“MTN işi” ilə bağlı yeni dalğanın icra başçılarına çatacağı haqda informasiyalar intensivləşməkdədir.
Savash.org-un əldə etdiyi məlumatda bildirilir ki, hakimiyyət bu dalğanı başlatmaq üçün parlament seçkilərinin sona çatmasını gözləyib. İndi seçkilərin arxada qalması fonunda isə bəzi icra başçıları üçün qorxulu anlar başlayıb.
Mənbəmiz proses çərçivəsində bir neçə icra başçısının işdən azad ediləcəyini, bəziləri haqda isə araşdırmaların aparılacağını iddia edir. Salyan rayon icra hakimiyyətinin başçısı Tahir Kərimovun da şübhəlilər siyahısında yer aldığını söyləyən mənbəmiz onun vəzifədən azad ediləcəyi düşüncəsindədir.
Mənbə bildirir ki, Salyan rayonunda sahibkarlara qarşı qəddarlığı ilə seçilən icra başçısı buna görə də cavab verməli olacaq. Məsələnin maraqlı tərəflərindən biri isə Tahir Kərimovun sahibkarları MTN-nin adına sığınaraq incitməsidir. Bunu düz il yarım əvvəl Tahir Kərimov özü də etiraf etmişdi. Belə ki, rayonda yerli sahibkarlara divan tutmasını MTN-dən aldığı təlimatlar əsasında icra etdiyini söyləyən başçının həmin ifadələrini xatırlatmaq yerinə düşər:
“Salyan rayonunda qanunsuz balıqçılıqla məşğul olan şəxslərin balıq təsərrüfatları ləğv olunacağını deyən Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov deyib: “Bu günlərdə Azərbaycanın Nazirlər Kabinetindən və Milli Təhlükəsizlik Nazirliyindən (MTN) mənə məktub göndərilib ki, Salyanda mövcud olan qeyri-qanuni balıq təsərrüfatı ləğv olunsun. Çünki torpağın münbit qatını erroziyaya uğradır, iri taxılçılıq təsərrüfatına zərər gətirir. Mən də tapşırıq vermişəm ki, kimin balıqçılıq sənəti yoxdursa və öz başına balıq təsərrüfatı ilə məşğul olursa, onlar ləğv olunsun. Yəni indi mən Milli Təhlükəsizlik Nazirliyinin sərəncamını icra etməməliyəm?””.