ölçülən villası, Quba rayon Qəçrəş kəndində isə dəbdəbəli daşınmaz əmlakları mövcuddur.
Vidadi Zeynalovun Ceyhun Cəfərovla münasibətləri…
Həbs edilən aparat rəhbərinin Kürdəmir rayonunun icra başçısı Ceyhun Cəfərovla yüksək münasibətlərə sahib olduğu bildirilir. Ceyhun Cəfərov Vidadi Zeynalovun yaxın qohumudur və Aparat rəhbəri qaynının icra başçısı təyinatı almasında mühüm “xidmətlər” göstərib.
Belə ki, Ceyhun Cəfərovun Yasamal rayon icra başçısının birinci müavini vəzifəsindən Tərtər rayonuna icra başçısı təyinatı almasında məhz Vidadi Zeynalovun rolu olub. Həmçinin Ceyhun Cəfərov uzun müddət Xətai rayonunda Kommunal Təsərrüfat İdarəsinin rəisi işlədiyi dövrlərdə Vidadi Zeynalova xeyli maddi dəstəkdə bulunduğu iddia olunur. Amma Vidadi Zeynalov Rabitə və Yüksək texnologiyalar Nazirliyində Aparat rəhbəri təyinatından sonra qayın-yeznə paytaxtda müxtəlif obyektlər və torpaq sahələri almağa başlayıblar.
Ceyhun Cəfərov Yasamal rayonunda icra başçısının müavini işlədiyi dövrlərdə Vidadi Zeynalov onun əli ilə adı çəkilən rayonda onlarla torpaq sahəsi, müxtəlif obyektlər ələ keçirmişdi. Bundan başqa Ceyhun Cəfərov Tərtər rayonuna icra başçısı təyin olunduqdan sonra adı çəkilən rayonda həyata keçirilən bəzi abadlıq işlərini məhz Vidadi Zeynalova məxsus kiçik müəsissələr həyata keçirib. Həmçinin Ceyhun Cəfərovun əli ilə Tərtər Bərdə rayonu arasında sahəsi 400 hektar olan “qosfond” torpağını uzunmüddətli icarəyə götürərək burada böyük heyvandarlıq sahəsi yaradıb