Kardinal da, bəzən nələrisə doğru hesablaya bilmir…

12-11-2015, 09:58   
Kardinal da, bəzən nələrisə doğru hesablaya bilmir…
Söhbət Azərbaycan siyasi isteblişmentinin Xaç Atası, uzun illərdir Azərbaycan siyasi sisteminin “Boz Kardinalı” kimi tanınan Ramiz Mehdiyevdən, onun oğlundan gedir. Artıq Azərbaycanda “atalar və oğullar” rejiminin bərqərar olduğu aydındır. Bunu hər kəs görür. Prezidentin oğlu prezident oldu. Nazirlərin oğlanları hərəsi bir nazir kimidir – sadəcə, hələlik özləri nazir postunu tutduqları üçün övladlarını nazir təyin etdirə bilmirlər. Ancaq bir şey məlumdur ki, elə nazir oğlanlarının özləri də atalarından kəm vəzifələr daşımırlar. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu “Gilan holding”i, Ziya Məmmədovun oğlu “Garant holding”i idarə edir. İngiltərə ilə məsələlər Talehin, Amerika ilə məsələlər də Anarın monopoliyasındadır. Bir neçə gün bundan əvvəl vəzifəsindən çıxarılan sabiq MTN şefi Eldar Mahmudovun oğlu da özü kimi iri bir holdingi idarə edib. Bu misalların sayını sonsuza qədər artırmaq mümkündür. İndi Avropa və Amerikanın yolları bizim məmurların harın balalarının bahalı avtomobilləri ilə dolub-daşır. Hazırda Azərbaycanı atalar və onların oğulları idarə edirlər. Prezidentindən “JEK” müdirinə qədər…

Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev də belə oğullar içərisindədir. Sadəcə, digər nazirlərin balalarından fərqli olaraq, o, uzun müddətdir “o nazirlik mənim, bu nazirlik sənin” gəzir. Heç bir nazirlikdə də qərar tuta bilmir. Ramil Usubovun oğlanlarından fərqli olaraq Timur general olub olmağına, “Boz Kardinal” onuamma heç cür nazir, heç olmasa, nazir müavini edə bilmir.


Timur Mehdiyev
Redaksiyamızı bilgiləndirən məlumatlı mənbə, bunun üçün Ramiz Mehdiyevin qollarını çırmaladığını bildirir. Rejimin “Xaç Atası” oğlunu ilk öncə Müdafiə Nazirliyinə təyin etdirmək istəyib. Plan Timur Mehdiyevi Müdafiə Nazirliyinin təsərrüfat üzrə müavinliyi vəzifəsinə təyin etdirmək olub. Timur Mehdiyev “TIL” da deyilən bu vəzifədə kök salmalı, Müdafiə Nüzirliyinin bütün iqtisadi məsələlərini, yağlı tenderlərini özünün nəzarətinə götürməli, sonra da uyğun bir zamanda Müdafiə naziri təyin olunmalı imiş. Ramiz Mehdiyev ömrünün qürub çağında oğlunun əlini heç olmasa bir “nazir çörəyi”nə çatdırmaq istəyir.

Amma “sən saydığını say, gör “general” nə sayır” deyib rejimin babaları. Administrasiyadakı general plandan xəbər tutur və dərhal İlham Əliyevi xəbərdar edir. İlham Əliyevin belə “saman altından su” oyunu heç xoşuna gəlmir. Təbii ki, bunu hamıdan çox Ramiz Mehdiyevin özü nəzərə almalı idi, amma görünür, qocalmış Kardinal da, bəzən nələrisə doğru hesablaya bilmir… Uzaq olmayan keçmişdə Ramiz Mehdiyev bir dəfə bunun bəhrəsini Gülər Əhmədova olayında görüb. O zaman Ramiz Mehdiyevin ən çətin və gərgin zamanları idi. Təxminən onun da Gülər Əhmədova ilə qonşu kameralardan birinə gətiriləcəyi haqqında versiyalar səslənməyə başlamışdı və bunlar çox ciddi idi. Elşad Abdullayevin o zaman üçün əla işləyən videohücumları Boz Kardinalı yavaş-yavaş qaraltmağa başlamışdı. Tam da o zaman Ramiz Mehdiyev Prezident İlham Əliyevi “Zağulba”dakı bağ evində ziyarət etdi və bu haqda ciddi mətbuat ciddi informasiyalar yayınladı. Ramiz Mehdiyev gecənin gec saatlarına qədər İlham Əliyevlə söhbət etdi, onu inandıra bildi və məsələni bir daha öz lehinə çevirməyi bacardı. O qədər ki, hətta Prezident onu gec olduğu üçün evə belə buraxmamışdı. Elə yıxılıb orada da yatmışdı. Hər nə isə, generalın vaxtında və zamanında verdiyi məlumatlar Ramiz Mehdiyevin oğlunu Müdafiə Nazirliyinə “TIL” rəisi təyin etməsinin qarşısını alır və Timuru göndərirlər Kəmaləddin Heydərova “nəzarət” etməyə. Təbii ki, hələlik. Çünki Azərbaycan cəmiyyəti yaxşı bilir ki, Ramiz Mehdiyev planlarını hər zaman həyata keçirir – çox gec olsa da.


Vahid Əliyev
Məlumatlı mənbə onu da bildirir ki, Timur Mehdiyev bundan əvvəl başqa bir vəzifəyə də təyinat almaq istəyib. Onu Müdafiə Nazirliyinin Hərbi Dəniz Donanmasının rəisi, general Şahin Sultanovun yerinə təyin etmə planı da olub. Mənbə israr edir ki, Şahin Sultanovun həbsinin bir motivi də Timur Mehdiyevin ora təyinatının nəzərdə tutulması planı ilə bağlı olub. Burada da Prezidentə məruzə olunub və Prezident təyinatın qarşısını alıb.

Görünən odur ki, cənab Ramiz Mehdiyev oğlunu nazir, heç olmasa nazir müavini kürsüsünə əyləşdirməkdə israrlıdır. Həm Şahin Sultanov, həm də Müdafiə Nazirliyi məsələsində planın suya düşməsinin səbəbini isə Vahid Əliyevdə görürlər. Ona görə də, əgər bu informasiyalar gerçəkdirsə, Timur Mehdiyevin, ümumən isə Ramiz Mehdiyev komandasının general Vahid Əliyevlə bağlı hansısa planları ortaya çıxa bilər.

Maraqlıdır ki, bir müddət bundan əvvəl “Azərbaycan saatı”nda general Vahid Əliyevin Müdafiə Nazirliyindəki Milli Ordunun yaranması günü münasibətilə keçirilən tədbirdə zəhərləndiyi haqda material dərc olunmuşdu. Yazıda iddia olunurdu ki, Vahid Əliyevin zəhərlənmə olayında izlər Administrasiya koridorlarına qədər gedib çıxır və Prezident İlham Əliyev bundan xəbərdardır. “Azərbaycan saatı” iddia edirdi ki, Vahid Əliyev ölümdən dönüb və İsrail həkimləri olmasaydı, o, artıq dünyasını çoxdan dəyişmişdi.

İddia etmək olmaz ki, Vahid Əliyevin Müdafiə Nazirliyindəki zəhərlənmə olayı kimlərinsə vəzifə axtarışları və ya “yeni koalisiya” cəjdləri ilə düz mütənasibdir, amma hakimiyyət dəhlizlərində bəzən çox isterik planlar ola bilir. Bizə isə gözləmək qalır. Kim bilir, bəlkə bizi MTN olaylarından da dəhşətli olaylar gözləyir.

Azad Akifoğlu
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.