Rusiyanın təyyarə qəzasına məsul olan iki MKİ əməkdaşını tutduğu deyilir; “Böyük iyirmilər”in sammitinə sayılı günlər qalmış Kreml Amerikanı və müttəfiqlərini nüvə zərbəsi ilə hədələdi...
Rusiyaya məxsus A321 sərnişin təyyarəsinin Misirin Sinay yarımadası üzərində vurulması ətrafında az qala, hər gün yeni təfərrüatlar üzə çıxır. Artıq əksər ekspertlər 224 dinc sakinin ölümünə gətirən faciənin terror aktı ilə bağlı olduğuna şübhə eləmirlər.
Rusiya rəhbərliyi də tədricən bu versiyanı qəbul eləməyə başlayıb. Hərçənd terror versiyası rəsmi Kreml üçün ən əlverişsiz variantdır, hətta öldürücü bir nəticədir. Ona görə ki, o halda qəzanın dərhal Suriyaya Rusiyanın hərbi müdaxiləsi ilə əlaqəli olduğu üzə çıxır və buna görə Putinin Rusiya xalqına cavab verməsi lazım gələcək.
Odur ki, rəsmi Moskva maksimum dərəcədə nəticəni gizlətməyə, yaxud gündəmdən çıxarmağa səy edir. Həm də o səbəbə ki, terror aktı Qərbin - ABŞ-ın maraqlarına işləyir - Suriya məsələsində Moskvanın mövqeyini zəiflətdiyi, adekvat olaraq ABŞ-ın, Qərbin, Türkiyənin Yaxın Şərqdəki mövqeyini gücləndirdiyi üçün.
*****
Təsadüfi deyil ki, neçə vaxtdır terror versiyası Qərb KİB-lərində aparıcı mövzu kimi tirajlanır, ABŞ, Böyük Britaniya rəsmiləri bunu vaxtaşırı və dönə-dönə dilə gətirməklə sanki Rusiyanın Suriya siyasətinin artıq iflas olduğuna işarə vururlar.
Bu, gercəkdən də belədir. Fakt budur ki, Rusiyanın ayyarımlıq Suriya əməliyyatı da heç bir ciddi nəticəyə gətirməyib, əvəzində isə ortada 224 nəfərlik canlı itki var. Təbii ki, Kreml də vəziyyətin, Qərbin apardığı informasiya savaşının fərqindədir və çıxış yolları axtarır.
Maraqlıdır ki, məhz bu arada Rusiya təyyarəsinin Böyük Britaniya istehsalı olan “torpaq-hava” tipli raketlərlə vurulduğu haqda iddia ortaya çıxıb. Belə bir informasiyanı Vhatdoesitmean.com portalı yayıb. Sayt raketlərin İŞİD-ə Səudiyyə Ərəbistanı tərəfindən verildiyini iddia edib.
O da bildirilir ki, təyyarənin partlamasından bir müddət sonra rus xüsusi təyinatlıları Yəməndə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) iki əməkdaşını yaxalayıb. Agentlərlə bərabər onların həddən artıq mürəkkəb cihazları da Moskvanın əlinə keçib. Daha sonra Yəmənin paytaxtı Sənaya Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarə göndərilib. Bu zaman Səudiyyə Ərəbistanı həmin təyyarənin havaya qalxacağı təqdirdə onu məhv edəcəyini açıqlayıb. Bir neçə saat ərzində Rusiya Hərbi Kosmik Qüvvələri Səudiyyə Ərəbistanına qarşı cavab tədbirləri görüb. Bu isə FHN təyyarəsinin rahat geri qayıtmasına şərait yaradıb.
Rusiya təyyarəsinin geri dönüşü zamanı İranın “C-130 Herkules” təyyarəsinin onu mühafizə etdiyi də qeyd edilir. Suriyaya uçan təyyarə Qərbə məxsus radar sistemlərinin hədəfi tuta bilməməsinə imkan yaradıb. Sayt ələ keçən hər iki şəxsin Misir təyyarəsinin partladılması əməliyyatına rəhbərlik etdiyini iddia edib.
*****
Hələ ki bu qəbildən məlumatlara rəsmi Vaşinqtonun və MKİ-nin hansı reaksiya verdiyi bəlli deyil. Bəlli olan yalnız odur ki, avia-terror onsuz da münasibətləri gərgin olan vı yeni “soyuq savaş” dövrünü yaşayan ABŞ və Rusiya arasında üstəlik, əsəb savaşına rəvac verib. Belə bir savaş həm də “Böyük iyirmilər”in (G20) Antalya sammitinə sayılı günlər qalmış başlaması ilə diqqət çəkir.
Demək, zirvə toplantısı gözləniləndən də gərgin keçəcək. İlkin məlumatlara görə, toplantıda onsuz da Suriya, İŞİD mövzusu prioritet olacaq. Rusiyanı isə bu məsələdə G20 üzvlərindən dəstəkləyəcək ölkə demək olar, yoxdur. Əksinə, “Böyük iyirmilik” ölkələrinin mütləq əksəriyyəti ya ABŞ başda olmaqla anti-İŞİD koalisiyasının üzvləridir, ya da ən azından məsələdə Birləşmiş Ştatları müdafiə edir.
Başqa sözlə, təyyarə ilə bağlı terror versiyası sammitədək qüvvədə qalsa və ya daha da möhkəmlənsə, o zaman hesab etmək olar ki, Vladimir Putin budəfəki sammitə öncəkindən daha zəif mövqe ilə gedir. Elə diqqətçəkici başqa bir məqam da bu ərəfədə Putinin Ermənistanla ortaq Raketdən Müdafiə Sistemi (RMS) yaradılması haqda sənəd imzalamasıdır.
Muasavat.com-un məlumatına görə, Putin dünənki müşavirədə bəyan edib ki, Moskva Qərbin son vaxtlar güclənən RMS-ə adekvat cavab vermək niyyətindədir. Məsələyə münasibət bildirən lragir.am erməni portalı isə maraqlı şərh yazıb. Sitat: “Putin faktiki surətdə təsdiqləyir ki, Qərbin RMS-i altında olan ölkələrə paket zərbələri endirilə bilər. Bu isə məlum olduğu kimi, təkcə Avropa ölkələri və ABŞ deyil, həm də Türkiyə, İsrail, gələn ildən etibarın isə Gürcüstandır. Bəllidir ki, Tiflis öz ərazisində müasir RMS-in yerləşdirilməsinin mümkünlüyü ilə bağlı Fransa ilə ilkin anlaşma əldə edib”.
Sayta görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun noyabrın 9-da İrəvana etdiyi səfər də məhz Gümrüdəki Rusiya hərbi bazasından Suriyaya aviazərbələr endirmək üçün dayaq məntəqəsi qismində istifadə eləməklə bağlı olub. “Bu gün Putin Ermənistanla birgə RMS yaratmaqla bağlı danışıqlara başlamaq göstərişi verib. Ermənistan buna razılıq verməklə faktiki, özü də Qərbin strateji hədəfinə çevriləcək - bütün mümkün nəticələri ilə birgə”, - deyə portal xəbərdarlıq edib.
*****
Göründüyü kimi, Kreml başçısı da bekar durmayıb və yenidən Qərbi və onun müttəfiqlərini hətta nüvə zərbəsi ilə təhdid eləməyə qərar verib. Heç şübhəsiz, bu günlərdə ABŞ-ın Türkiyədəki İncirlik bazasına əlavə qırıcı təyyarələr göndərməsi də Rusiya təhlükəsinə görə NATO üzvü və müttəfiqi Türkiyənin hava məkanının təhlükəsizliyini gücləndirmək niyyəti güdür. Artıq ilk partiya - 6 ədəd F15S Eagle qırıcı təyyarəsi bazaya eniş edib.
Pentaqon rəsmisi Peter Kuk bildirib ki, Türkiyə hökuməti özü bu xahişlə müraciət edib. İstək birbaşa olaraq rus təyyarələri ilə bağlıdır. O əlavə edib ki, öz müttəfiqinin təhlükəsizliyini qorumaq NATO-nun məsuliyyətinə daxildir.
Xatırladaq ki, oktyabr ayının əvvəlində Suriyadakı mövqeləri bombalayan Rusiya təyyarələri düz iki dəfə Türkiyə sərhədini pozmuşdu. Hadisə ilə bağlı Türkiyə tərəfi ruslara iki dəfə nota təqdim edib.
Siyasət şöbəsi /musavat.com/