Təhsil sahəsində, eləcə də bu sahənin ən biabırçı “meydanlarından” biri olan Masallı təhsilində nöqsanlar o qədər iyrənc şəkil alıb ki, adam bu barədə yazmaqdan da bezib.
Əksər yerlərdəki kimi Masallı Rayon Təhsil Şöbəsində də az qala nəfəs almaq da pulladır və burada çalışanların əksəriyyəti orada puldan başqa heç nə fikirləşmirlər. Az qala həftədə 5-6 dəfə keçirilən mənasız iclasların da əksəriyyəti pul yığma məsələlərinə həsr olunur.
Bu, onların həyat tərzində də hiss olunur. Belə ki, təhsilin səviyyəsi alçaldıqca Masallı təhsil işçiləri arasında HÜNDÜR maşın alanların, dəbdəbəli həyat sürənlərin sayı günbəgün artır. Onların, necə deyərlər, “çölü” – yəni dəbdəbəli həyatı “özgələri” yandırsa da, “iç”ləri də özlərini yandırır – belə ki, son 2-3 ildə ürəyi, mədəsi, gözü... əməliyyat olunmayan, Allahın başqa bəlalarına gəlməyən təhsil şöbəsi işçisi yoxdur. Amma onlar nəinki bunlardan ibrət götürmür, nəinki təhsilə, hətta bir-birinə zərbə vurmaqdan da vaz keçmirlər.
Bu yaxınlarda redaksiyaya maraqlı bir məlumat daxil olub. Həmin məlumata inansaq, Təhsil şöbəsinin inşaatçı ixtisaslı müavini Tariyel Əkbərov, şöbənin müdiri Astan İbişova qarşı qiyamçı dəstə hazırlayırmış. Bu dəstəyə isə şöbənin məsul işçiləri Əhməd Şahverdiyev, Hamlet Əliyev, Kamal Tarverdiyev daxil imiş. Dəstəyə yeni üzvlər cəlb etmək cəhdlərinin birində isə “cinayət”in üstü açılır.
Bu söhbəti yarımçıq saxlayıb, bir az əvvələ qayıdaq. Hələ qəzetimizin iyun sayından “Şaiyədir, ya doğru?” adlı bir yazı çap etmişdik. Yazının qısa məzmunu o idi ki, təhsil nazirliyinin iqtisadiyyat şöbəsinin 3 əməkdaşı Masallı təhsilini yoxlamağa gəlib və olduğu məktəbləri əməlli-başlı “şumlayıb”. Kimsədən də nə pul alıb, nə çörək yeyib. Bir neçə məktəbdə isə xoruz səsi eşitməyən nöqsanlar aşkarlayıb. (Arzu edənlər bu lingdə həmin yazı ilə tanış ola bilərlər). Bu yoxlamadan sonra Masallının 3 mindən artıq müəllimindən kütləvi şəkildə pul yığılmağa başlandı (günahı çox olanlar daha çox ödəyiblər). Tək-tük etirazlar, Təhsil Nazirliyinə şikayətlər olsa da, əhəmiyyət verən olmayıb. 50-100 manat arası yığılan pulların yekun rəqəmi 100 min manatdan artıq göstərilirdi. (Deyilənə görə, təhsil şöbə müdiri bu pulun 31 min manatını hələ də düzəldə bilmir, borclu qalıb və çaşıb, bunu iclasda deyib).
Bəs nəticə nə oldu? Təxminən 1 ay öncə Təhsil Nazirliyi həmin nöqsanlara görə cəzalar müəyyənləşdirdi: 2 qadın direktor – Ərkivan qəsəbə və Kəlbhüseynli kənd məktəblərinin qadın direktorları işdən azad edildi. (Qısası, gücləri arvadlara çatdı). Təhsil şöbəsinin 2 məsul işçisi, adı Tariyel Əkbərovun qrupunda hallanan Əhməd Şahverdiyev vəzifədən azad edildi, digəri, Hamlet Əliyev pulsuz-parasız Kəlbhüseynli kənd məktəbinə direktor göndərildi. (Təki RTŞ-dən uzaqlaşdırılsınlar). Xatırladaq ki, Əhməd müəllimin savadına, mədəniyyətinə görə o təşkilatda 2-3 nəfərdən biri olduğu deyilir. Beləliklə, Astan müəllim ətrafını təmizlədi. Kamal müəllim danışıqsız “təslim” oldu, Tariyel müəllim çox arxalı olduğu üçün onun üstünə birbaşa getmək mümkün olmadı. Astan İbişov başda olmaqla təhsil şöbəsinin bütün işçilərinə gözdən pərdə asmaq üçün töhmət verildi. Digər yayılan məlumat odur ki, daha 16 direktorun adı “qara” siyahıdadır, onlar ilin sonuna kimi ya əməlli-başlı silkələnməli, ya da vəzifələri ilə vidalaşmalıdırlar.
Göründüyü kimi, yazdıqlarımızın həqiqət olduğu öz əksini tapdı. Amma daha böyük həqiqət aşkarlandı ki, Təhsil Nazirliyi baş günahkarları – təhsil şöbə müdirini və onun əsas pul yığanlarını yox, onların əl-ayağına dolaşanları vurdu.
Bütün bu olayları müşahidə edəndən sonra fikirləşdim ki, Masallı Təhsil Şöbəsinin müdiri Astan İbişovu tənqid etməkdə düz eləməmişəm. Bu adam olduqca zirək və səriştəli insan imiş. Belə ki, Astan müəllim 71 metrlik mal-qara tövləsini məharətlə idarə etməklə yanaşı, 100-ə yaxın orta-əsas məktəbi də eyni məharətlə fırladır. 3 mindən artıq müəllimdən hər ay, hər il arzu etdiyi məbləği elə yığır ki, onların ruhu da incimir. Astan müəllim məktəblərə ayrılan vəsaiti elə məharətlə “reallaşdırır” ki, şagirdlərinin oturmağa partası olmayan məktəblərin heç ruhu da incimir. Astan müəllim elə gözəl rüşvət sistemi qurub ki, hətta başqa planetlərdə də bundan istifadə etmək olar. Məsələn, uşaq 1-ci sinfə gedirsə, ən yaxşı 1-ci sinif müəlliminin qrupuna düşmək 50 manat, 65 yaşın tamam oldusa, müəllim kimi fəaliyyətini yenə da davam etdirmək 500-1000 manat. Əvvəlki rüşvət metodları da öz yerində.
Astan müəllimin əsas ustalığı ondadır ki, bütün bu cinayətləri, iyrənclikləri, fır-fırıldaqları elə məharətlə edir ki, nə bağ bilir, nə də bağban. Yəni onun fəaliyyətinə nəzarət etməli olan icra başçısından adam tutan idarələrədək hamısı nəinki ona güldən ağır söz deyir, öz məclislərində başda əyləşdirir, onun məclislərinə dəstə ilə gedirlər. Bu şəxsin hörməti ən azından icra başçısının yanında ən hörmətli ziyalıdan da yüksəkdir.
Bəs təhsil şöbəsi nələrlə öyünür? Əvvəllər yeni məktəblərin inşası ilə öyünürdülər, o da neftə görə kütə getdi. Belə ki, ötən il Masallıda 1 dənə olsun, məktəb binası istifadəyə verilmədi – cəmi 2 dənə çıqqılı məktəbin – ƏmirTürbə, bir də Mololon məktəblərinin əsası qoyuldu. Onun da biri deputatın, biri QHT-nin hesabına.
Qaldı bircə repititoruq. Həmin repititorlar valideynlərin əynindən-boğazından kəsib uşaqlara evlərdə elm öyrədir, onlar bu biliklə ali məktəblərə daxil olur – direktorlar, təhsil şöbəsinin müdiri və digər böyüklər də dövlətli evin gəlini kimi sinələrin qabağa verib yellənə-yellənə bununla öyünürlər.
Bütün bunlara görə, maraqlı bir təklifim var. Yaxşı olar ki, hər rayonda ildə bir dəfə repititor müəllimlərin ümumrayon konfransı keçirilsin. Bir idmançı çempion olanda yazırlar ki, ilk məşqçisi kim olub? Kim yüksək balla instituta girdi, yazsınlar ki, repititoru kim olub. Ən yaxşı repititorlara mükafatlar, orden və medallar versinlər, haqq ədalət yerini tutuşun. Onsuz da 10-11-ci siniflərə gedən yoxdur. Həmin siniflərin saxlanması üçün ayrılan vəsaitlər repititor müəllimlərə verilsin, həmin siniflər də onlar üçün ayrılsın. Onsuz da bəzi məktəblərin özündə belə, sinifdə dərs keçməyib, uşaqları o biri otaqdakı repititorun yanına dəvət edirlər.
Nə isə, qaşıdıqca qan çıxır. Mən sonda bir daha Astan İbişovdan üzürxahlıq edirəm. Sən qardaşımsan. Sən böyüksən, Kamilovsan. Bu, alayarımçıq dünyagörüşün, nimdaş, pölüşkəmiş savadınla bu qədər mal-qaranı, eləcə də 3 mindən artıq müəllimi, sənə nəzarət edənləri fırlada bilirsənsə, ən böyük tərifə layiqsən. İnanıram ki, rayonun baş arxitektoru da əlindəki xırda-para işləri başa vurub sənin üçün rayonun ən görkəmli yerində heykəl qoymağa sərəncam verəcək. Adını də belə qoysalar yaxşıdır:
“Masallı təhsilini bataqlığa yuvarladan insana onun pulu ilə təmtəraq quranlardan xatirə.”
“Cənub xəbərləri”