Eldar Həsənovun Bakıya gəlişi aranı qatıb

2-11-2015, 10:32   

Hakimiyyət daxilindəki köhnə ədavət yenidən alovlanıb

Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov Bakıda görünən kimi diqqət mərkəzinə gəldi. Bu da səbəbsiz deyildi. MTN-lə bağlı ciddi proseslərin baş verdiyi vaxtda Eldar Həsənovun Bakıya gəlişi diqqətdən kənarda qala bilməzdi. Digər tərəfdən onun Bakıya gəlişinin mətbuatda “Bakıya çağırıldı” kimi təqdim edilməsi də diqqətləri ona yönəltdi. Həmçinin hakimiyyətdəki rəqiblərinin nəzarətində olan media orqanlarında onun əleyhinə olan xəbərlərin yer alması hakimiyyət daxilində hansısa proseslərin baş verdiyi barədə mülahizələrə səbəb oldu.

“Azadlıq”a daxil olan məlumatlar da bu mülahizələri doğruldur. Əldə etdiyimiz məlumata görə, rəqblərinin səfirə hücuma keçməsi səbəbsiz deyil. Məsələ burasındadır ki, ölkə başçısı Ilham Əliyev Beynəlxalq Bankla bağlı “kredit qalmaqalı”nda olduğu kimi “MTN işi”ndə güzəştsiz mövqe tutub. Ölkə başçısının “kredit qalmaqalı” ilə bağlı araşdırmaları DIN-ə tapşırması da güzəştsiz mövqenin təzahürü idi. Beynəlxalq Bankın keçmiş rəhbəri keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla qudadır. Əlbəttə ki, Ilham Əliyev bu halda “kredit qalmaqalı”nı MTN-ə tapşırmaqla istədiyi nəticəni əldə edə bilməzdi.


“MTN işi” də Baş Prokurorluğa tapşırılıb. Lakin Ilham Əliyev fərqindədir ki, Eldar Mahmudovun 2005-ci ildə keçirdiyi “Qara kəmər” əməliyyatından sonra DIN-lə yanaşı Baş Prokurorluğa da zərbə dəydi. Daha doğrusu baş prokuror Zakir Qaralov MTN rəhbərliyi yanında zəif duruma düşdü. Bu baxımdan Ilham Əliyev “MTN işi” daha ona lazım olan nəticələri əldə etmək üçün daha ciddi araşdırılması üçün Baş Prokurorluğun rəhbərliyində dəyişiklik edə biləcəyi gözləniləndir. Hakimiyyətdə də bu qənaəti bölüşənlər çoxdur. O cümlədən Eldar Həsənovun əzəli rəqibləri Fikrət Məmmədov-Fuad Ələsgərov qruplaşması da bu mülahizəyə ciddi yanaşa bilərlər. Bu ərəfədə Eldar Həsənovun Bakıya gəlişi və yaxud çağırılması onlarda baş prokuror vəzifəsinə yenidən onun təyin edilməsi barədə şübhələri artıra bilər. Məlumat üçün deyək ki, Zakir Qaralov da Fikrət Məmmədov və Fuad Ələsgərovla eyni qruplaşmada təmsil olunur. Rəqiblərinin Eldar Həsənovun yenidən hakimiyyətdə böyük təsir imkanlarına malik olmasını istəməməsi başadüşüləndir. Onlar fərqindədir ki, Eldar Həsənov qisascıl adamdır, böyük gücə çevrilərsə köhnə ədavəti yenidən gündəmə gətirə bilər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.