Və ya «Karlton»un sahibləri İlqar və Vüqar şöbə rəisi Mustafanın əliylə hansı oyunlardan çıxıb?
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq rəhbərliyinin böyük bizneslərə sahib olduğu, hətta bütün sahələrə şaxələndiyinə dair hər gün yeni məlumatlar ortaya çıxır. JAM.AZ xəbər verir ki, bu günlərdə belə biznes sahələrindən daha biri haqqında məlumat yayılıb.
Azer.press saytının yaydığı məlumata görə, MTN-də çalışanların bir biznes idə turizm sektorunu əhatə edib. Bu sektoruda nazirliyə külli miqdarda gəlir gətirən firmalardan biri «Karlton» olub.
Nazirliyin turizm firmalarına nəzarət edən şöbəsinin rəisi Mustafa adlı şəxsə arxayın olan «Karlton»un rəhbərləri isə İlqar və Vüqar Yusifovlardır. Sayt bildirir ki, bu qardaşlardan biri olan İlqar familiyasını dəyişərək, onu Kərimov edib. Bunun da əsas səbəbi İlqarın Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən həbs olunması olub. Belə ki, o, böyük pul müqabilində viza düzəltdiyi üçün saxlanılıb və barəsində 311-ci maddə ilə cinayət işi qaldırılıb. Rüşvət alma və tələb etmə maddəsi üzrə ona 7-12 il müddətinə həbs verilməli olduğu halda, MTN-dəki «sehirli əllər» İlqarın 3 il həbs olunmasına şərait yaradırlar. Ardından da onun 2 il həbsdə yatmasından sonra azadlığa çıxmasını təmin edirlər.
Sayt iddia edir ki, Yusifovların azadlığa çıxmasının konkret qiyməti olub. Bunun üçün onların 1,5 milyon dollar ödədikləri deyilir.
O da qeyd olunur ki, əslində, İlqar Kərimovun həbs edilməsində qiymən də MTN maraqlı olub. Bunun səbəbi olaraq «Karlton»un sahibinin lazımi məqamda ümumi kassadan pul gizlətməsi və heç bir razılaşma olmadan 350 min dollara özünə «Betly» markalı maşın alması olub.
JAM.AZ Azer.Press-ə istinadən vurğulayır ki, «Karlton» şirkəti uzun illərdən bəri Azərbaycanda xarici ölkəyə səfər edənlərə böyük pul müqabilində viza və turizm xidmətləri göstərib. İddia edilir ki, şirkətin əksər səfirliklərdə adamları var və onların əliylə viza düzəltmək adi haldır.
Bütün bunlara paralel olaraq arxalarında MTN-in dəstəyi olan Vüqar və İlqarın nazirliyin rəhbərliyinə çatdırdığı pullar hər ay on minlərlə manat olub. Belə ki, nazirliyin turizm sektoruna nəzarət edən şöbəsinin rəisi Mustafa hər ay «Karlton»dan pulu alaraq, rəhbərliyinə çatdırırmış. Bu çatdırılma prosesi zamanı yolda müəyyən məbləğlərin «itdiyi» halları da olurmuş. Elə bu səbəbdəndir ki, Mustafanın rəsmi maaşı 1200 manat olsa da, sürdüyü «Dodge» markalı avtomobilin 100 min manat qiyməti var.
«Karlton» turizim bazarında inhisarçılar sırasında olub. Onlar sektorda azca parlayan şirkət görən kimi, Mustafanın əliylə onları sıradan çıxarırmışlar. Məlumatlarda vurğulanır ki, sözügedən şirkətdə Şengen vizasının qiyməti 3000-5000 manat arasında dəyişirmiş. Bu da seçilən ölkəylə bağlıymış. «Viza istəyən ailələri aldadaraq, vədlər verirlər. Onları inandırmağa çalışırlar ki, Avropaya getdikdən sonra yerləşəcəklər və sonra da status ala biləcəklər. Bu siyasi mühacirət biznesi də sayıla bilər. İlqar və Vüqarın Avropa ölkələrində adamları var və onlar Bakıdan göndərilənləri qarşılayıb, sonra da pasportlarını əllərindən alaraq cırırlar. Ardından da həmin şəxsləri aparıb Miqrasiya İdarəsinə təhvil verirlər. Vətəndaş pis vəziyyətdə qalır. Üstəlik, Miqrasiyada da onlara pis baxırlar. Çünki vətəndaş çox vaxt qeyri-leqal yaşamalı olur, adsız yaşayış və zülm çəkir».
Məlumatda qeyd edilir ki, İlqar və Vüqarın bir neçə ölkə vətəndaşlığı var. Bundan başqa, Macarıstanda da xeyli mülkə sahibdirlər. Vurğulanır ki, onların şəriklərindən biri Kürdəxanı həbsxanasının rəisi Azər Seyidovun oğludur.
Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfi də dinləməyə hazırıq.