Bir müddət əvvəl Sumqayıtın icra başçısı təyinn edilən Zakir Fərəcov artıq ilk əməliyyatları ilə əhali arasında narazılıq yaratmağa başlayıb. İlk gündən sahibkarlara hücum, şəhər əhalisinin əsas alış-veriş məkanı olan yarmarkanın sökülməsinin ardınca yeni icra başçısının “abadlıq” adı alıtında gördüyü işlər də etirazlara səbəb olur.
Şəhər sakinlərindən redaksiyamıza daxil olan məlumata görə Sumqayıtın mərkəzi hissəsində, İcra Hakimiyyətinin binası ətrafında aparılan təmir-abadlıq işləri öz anormallığı ilə xüsusilə fərqlənir. Bu ərazidə yaşayanların cumhuriyyet.az-a bildirdiyinə görə ilk vaxtlar burda binaların üzlüyü dəyişdirilərkən narahatlıqlar yaşandı: ” Toz-torpaq bir yana, bu işləri görən fəhlələrin nəzarətsiz olması müxtəlif kommunal xətlərin tez-tez zədə almasına səbəb olurdu. Uzun müddət çəkın bu prosesi bir təhər ötüşdürdük. İndi isə yeni və daha ciddi problemlə üzləşmişik”. Məsələ burasındadır ki, binanın üzlüyü dəyişdirildikdən sonra indi də balkonların sökülməsinə başlanılıb. Havaların sərt şəkildə soyuduğu bir zamanda balkonların sökülməsi isə əhalinin ciddi narazılığına səbəb olub. Çünki “təmir abadlıq” dövründə mənzillərin soyuqdan və yağntıdan qorunmasını təmin etmək mümkün olmayacaq.
Baş verənlərlə bağlı cumhuriyyet.az olaraq əlavə araşdırmalar da apardıq. Bu araşdırmalar zamanı məlum oldu ki, Z.Fərəcovun sözügedən ərazidəki tikinti işləri əslində ciddi qanun pozuntusudur. Məlum olub ki, Sumqayıtda İcra Hakimiyyəti və Şəhər Mərkəzi Poçtu ətrafında yerləşən binalarda aparılan tikinti və konstruksiyalı fasadlaşma işləri vətəndaşları eyvansız qoyacaq. Belə ki, bina hazır olduqdan sonra eyvanların ölçüləri nəzərə çarpacaq dərəcədə kiçiləcək. Bu da sakinlərin ciddi narazılığına səbəb olub. Tikinti aparan şirkət və səlahiyyətli şəxslər mənzillərin eyvanlarının “kupça”ya daxil edilmədiyini əsas gətirərək vətəndaşı dinləmək belə istəmirlər. Lakin başa düşmək istəmirlər ki, bu eyvanlar həmin vətəndaşa məxsusdur və mənzilin ümumi sahəsi üstündə gedir. Respublikada geniş parklar, istirahət mərkəzləri, çox zolaqlı yollar, rahat körpülər salınan zaman bəzi işbazlar düzgün düşünülməyərək hazırlanmış layihələrə istinad edərək əhalini narazı salırlar. Bütün bunların məsuliyyəti isə Sumqayıt şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun üzərinə düşür. Sumqayıt İcra Hakimiyyəti bu layihədə sifarişçi olaraq şəhərin girişində yerləşən binaların fasad işlərini sifariş
verəndə binaların gözəlliyi ilə yanaşı, sakinlərin rahatlığını da düşünməli idi.
Qarşı tərəfin münasibətini dərc etməyə hazırıq.