Azərbaycan-Türkiyə münasibətlərində gərginlik yaranıb. Gərginliyin kökündə Ankaranın israrlarına baxmayaraq Bakının Azərbaycanda kök salmış “Gülən şəbəkəsi”nin zərərsizləşdirilməsi istiqamətində ciddi addımlar atmaqdan yayınması dayanır.
Bu problem bir neçə ildir gündəmə gəlib. Ərdoğanla Fətullah Gülən arasında ziddiyyətlər baş qaldırdıqdan sonra Ankara nəinki Türkiyədə, didgər ölkələrdə də “gülən şəbəkəsi”nin zərərsizlişdirilməsi istiqamətində addımlar atmağa başladı.
Həmin ərəfədə yayılan məlumatlarda bildirilirdi ki, bu məqsədlə Ərdoğan İlham Əliyevə Azərbaycandakı “gülənçi şəbəkə” ilə bağlı dosye təqdim edib. Lakin nədənsə Azərbaycan hakimiyyəti Türkiyəni qane edən addımlar atmağa tələsmir. Doğrudur, bir-iki dəfə “gülənçilərlə” bağlı əməliyyatlar keçirilib. Lakin sonradan bəlli olub ki, həbs edilənlər nurçu olsalar da, “gülən qolu”na mənsub deyillər. Hətta bu əməliyyatların birində Ərdoğanın Ilham Əliyevə zəng edərək tutulanların “gülən şəbəkəsi”nə aid olmadıqlarını dediyi və onların dərhal azad edilmələrini xahiş etdiyi bildirilir.
Son günlər isə Ərdoğana yaxın media qurumları “SOCAR-Türkiyə” şirkətinin “gülən şəbəkəsi”nin nəzarətində olduğu barədə materiallar dərc edir. SOCAR bu iddiaların əsassız olduğunu bəyan etsə də, bu mövzu hələ də Türkiyədə aktualdır. Hətta müxalifət partiyası olan CHP-nin funksionerləri də “SOCAR-Türkiyə”nin Fətullah Gülənə bağlı olduğu barədə iddialar səsləndirir.
Azərbaycan tərəfi də cavabsız qalmayıb. Hakimiyyətə yaxınlığı ilə seçilən media orqanlarından biri olan APA-nın Analitik Mərkəzi bu məsələ ilə bağlı təhlil yazısı hazırlayıb. Həmin yazıda Türkiyə hakimiyyəti ittiham olunub.
Yazıda bildirilir ki, mövqelərini əsaslı şəkildə itirmiş “paralel yapı” Türkiyədə artıq iqtidar üçün real təhlükə kəsb etmir. Əvəzində isə bu ad üzərindən həm siyasi, həm də iqtisadi sferada çox ciddi oyunlar oynanılır: “Hazırda ”SOCAR Türkiyə“yə qarşı ardı-arası kəsilməyən hücumların arxasında da məhz bu amil dayanır. Ankaradan sərgilənən bu qeyri-adekvat münasibət, təbii olaraq, Azərbaycanda əsaslı narahatlıq doğurur və ikitərəfli münasibətlərdə anlaşılmaz məqamların yaranmasına səbəb olur”.
Daha sonra iddia olunur ki, Türkiyə hakimiyyətini təmsil edən bir çox yüksək vəzifəli şəxslər vaxtilə Bakıya səfərləri zamanı “Qafqaz” universiteti, türk liseyləri, TUSIAB və digər qurumların böyük əhəmiyyətini vurğulamaqla Azərbaycan iqtidarının nümayəndələrindən onların fəaliyyətinin genişlənməsinə şərait yaradılmasını xahiş ediblər: “Türkiyə rəsmilərinin təkidi ilə səfər proqramına ”Gülən məktəbləri”nə ziyarət də daxil olunurdu. Türkiyədə məlum hadisələr başlayanda isə hələ bu ölkənin özündə fətullahçılar ciddi mövqelərini, siyasi və biznes imkanlarını saxladıqları halda, Azərbaycandan təkidlə onlara qarşı tədbir görülməsi istənildi. Ancaq o da faktdır ki, bu xahişlərə uyğun olaraq Azərbaycanda həyata keçirilmiş tədbirlər nəticəsində saxlanılan nurçuların bəziləri dərhal azad edilirdi. Çünki həmin şəxslərin sonradan Türkiyənin rəsmi dairələrinə yaxın olduğu üzə çıxırdı. Türkiyədə nurçuların bir neçə qanada bölündüyü, hətta bu ölkənin hakimiyyətinin hələ kimin kim olduğunu tam müəyyənləşdirə bilmədiyi bir vəziyyətdə Azərbaycandan hansısa qənaətbəxş addımlar gözləmək məntiqə uyğun deyildi”.
Bildirilir ki, Ankara Twitter sosial şəbəkəsində Fuad Avni adı altında yayılan məlumatlardan çox narahatdır. Həmin məlumatlar şəxsən R.T.Ərdoğanı və onun ailəsini gözdən salmaq məqsədi daşıyır. Hakimiyyət isə geniş imkanlara malik olmasına baxmayaraq, il yarımdır bu isim altında kimin gizləndiyini müəyyənləşdirə bilmir: “Hətta Baş nazir Əhməd Davudoğludan, Böyük Millət Məclisinin sabiq sədri Bülənt Arıncdan, MİT rəhbəri Hakan Fidandan belə şübhələr var. Yəni hakimiyyət vaxtilə fətullahçılarla sıx birlikdə olduğundan və sonuncular hakimiyyət və biznes dairələrinin ən yüksək qatına kimi gedib çıxdığından, Türkiyənin özündə də ”camaat”dan kimin dost, kimin isə düşmən olduğunu müəyyənləşdirə bilmirlər. Belə bir vəziyyətdə “SOCAR Türkiyə”dən “bizim” və “düşmən” nurçular arasında xətt çəkməyi tələb etmək, şirkəti fətullahçılarla işbirliyində ittiham etmək ən azından gülüncdür”.
İddia olunur ki, “SOCAR Türkiyə” şirkəti barədə yayılan materiallar birbaşa Türkiyənin hakimiyyət dairələri tərəfindən sifariş olunur: “Üstəlik iddialar müəyyən bir qrupun biznes maraqlarını güdür və bu halda iki qardaş dövlətin və xalqın ortaq mənafeləri tapdanır. Bəs həmin şəxslərin və qrupların maraqları nədir?!
İlk növbədə “SOCAR Türkiyə”nin rəhbərliyinə böhtan atmaq, onu gözdən salaraq işdən uzaqlaşdırılmasına nail olmaq.
Göründüyü kimi, Türkiyədə bəzi dairələr artıq “paralel” ittihamını öz rəqiblərini neytrallaşdırmaq və nüfuz dairələrinə salmaq istədikləri biznes subyektlərini gözdən salmaq üçün istifadə edirlər. Daha dəqiqi, müəyyən bir qrup hər hansı biznesi öz əlinə keçirmək üçün ilk öncə ona “fətullahçı terror örgütü” və ya onun “sponsoru” damğası vurur, təmizləmə əməliyyatı aparır və sonra da özününküləşdirir. Əgər “SOCAR Türkiyə”yə qarşı bu addımı Türkiyə-Azərbaycan qardaşlığını və birliyini istəməyənlər atsaydılar, məsələ aydın olardı. Ancaq SOCAR-ın Türkiyə iqtisadiyyatına verdiyi töhfələrə rəğmən, bu ölkənin iqtidaryönlü mediasının şirkətə qarşı qaralama kampaniyası Azərbaycan və Türkiyənin birgə maraqlarına ciddi şəkildə zərər verəcək haldır”.
Daha sonra yazıda “bayraq krizi” xatırladılır və faktiki olaraq Türkiyə hakimiyyəti şantaj olunur: “2009-cu ildə ”bayraq məsələsi”, elə həmin dövrə Ermənistan-Türkiyə sərhədlərinin açılması, Sürix protokolları Azərbaycan tərəfinin çox sərt reaksiyasına səbəb oldu və ikitərəfli münasibətlərin gərginləşməsinə xidmət etdi. Söz yox ki, “SOCAR Türkiyə”nin terrorda ittiham olunan şəbəkəni maliyyələşdirməkdə günahlandırılması da kifayət qədər ciddi presedentlərə yol aça bilər”.