Qərblə Rusiya arasında seçim öncə dəyərlər arasında seçim olacaq; Azərbaycan “qırmızı xətt”lərə yaxınlaşıb...
Rəsmi Bakı Qərblə Rusiya arasında ənənəvi balans siyasətini saxlamağa çalışır, hərçənd son vaxtlar “balans” xeyli dərəcədə şimal qonşumuzun xeyrinə pozulmuş kimi görünür. Bunun hansı səbəbdən baş verdiyi barədə vaxtaşırı təhlillər edilir. Bu günün sualı belədir ki, mövcud vəziyyət nə qədər və hara kimi sürə bilər?
Sualın cavabı şübhəsiz ki, Bakının hazırkı vəziyyətdə nə dərəcədə və hara qədər maraqlı olmasından asılı olacaq. Ancaq müşahidələr göstərir ki, Rusiyaya güclü reveranslar sırf onun öz istəyi ilə əlaqəli olsa da və ya Qərbə qarşı manevr məqsədi güdsə də, hakimiyyətin bütünlüklə Kremlin siyasi ağuşuna atılmasına da hesablanmayıb.
Ayrı sözlə, Bakı fərqindədir ki, Moskva ilə yalnız müəyyən bəlli məsafəyə, “qırmızı xəttə” kimi yaxınlaşa bilər, ondan o tərəfə mütləq Azərbaycanın Ermənistanın gününə düşməsi, müstəqilliyi və suverenliyini böyük ölçüdə itirməsi gəlir.
Söz düşmüşkən, Rusiya ATƏT-in Minsk Qrupunun üç həmsədr dövlətindən yeganə birisidir ki, Azərbaycan onunla Qarabağ məsələsinin həlli naminə demək olar, bütün formatlarda və müstəvilərdə əməkdaşlıq edib, hətta öz suverenliyinin müvəqqəti məhdudlaşmasına belə razı olub, fəqət, heç bir nəticə hasil olmayıb.
Ötən əsrin 80-ci illərində Arkadi Volskinin başçılığı ilə yaradılmış və yalnız Moskvaya tabe olan Dağlıq Qarabağda Xüsusi İdarə Komitəsini yada salın. Guya bölgə birbaşa Kremlin protektoratına verilməklə konflikt yoluna qoyulacaqdı. Ancaq bu qurumun ermənipərəst fəaliyyəti ona gətirdi ki, separatçılar bir az da azğınlaşdılar və Qarabağı Azərbaycanın yurisdiksiyasından çıxarmaq üçün yeni imkanlar əldə elədilər. Rəsmi Bakı isə çətinliklə və gec də olsa, məcbur qalıb qurumun ləğvinə nail oldu.
Hələ o vaxt - Mixail Qorbaçovun dövründə gün kimi aydın idi ki, Rusiya münaqişənin ölkəmizin suverenliyi, ərazi bütövlüyü çərçivəsində həllində maraqlı deyil. “Völski eksperimenti” bu həqiqəti çılpaqlığı ilə ortaya qoydu.
Ardınca gələn Boris Yeltsin (MDB) dönəmi eyni həqiqəti daşlaşdırdı. “Pulun pul vaxtında” Rusiyanın öz satelliti Ermənistana 1 milyard dollar dəyərində havayı silah-sursat verməsi bunun bariz sübutu, paralel olaraq isə Azərbaycana ciddi bir xəbərdarlıq mesajı idi ki, öz işini bilsin.
KQB zabiti Vladimir Putinin dönəmi də eləcə. Təkcə bu faktı xatırlatmaq yetər ki, mərhum prezident Heydər Əliyevi özünün müəllimi sayan Putin hakimiyyətdə olduğu 15 il ərsində (4 il baş nazir olanda da Rusiyanı faktiki, Putin idarə edib) Qarabağ ixtilafının nizamlanması yönündə daşı daş üstə belə qoymadı. Halbuki, az qala uşaq da bilir ki, Moskvanın könlü istəsə, münaqişəni bircə həftədə yoluna qoyar - yetər ki, marionet Ermənistana azca göz ağartsın.
***
Bu faktları ona görə xatırlatdıq ki, bəzi sadəlövhlər “Azərbaycan Avrasiya İttifaqına girsə, rus sülhməramlıları ölkəmizə qaytarılsa, Azərbaycanda Rusiya hərbi bazası olsa, Qarabağ məsələsi dərhal xeyrimizə nizamlanar” ilğımına ciddi yanaşsınlar. Çünki Avrasiya Birliyi də SSRİ-nin mini-formatı kimi - bərabər hüquqlu dövlətlərin birliyi kimi yox, məhz Rusiyanın dominant olduğu qurum kimi nəzərdə tutulur. Onun bənzəri olan SSRİ tərkibində biz əgər acı Volski eksperimentini artıq görmüşüksə (o zaman da ərzimizdə Rusiya bazaları mövcud idi), təzədən bataqlığa girməyə dəyərmi?
Lap Rusiya hansısa Qarabağ vədi verdi. Məgər onlardan bircəciyi indiyədək doğrulub? Rusiya heç qan-din qardaşı Ukraynaya verdiyi yazılı vədi tutmayıb - nüvə silahından imtinanın qarşılığında Ukraynanın ərazi bütövlüyünə təminat verən Budapeşt sənədindəki imzasına tüpürməklə, Krımı işğal eləməklə, Donbasda “yeni Qarabağ” yaratmaqla.
Rusiya belə təhlükəli və siyasi etibarını itirmiş dövlətdir. Ötə yandan Moskva indi - Bakı ona bunca riskli şəkildə yaxınlaşdığı vaxtda da heç Qarabağ vədi vermir, o ki, ola Avrasiya Birliyini üzv olandan sonra.
Nəhayət, bu da bizə başqa bir ciddi siqnal, ibrət dərsidir ki, şimal qonşumuz MDB məkanında indiyədək nəinki heç bir etnik-ərazi konfliktini yoluna qoymayıb, üstəlik, Ukraynada yenilərini yaradıb...
***
Bu dərsləri deyəsən, qonşu gürcülər daha yaxşı əxz edib. Məsələn, ölkənin barışıq və vətəndaş bərabərliyi naziri Paata Zakareişvili bildirib ki, Gürcüstan hətta Avropa Birliyi və NATO-ya inteqrasiya kursundan imtina eləsə belə, Rusiya Gürcüstanın ərazi bütövlüyünü bərpa etməyəcək, Abxaziya və Cənubi Osetiyanı onun tərkibinə qaytarmayacaq.
Sitat: “Belə fikir var ki, əgər biz NATO və AB-dən imtina eləsək, Rusiya ərazi bütövlüyümüzü bərpa edəcək. Belə şey istisnadır. Biz artıq Eduard Şevardnzdze dönəmində həmin mövqedə olmuşuq. Şevardnadze müharibədən sonra təklif elədi ki, MDB-yə girək, o zaman Abxaziya və Cənubi Osetiya problemləri həllini tapacaq. Ancaq biz bunun tam əksini gördük”.
Nazir təbii ki, Abxaziya və Cənubi Osetiyanın “5 günlük müharibə” nəticəsində de-fakto Rusiyaya birləşdirilməsini də nəzərdə tutur. Odur ki, əlavə edir: “Mənim üçün ilk növbədə dəyərlər önəm kəsb edir. NATO-ya üzv ölkələrin əksəriyyətində demokratik dəyərlərdir. Odur ki, bu yöndə hərəkət eləməliyik. NATO-nun heç bir ölkəsində alyans yaranandan sonra döyüş əməliyyatları olmayıb, MDB-də isə əksinədir. Mən yalnızca gürcü-rus qarşıdurmasını nəzərdə tutmuram. Ukraynadakı qanlı hadisələri götürün. Həmçinin, müharibə vəziyyətində olan Azərbaycanla Ermənistan MDB-nin üzvləridir”.
***
Gürcü nazirin söylədiklərində böyük və acı həqiqət var və Azərbaycana da aiddir. Bu da ondan ibarətdir ki, biz Avrasiya Birliyinə qoşulsaq da Moskva Dağlıq Qarabağı Azərbaycana qaytarmayacaq, uzağı, “yeni SSRİ”nin tərkibinə qaytaracaq. Bu yolu isə, təkrar edirik, bir dəfə keçmişik - böyük qurbanlar hesabına.
Odur ki, Azərbaycan Qarabağ probleminin həllini başqa, yeni dəyərlər sistemi və müstəvisində axtarmalı, təhlükəli “qırmızı xətlər”dən geri çəkilmək haqda düşünməlidir. Elə bir müstəvi ki, orada bütün hallarda ölkəmizin ərazi bütövlüyünə sayğı göstərilsin.
Qardaş Türkiyənin də təmsil olunduğu NATO və Avropa təhlükəsizlik sistemi bütün tənqidlərə rəğmən, hər halda belə bir qarantı verə bilər. Yetər ki, Azərbaycan üzünü bir azca ümumbəşəri, demokratik dəyərlərə tutsun.
Onu da unutmayaq ki, Avropa Parlamenti (AB-nin əsas qurumu), NATO Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyası Rusiyadan fərqli olaraq, ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən, hətta Ermənistanı işğalçı adlandıran sənədlər qəbul ediblər...
Zahid SƏFƏROĞLU /musavat.com/