Ankara və Moskva üz-üzə qalıb; Bakını nə gözləyir?

31-10-2015, 10:47   
Ankara və Moskva üz-üzə qalıb; Bakını nə gözləyir?

Hikmət Hacızadə: “İndi Türkiyə haqqın yanındadır”; Elxan Şahinoğlu: “Azərbaycan bu durumda sadəcə hadisələri diqqətlə müşahidə etməli və tərəf tutmamalıdır”

Suriya hadisələri ilə əlaqədar Ankara və Moskva arasında əsən soyuq küləklər getdikcə güclənir. Putinin Suriyadakı İŞİD-çilərin mövqelərini Xəzər dənizindəki Rusiya donanmasından vurmaqla bağlı əmrindən sonra Türkiyə dövləti Kremli verdiyi vədlərə əməl etməməkdə qınayıb. Növbəti açıqlama isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan gəlib.


“Xəzər dənizindən Suriyaya raket atılması bizi narahat etdi”-deyə, Türkiyə prezidenti bildirib.
R.T.Ərdoğan Türkiyə Cümhuriyyətinin qurulmasının 92-ci ili münasibəti ilə Ankarada keçirdiyi qəbulda bildirib ki, bu məsələ ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə danışıb: “Bu məsələdən narahat olduğumuzu dedik. Bu axşam xarici işlər nazirləri Vyanada bir araya gəldilər. Orada toplantılar davam edir. Dar çərçivədə - Amerika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə müzakirələri keçirilir. Bundan əlavə, 13 ölkənin iştirak edəcəyi geniş tərkibli yığıncaq təşkil olunacaq”.



Bölgənin iki aparıcı güc mərkəzinin maraqlarının toqquşması şübhəsiz ki, Azərbaycana da təsirsiz ötüşə bilməz. Söhbət ondan gedir ki, həm Türkiyə, həm də Rusiya Azərbaycanı öz yanında görmək istəyir, ancaq indiki situasiyada Bakı proseslərə neytral qalmaqda israrlıdır. Üçüncü böyük qonşumuz İranın mövqeləri Suriya məsələsində Rusiya ilə üst-üstə düşür. Deməli, balans Azərbaycanın xeyrinə deyil. İndiki situasiya nə vəd edir?

Politoloq Hikmət Hacızadə bildirdi ki, istənilən halda Bakı Türkiyənin yanında olmalıdır: “Çünki indi Türkiyə haqqın yanındadır”.



“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə qeyd etdi ki, Suriyaya görə Türkiyə ilə Rusiya arasında fikir ayrılığı getdikcə dərinləşir: “Rusiyanın hərbi təyyarələrinin iki dəfə Türkiyənin sərhədini pozması Ankaranı hərəkətə keçirdi və Kremlə bəyan edildi ki, bu olay yenə təkrarlansa təyyarə vurulacaq. Bu xəbərdarlıqdan sonra Rusiya təyyarələri Türkiyə ilə sərhəddən aralı uçmağa başladılar. Buna baxmayaraq, Rusiyanın Suriya müharibəsində Əsədi dəstəkləməsi Ankaranı əvvəlki tək narahat edir. Rusiyanın Xəzərdən Suriyanı raket atəşinə tutması Ankaranı Moskva ilə münasibətlərini yenidən dəyərləndirməyə məcbur edib. Nəticədə Türkiyə Rusiyanın ”Qazprom" şirkətinin beynəlxalq məhkəməyə verib. Məsələ burasındadır ki, sazişə görə “Qazprom” Türkiyəyə satdığı qazın qiymətini endirməli idi. 10 ay danışıqlar getdi və qiymətlər endirilmədi. Çünki Rusiya qiymət endirimi əvəzində Ankaranın “Türk axını” layihəsinə imza atmasını istəyir. Ankara isə tələsmir. Çünki bu, Moskvanın açıq-aşkar şantajıdır". Ekspert deyir ki, əslində qaz danışıqlarını sakitcə davam etdirmək mümkün idi: “Sadəcə, Ankara Moskvaya aydınlatmağa çalışır ki, Türkiyənin Rusiyadan qaz asılılığı olsa da, bu ölkəyə dişlərini də göstərəcək. Moskva Əsədə dəstək verərkən bunun tərəfdaşı Türkiyənin xoşuna gəlməyəcəyini və bu durumun münasibətlərin soyuqlaşacağına yol açacağını anlamalı idi. Türkiyə ABŞ və ərəb ölkələri ilə birgə heç zaman Əsəd rejiminin güclənməsinə imkan verməyəcək. Təsadüfi deyil ki, Cumhurbaşqanı Ərdoğan istənilən anda Suriyada silahlı kürd qruplaşması olan PYD-nin mövqelərini bombalayacağını açıqlayıb. Bu, o qüvvədir ki, Rusiya prezidenti Vladimir Putin onlara da silahlı dəstək vermək istəyir. Bir sözlə Suriyada vəziyyət sabitləşməyənə qədər Rusiya-Türkiyə münasibətləri də getdikcə soyuyacaq”.

E.Şahinoğlu Ankara-Moskva münasibətlərinin ölkəmizə də dolayı təsirlərinin olduğunu vurğuladı: “Bu gərginliyin Azərbaycana da dəxli var. Çünki Türkiyə Azərbaycanın strateji müttəfiqi, Rusiya isə qonşusudur, hansı ki, onunla münasibətlərdə problem yaşamaq istəmir. Mən şübhə etmirəm ki, Rusiyanın Xəzərdən Suriyanı raket atəşinə tutması hamıya, o cümlədən Azərbaycana da əzələ nümayişi idi. Məqsəd hamıya göstərməkdir ki, Rusiya Xəzərdə hərbi hegemonluğa malikdir. Doğrudur, bununla bağlı rəsmi Bakının bir açıqlaması olmadı, ancaq Azərbaycan hakimiyyəti Rusiya hərbi gəmilərinin Xəzərdə fəallaşmasından narahat olmaya bilməz. Bir gün həmin hərbi gəmilərin Azərbaycanın Xəzərdəki yataqlarına tuş gəlməyəcəyini və ya işğalçı Ermənistana dəstək verməyəcəyini bəri başdan rədd etmək mümkün deyil. Buna baxmayaraq, rəsmi Bakı Suriya məsələsinə görə nə Türkiyə, nə də Rusiya ilə münasibətlərini gərginləşdirmək istəyir”.

Politoloq bildirdi ki, Azərbaycan Suriyadakı savaşda neytral mövqedədir, seçim etmək istəmir: “Məncə, Azərbaycanın bu durumunu Ankara da anlayır. Məsələn, Ankara Bakıdan tələb edə bilməz ki, Rusiyanın bombardmanına etiraz etsin və ya Əsədi pisləsin. Biz bunu etsək, dərhal Rusiya ilə münasibətlərimizi gərginləşdirəcək və şimaldan bizə qarşı təhlükə artacaqdır. Məncə, belə bir təhlükənin artması Türkiyənin də maraqlarına cavab vermir. Ona görə də Azərbaycan bu durumda sadəcə hadisələri diqqətlə müşahidə etməli və tərəf tutmamalıdır. Ancaq Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin dilindən çıxan ”Rusiyanın İŞİD mövqelərini bombalamasını dəstəkləyirik" fikri də səslənməməlidir. Bəli, biz İŞİD terrorunun əleyhinəyik, ancaq eyni zamanda ondan az qətliam törətməyən Əsəd rejimini də dəstəkləməməliyik. Paşazadənin Rusiyaya dəstək ifadə edən açıqlamasından isə fərqli nəticə çıxır. Rusiya İŞİD-i bombalamaqla paralel olaraq Əsəd rejiminin güclənməsinə çalışır. Bizim isə Əsədə dəstək kimi dərdimiz yoxdur".

Cavid TURAN
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.