Rus qoşunlarının “KTMT” bayrağı altında Qarabağa gətiriləcəyi barədə xəbərlər çoxalıb; erməni mətbuatı hiyləgərcəsinə bunu “Qarabağın itirilməsi” sayır; NATO rəsmisi Moskvanın oyunlarından narahatdır, ekspertlər isə deyir ki...
Azərbaycandakı parlament seçkilərindən sonra Qarabağ ətrafında gərginliyin yenidən arta biləcəyi ehtimalından ötən saylarımızda bəhs etmişdik. Rusiyalı politoloq və şərqşünas Aleksandr Krılov da erməni portalına açıqlamasında 1 noyabr seçkilərindən dərhal sonra təmas xəttində yeni gərginliyin başlaya biləcəyini deyib.
Belə bir ərəfədə işağl altındakı ərazilərə sülhməramlıların yerləşdirilməsi ideyası yenidən gündəmə gətirilib. Son bir ay ərzində davamlı şəkildə Rusiya sülhməramlılarının münaqişə bölgəsinə gətirilməsi ehtimalından bəhs olunurdusa, artıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Dağlıq Qarabağa qoşun yeritməyə hazırlaşdığı haqda məlumatlar dövriyyəyə buraxılb. KTMT baş katibinin müavini Valeri Semerikov bildirib ki, qurum yalnız üzv ölkələrin ərazisində deyil, kənarda da, o cümlədən Qarabağda da sülhməramlı missiya gerçəkləşdirə bilər.
Məntiqlə KTMT-nin üzvü olmayan ölkənin ərazisinə onun qüvvələrinin yerləşdirilməsi mümkün deyil. Üstəlik, ATƏT-in Minsk qrupunun həmsədrinin bu prosesdə iştirakına yasaq var. Lakin Rusiyanın qadağa və sərhəd tanımadığını sonuncu Suriya hadisələrində müşahidə etməkdəyik. Amerikalı həmsədr Ceyms Uorlik də deyib ki, münaqişənin həllində maraqlı dövlətlər - ABŞ, Fransa və Rusiya sülhməramlı missiyada iştirak edə bilməz. Maraqlısı budur ki, erməni qəzeti də Moskvanın layihəsinə qarşı çıxıb. Yazıb ki, Rusiya indi bunu KTMT pərdəsi altında etmək istəyir, “Rusiyanın bölgəyə qoşun yeritməsi Qarabağın tamamilə itirilməsi deməkdir”.
Bu arada NATO-nun davranışları da diqqət çəkir. Qurumun Cənubi Qafqazda əlaqələr üzrə zabiti Ulyam Laxyu İrəvanda keçirilən NATO həftəsində Azərbaycanla bağlı mövqeyi ilə erməniləri məyus edib. Ermənistan mətbuatı yazıb ki, zabitə Azərbaycan tərəfinin Türkiyə istehsalı olan silahlardan istifadəsinə dair məlumatlara münasibəti bildirməsi ilə bağlı sual ünvanlanıb. Azərbaycana Türkiyədən silah idxalına münasibət bildirən NATO rəsmisi “NATO təşkilat kimi öz suveren üzvlərinə necə siyasət aparmasını əmr edə bilməz”, - deyə vurğulayıb. Erməni mətbuatı isə NATO zabitini ümumilikdə regionda nələrin baş verdiyindən xəbərsiz olmaqda ittiham edib. Mətbuat NATO zabitini hədəfə alaraq “Türkiyə istehsalı olan silahlardan istifadə edildiyini bilməyən NATO təmsilçisinin silahların əsasən Rusiyaya aid olduğunu deməsi paradoksdur” - qeyd edib.
NATO təmsilçisi Rusiyanın Qarabağ əsələsində tutduğu mövqedən narahatlığını da bildirib. Bəzi müşahidəçilər Cənubi Qafqazın NATO üçün də vazkeçilməz olduğunu vurğulayaraq Alyansın Rusiyaya öz qoşunlarını Qarabağda yerləşdirməsinə imkan verməyəcəyini düşünürlər. Hesab olunur ki, hətta rus bazasının olduğu Ermənistanı da Moskvanın təsir dairəsindən çıxartmaq istəyən, hətta bunun üçün Türkiyə-Ermənistan sərhədlərinin açılmasına cəhdlər göstərən Qərb Azərbaycana rus ordusunun KTMT bayrağı altında qaytarılmasına imkan verməz. Belə olan təqdirdə Rusiya-NATO toqquşmasının ola biləcəti ehtimalı da gündəmə gəlir.
Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, KTMT qoşunları ilə bağlı xəbəri erməni tərəfinin növbəti hiyləsi sayır: “Fikir verin, əlləri hər yerdən üzülən xaçiklər, bu dəfə tamam başqa bir not üzərində kökləniblər. Əvvəllər buna çox can atan Ermənistan, indi də dünən dedikləri və arzuladıqları vəziyyəti tam əks istiqamətdə bizlərə təqdim edirlər. Guya KTMT qoşunlarının Qarabağa yerləşdirilməsi, bunlara qətiyyən sərf eləmir və onlar bundan bərk narahatdırlar. Necə deyərlər, ay siz öləsiniz. Biz bilirik siz bu reallaşması mümkün olmayan və ən çox olsa belə Ermənistanın və havadarlarının maraqlarına hesablanmış bu absurdluq əslində Qarabağ ümidlərimizin üzərindən ən azından bir 20 il də xətt çəkilməsi deməkdir. Başqalarını deyə bilmərəm, amma mənə görünən və daha çox narahat edən məqamlardan biridir hadisələrin bu şəkildə inkişafı. Mən Rusiyadan ölkəmizlə bağlı hər hansı xoş addımın atılacağını yaxın zamanlarda gözləmirəm. Ən azından ona görə ki, bu vaxta kimi Rusiya istəsəydi, bəlkə də çoxdan Qarabağdan işğalçı Ermənistanın, özünün bilavasitə himayə etdiyi qoşunların geri çəkilməsinə çalışardı”.
Ü.Cəfərova görə, əksinə, Rusiya Ermənistana hər imkandan yararlanaraq silah-sursat, digər yardımlar edir: “Mən şəxsən tanıdığım NATO-nun Cənubi Qafqaz üzrə əlaqə zabiti Uilyam Lahyunun dünən Ermənistandakı NATO həftəsi çərçivəsində keçirilən mətbuat konfransında dediyi acı, lakin həqiqəti əks etdirən sözlərinə tam qatılıram və onun narahatçılığını da haqlı sayıram. Bəli, Rusiya üçün Cənubi Qafqazda münaqişələrin çox olması və onun uzunmüddətli olması çox sərf edir. Həm silah-sursat satışı, həm guya sülhyaratma missiyası çərçivəsində öz maraqlarını digər dövlətlərə də diqtə etməsi onu düşünməyə əsas verir ki, belə gedişlə biz hələ bir neçə on illiklər də Qarabağ məsələsinin həll olunmasının şahidi olmayacağıq. NATO-nun Qarabağla bağlı Rusiya tərəfinə iradı hesab edirəm ki, açıq mətnlə deyilmiş və artıq dözülməsi mümkün olmayan bir diplomatik xəbərdarlıqdır. İnanmıram ki NATO ilə Rusiya Qarabağda toqquşa bilsinlər, amma bildiyim ondan ibarətdir ki, artıq bu iki super güc əvvəlki qaydada daha diplomatik dildə deyil, daha sadə və açıq şəkildə real vəziyyəti səsləndirməyə başlayıblar. Biz də NATO nümayəndəsinin narahatçılığını adi söz kimi qəbul etməməliyik. Bu ölkəmiz üçün də bir mesajdır ki, Azərbaycan çox da Rusiyanın Qarabağla bağlı son vaxtlar şirnikləndirici sözlərinə çox da inanmasın”.
Politoloq Arzu Nağıyev düşünmür ki, parlament seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm bir dəyişiklik baş verə bilər: “Bunun da bir neçə səbəbi var. Yəni parlamnetdə münaqişə ilə bağlı qərar qəbul edilə, ATƏT -ə və maraqlı dövlətlərə müraciətlər edilə bilər. Eyni zamanda qapalı şəkildə münaqişə ilə bağlı güc və digər strukturlarınının hesabatı dinlənilə bilər,yeni konsepsiya hazırlanar. Eyni zamanda ATƏT-in Mimsk Qrupuna tövsiyyələr verilməklə tələblər qoyula bilər. Bir sözlə, yaranmış status-kvonun nəhayət, pozulması istiqamətində diplomatik, siyasi addımlar atıla bilər. Bundan başqa ordu quruculuğu istiqamətində də bir sıra qərarlar qəbul edilməsində Parlamentin vacib qərarlarının da qəbul edilməsi istisna edilmir”.
A.Nağıyev deyir ki, Rusiya münaqişənin həlli istiqamətində bəyanatlar verməklə regionda söz sahibi olmasını nümayiş etdirmək üçün müəyyən addımlar atır: “Bu da səbəbsiz deyil. ABŞ-ın təşəbbüsü ələ almaq cəhdləri də Rusiyanı qıcıqlandıdır və atəşkəsin dəfələrlə pozulmasına zəmin yaradır. Belə bir şəraitdə dövlət başçılarının görüşmələri də ehtimal olaraq qalır və inandırıcı görünmür. Bütün bu proseslər və danışıqlar ermənilər tərəfindən bilərəkdən uzadılır. Səbəblərdən biri Ermənistanda prezident səlahiyyəti ilə bağlı Konstitisiyaya əlavələrə aid referendumun keçiriləcəyidir.Yəni bu referendum baş tutsa, Ermənistanda prezident bir sıra məsələləri, o cümlədən müdafiə məsələlərini də parlamentlə razılaşdırmalıdır. Təbii ki, bu da vaxt tələb edən proseslərdir və bizi razı sala bilməz. Çıxış yolu hərbi yol, daha doğrusu, ermənilərə və onların havadarlarına hərbi güc nümayiş etdirib danışıqlar masası arxasında məcburi əyləşdirməkdir”.
KTMT-nin qoşunlarının bölgəyə yeridilməsinə gəldikdə, A.Nağıyev deyir ki, bu, ermənilərin növbəti dezinformasiyasıdır: “Məlumdur ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və istər KTMT, istərsə də NATO Azərbaycanın icazəsi olmadan bizim əraziyə girə bilməz. Hətta xarici dövlətin ərazisində hər hansı bir hərbi əməliyyatlar aparılması üçün müvafiq qaydada bu rəsmiləşdirilməlidir. Eyni zamanda KTMT tək Rusiya hərbi birləşmələri demək deyil, burada Ermənistanın özü də təmsil edilir. Burada başqa məsələ isə məhz İranla Azərbaycanın sərhəddində yerləşən ”boz zonaya" qoşun çıxarmaq cəhdidir, cünki NATO, daha doğrusu, ABŞ və Avropa İrandan sanksiyaları ləğv etdikdən sonra müttəfiq kimi çıxış etsələr, hərbi manevrlər edə bilərlər deyə və ya Ermənistanın və Rusiyanın artıq Dağlıq Qarabağ ərazindəki qanunsuz hərbi birləşmələrinin leqallaşdırılması cəhdidir".
Rusiya və NATO arasında Qarabağ toqquşasının ola biləcəyini isə ekspert real saymır: “Yəni bunun baş verməsi üçün həmin hərbi birləşmələr ora yeridilməlidir. Hazırda isə belə bir dəqiqi məlumat yoxdur. Yuxarıda qeyd edildiyi kimi, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və istər Rusiya ,istərsə də NATO Azərbaycanın icazəsi olmadan bizim əraziyə girə bilməz.Təbii ki, münaqişənin həllində Rusiya açar ölkədir,lakin bu o demək deyil ki, istədiyi kimi hərəkət etsin, bundan başqa, bu ərazilərdə də müharibə aparmaq Rusiya üçün, onun iqtisadiyyatı üçün zərbə deməkdir. Təcrübələr göstərir ki, Rusiya postsovet ərazilərdə özünü yaratdığı müharibə ocaqlarında əsasən ”xüsusi status" məsələsini ortaya atır. Bu Moldovada da belə oldu, hazırda Ukraynada da tətbiq edilməkdədir. Bir sözlə, bu məsələlər ermənilərin növbəti təxribatıdır və bu yolla Rusiyanı tam şəkildə münaqişəyə qoşmağa çalışırlar".
Politoloq Şahin Cəfərli isə KTMT-nin bölgəyə yeridilməsini mümkün saymır: “KTMT hansı statusla bölgəyə qoşun yeridə bilər? Bu, mümkün deyil. Yalnız Azərbaycan və Ermənistan münaqişənin həlli üçün razılığa gələrsə və sülhməramlı kontingent yeridilməsi üçün anlaşarsa, o halda hansısa xarici hərbi qüvvə butra gələ bilər. O halda KTMT da, NATO ölkələri də kontingent göndərə bilər. Lakin buna hər iki tərəfin razılıq verməsi lazımdır”.
Qarabağ Azadlıq Təşkilatı (QAT) isə məsələ ilə bağlı kəskin bəyanat yayıb. Sənəddə deyilir: “QAT Rusiya qoşunlarının Qarabağa yeridilməsi niyyəti ilə bağlı yayılan məlumatları qəzəblə qarşılayır. Bu məlumatlar Rusiyanın məkrli və təhlükəli planlarından xəbər verir. Azərbaycan hakimiyyəti və xalqı heç bir halda bu varianta razılaşmamalıdır. Azərbaycan Rusiyadan heç vaxt xeyir görməyib, Azərbaycanın başına gətirilən bütün fəlakətlərdə Rusiyanın birbaşa və ya dolayısı ilə iştirakı olub. Dağlıq Qarabağ münaqişəsi də Rusiya tərəfindən yaradılıb, bu gün münaqişənin ədalətli həllinə mane olan əsas qüvvə Rusiyadır”. Təşkilat xatırladıb ki, Rusiya həmişə Ermənistanı müdafiə edib, bu gün də həmin siyasəti davam etdirir: “Rusiyanın Ermənistandakı hərbi bazaları ermənilərin ixtiyarındadır. Həmin bazalar Azərbaycana qarşı təhdid və təzyiq mənbəyidir. Rusiyanın 366-cı polkunun Xocalıda törətdikləri heç kəsin yadından çıxmayıb. Bölgəyə yenidən Rusiya qoşunları yeridilərsə, həmin qüvvələrin 366-cı polkun cinayətlərini təkrar edəcəyinə heç kəsdə şübhə olmamalıdır. Rusiya qoşunlarının hər hansı ad altında Qarabağa yerləşdirilməsi həmin ərazilərin birdəfəlik və qəti şəkildə itirilməsi demək olacaqdır”.
QAT bəyan edib ki, qurum ümumiyyətlə, “ sülhməramlı” adı altında hər hansı qüvvələrin Qarabağa yerləşdirilməsinin qəti əleyhinədir: “Ermənistanın işğalçı qüvvələri Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdən qeyd- şərtsiz çıxarılmalı, bundan sonra isə sülhməramlı qüvvələr Azərbaycanla Ermənistanın sərhədlərinə yerləşdirilməlidir ki, Ermənistan bir daha Azərbaycana qarşı təcavüzkarlıq təşəbbüsündə ola bilməsin. Başqa bir variantda biz hər hansı bir ölkənin və ya beynəlxalq təşkilatın ” sülhməramlı" təşəbbüsünə inanmırıq. ATƏT Minsk qrupunun və digər beynəlxalq qurumların son 25 ildəki “ fəaliyyəti” , verdikləri yarıtmaz təkliflər, tutduqları ermənipərəst mövqe bizə bunu deməyə əsas verir. Biz bir daha bəyan edirik ki, Azərbaycan yalançı vədlərə inanmamalı, növbəti məkrli planların həyata keçirilməsinə imkan verməməlidir. Bu məsələdə hakimiyyət və xalq vahid mövqedən çıxış etməlidir".
Hələlik rəsmi Bakı məsələyə münasibət bildirməyib. XİN bir qayda olaraq, mətbuat yazılarını şərh etmədiyini bəyan edir.