“Avrasiya Birliyinə qoşulmağın qarşılığında Moskva Bakıya işğaldakı rayonları qaytarmağı təklif edəcək, amma...” Ermənistanın sabiq baş naziri: “Sərkisyan 4-5 rayonu verməyə hazırlaşır...”
Bakı-Moskva münasibətləri son vaxtlar sanki “ikinci nəfəs” dövrünü yaşayır. Bunu öncəliklə Rusiya rəsmiləri və ictimai-siyasi xadimlərinin dilindən Azərbaycanın ünvanına səslənən xoşməramlı açıqlamalar və jestlərin çoxalmasından sezmək mümkündür.
Lakin əksər təhlilçilərə görə, ikitərəfli münasibətlərdəki səmimiliyin əsas lakmus kağızı Qarabağ məsələsinin həll perspektivi və Azərbaycanın “Putin birliyinə” qoşulması məsələsi olaraq qalır. Bəs əlaqələrin istiləşməsi bu iki istiqamətdə hansısa konkret nəticələrə gətirə bilərmi?
***
“Rusiyanın müasir siyasəti saxlanacağı təqdirdə postsovet məkanındakı münaqişələrin heç biri həllini tapmayacaq”. Bu sözləri minval.az saytına müsahibəsində tanınmış rusiyalı politoloq və ictimai xadim, Kremlin daxili və xarici siyasətinin sərt tənqidçilərindən sayılan Andrey Piontkovski bildirib.
“MDB: tarixin başlanğıcı və sonu” məşhur məruzəni yada salmaq yetər. Əslində 1998-ci ildə Konstantin Zatulin (ermənipərəst kimi tanınır - red.) və Andranik Miqranyan tərəfindən yazılan bu anonim sənəd illərdir Kremldə rəhbər tutulur. Üstəlik, açıq bildirilib ki, Rusiya qonşularının ərazisindəki konfliktlərin hamısında maraqlıdır və yeri gələndə onları süni şəkildə qızışdırır. Məsələn, Rusiya Qarabağ münaqişəsi hesabına həm Bakıya, həm də İrəvana nəzarət edir, bu yolla da hər iki tərəf Rusiyadan asılı duruma düşür. Öz növbəsində Moskva bu iki Cənubi Qafqaz respublikasının xarici siyasətini müəyyən eləmək və onların daxilindəki siyasi proseslərə təsir eləmək imkanı əldə edir" - deyib politoloq.
Onun sözlərinə görə, Rusiyaya bu konflikti yoluna qoymaq yox, onun tüstülənən vəziyyətdə saxlamaq sərf edir: “Münaqişə Moskva tərəfindən idarə edilir, təmas xəttində situasiya vaxtaşırı gərginləşir, geniş miqyaslı hərbi əməliyyatların başlanması həddinə çatır. Konfliktin hazırkı eskalasiyası fonunda isə Kreml Azərbaycandakı mövqelərini əhəmiyyətli şəkildə gücləndirib. Ermənistan haqda isə danışmağa belə dəymir. Bu ölkə özünü çoxdan geosiyasi küncə soxub və bütünlüklə Rusiyadan asılıdır. Bunun ən parlaq təzahürü kimi, Moskvanın İrəvana Avropa Birliyi ilə Assosiasiya sənədini imzalamağı yasaqlamasını göstərmək olar”.
Ekspert daha sonra Rusiya-Azərbaycan münasibətlərinin istiləşməsi dövrünün Bakı-Vaşinqton münasibətlərinin kəskinləşməsi ilə üst-üstə düşdüyünə diqqət çəkərək deyib: “Görünür, Rusiya elə buna da can atırmış. Bu gün Moskva Bakı və İrəvanı idarə etməyin elə bir arzuolunan səviyyəsinə nail olub ki, artıq təmas xəttinə Rusiya sülhməramlılarının yeridilməsi məsələsi qaldırılır. Bu, ümumiyyətlə, Moskva üçün konfliktin əbədilik dondurulmasına imkan verən ideal bir ssenaridir. Kreml Azərbaycan hakimiyyətinin elə bir zəif yerini tapıb ki, ondan həmişə yararlana bilər. Söhbət avtoritarizmdən gedir - hansını ki, AVB və Qərb ən azından ritorik səviyyədə məhkum edir. Bu isə Bakını qıcıqlandırır. Moskva isə Azərbaycana münasibətdə belə tənqidləri özünə rəva bilmir. Bu yanaşma da Qərbin təzyiqləri fonunda Bakı və Moskvanı yaxınlaşdırır. Kreml situasiyadan effektli istifadə edir və bundan sonra da edəcək”.
***
Belə bir durumda Qarabağ ixtilafının həll mümkünlüyü ilə bağlı sualı cavablandıran analitik bildirib: “Konfliktin nizamlanması ətrafında durğunluq ondan xəbər verir ki, o, uzunmüddətli donma mərhələsinə daxil olmaqdadır. Bu da ola bilsin, erməni tərəfini qane edir, lakin Azərbaycan üçün qeyri-məqbuldur”.
“Bəs Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzv olarsa, Kreml bunun qarşılığında Qarabağ münaqişəsini onun xeyrinə həll edə və Qərb o halda Azərbaycan uğrunda mübarizəyə girişə bilərmi” sualına ekspertin reaksiyası belə olub: “Əvvəla, Qərb nə Azərbaycan, nə Ermənistan, nə də başqa kiminsə uğrunda mübarizəyə girişəsi olmayacaq. Bunun əyani təzahürünü ABŞ-ın Suriya konfliktinə münasibətindən görmək olar. Azərbaycanın Avrasiya Birliyinə qoşulmasının plyuslarına gəlincə, qeyd eləmək olar ki, onlar - yoxdur.
Çünki Avrasiya İttifaqı adlı siyasi konstruksiya iqtisadi məsələlərin həlli üçün yox, Moskvanın imperiya şöhrətpərəstliyi üçün yaradılıb... Ola bilsin, İttifaqa qoşulmağın mükafatı kimi Rusiya Azərbaycana Dağlıq Qarabağ ətrafındakı rayonların azad edilməsini və ora sülhməramlı qüvvələrin yeridilməsini təklif eləsin. Bununla da Kreml Dağlıq Qarabağın Ermənistana məxsusluğunun faktiki, qarantına çevrilmiş olacaq. Moskva bundan artığını Bakıya təklif edə bilməyəcək və istəməyəcək”.
***
Bu arada Ermənistanın sabiq baş naziri Qrant Baqratyan mövzuya dəxli olan və kifayət qədər diqqəçəkici açıqlama verib. Müxalifətyönlü Lragir.am-ın yazdığına görə, Baqratyan bildirib ki, Ermənistanda gözlənilən konstitusiya islahatları məhz “4-5 rayonu Azərbaycana qaytarmaq üçün” düşünülüb.
Baqratyan faktiki, bəyan edib ki, Sərksiyan təkbaşına Qarabağı verə bilmədiyi üçün konstitusiyanı dəyişmək qərarı verilib ki, Qarabağ məsələsi referenduma çıxarılsın. “Hazırda regionda sülhün bərqərar olunması üçün hamı rayonların təhvil verilməsini tələb edir, ona görə də hamı konstitusiya islahatlarından razıdır” - əlavə edib eks-baş nazir.
“Bu - çox ciddi tezisdir, ələlxüsus da o zaman ki, heç kəs istisna eləmir ki, Qarabağ məsələsi həqiqətın yetişib və mürəkkəb qərarlar qəbul eləmək lazım gələcək. Belə bir qərar Domokl qılıncı kimi hər üç erməni prezidentinin başı üstündə asılıb. Levon Ter-Petrosyan ondan istefaya getməklə canını qurtardı, Robert Köçəryan Ki-Uestdə az qala onu qəbul edəcəkdi. İndi isə növbə Serj Sərksinındır. Sərkisyan da yəqin fərqindədir ki, məsələni çox uzatmaq mümkün deyil” - qeyd edib nəşrin şərhçisi.
***
Bunun belə olub-olmayacağı böyük ehtimalla, Ermənistanda konstitusiya islahatları ilə bağlı dekabrda keçirilməsi nəzərdə tutulan referendum və onun nəticələrinə Kremlin reaksiyasından bilinəcək.
Siyasət şöbəsi