MTN-də baş verənlərin məsuliyyətini təkcə Eldar Mahmudov daşımır
Hakimiyyət bizi təəccübləndirməyə davam edir. Hər gün MTN-də baş verən cinayət əmələri ilə bağlı xəbərlər yayılır. Hətta ölkə başçısı da etiraf etdi ki, söhbət təkcə qanunsuz əməllərdən getmir, bu adamlar reketçiliklə məşğul olub, ağır cinayətlər törədiblər. Yəni, MTN rəhbərliyi uzun illər ərzində cinayətkar dəstə kimi fəaliyyət göstərib, insanları həbs edib işgəncə veriblər, sahibkarlardan təzyiq vasitəsilə pul alıblar və.s
Amma haqlı bir sual ortaya çıxır. Bu cinayətlərin məsuliyyəti təkcə Eldar Mahmudovun, həmin generalların üzərindədir? Bütün bu ağlagəlməz əməllərdən digər qurumların xəbəri olmayıb?
Tutaq ki, MTN hansısa sahibkarı qanunsuz olaraq saxlayıb, işgəncə verib. Ilkin mərhələdə bundan kimlərinsə xəbəri olmaya bilər. Amma sonrakı mərhələdə bu adamlar məhkəmə qarşısına çıxarılıb, bu adamlarla bağlı ibtidai istintaq aparılıb, prokurorluq məsələyə müdaxiə edib və.s
Niyə, prokurorluq baş verənlərlə bağlı həyəcan təbili çalmayıb? Haqsızlıq qurbanı olmuş insanların müvafiq strukturlara şikayət məktubları var, bu adamlar səlahiyyətli şəxslərin qəbulunda olublar, dərdlərini danışıblar, niyə bütün bunlara səssiz qalıblar?
Yaxud, bu adamların vəkilləri mətbuata açıqlamalar veriblər, məhkəmə proseslərində ortaya faktlar qoyublar. Amma bu illər ərzində belə faktlar lazımsız əşya kimi kənara atılıb.
Tutalım hansısa struktur özfəaliyyətə yol verib, rüşvət qarşılığında ədalətsiz qərarlar qəbul edib. Axı bu strukturlara nəzarət edən daha üst qurumlar var. Məsələn, Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsi var. Bu şöbənin faəliyəti nədən ibarətdir? Necə ola bilər ki, aşağı strukturlarda göz deşən cinayətlər baş verir, mətbuat bundan yazır, əksər şikayətlərin bir sürəti də məlum şöbəyə göndərilir və bütün bunlardan yuxarılar xəbərsiz qalır?
Göründüyü kimi baş verənləri dərindən təhlil edəndə prokururluğun, məhkəmə sisteminin, hətta Prezident Aparatındakı məlum şöbənin də məsuliyyəti üzə çıxır. Ona görə də aidiyyatı olan, vəzifəsinin öhdsənidən gələ bilməyən, qanunsuzluqlara göz yuman şəxslər də məsuliyyətə cəlb olunmalıdır.
MTN-də baş verənlərə görə birbaşa məsuliyyəti Eldar Mahmudov daşıyırsa, Eldar Mahmudovlara nəzarət etmək məsuliyyətini də Fuad Ələsgərov daşıyır.
Samir