Sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun gözlənilmədən vəzifədən uzaqlaşdırılması onun yaxın ətrafının da taleyini sual altında qoyub.
Bəziləri öncə baş verənləri parlament seçkisi öncəsi hakimiyyətin bir gedişi kimi dəyərləndirsə də, seçkilərdən sonra daha bir nazirin öz kürsüsünü itirməsi, ümumilikdə isə 100-ə yaxın məmurun ya saxlanılması, ya da istintaqa cəlb olunması göstərdi ki, bu proses təxmin edildiyindən daha dərin və genişmiqyaslıdır.
Proses davam etdikcə bugünə qədər qorxudan susan müəyyən qüvvələr də hərəkətə gəlməyə və danışmağa başlayıblar. Bir çoxları isə aparıcı media orqanlarına məlumatları, faktları sızdırır, prosesin daha da dərinləşməsinə çalışırlar.
Qaynar.info portalına da hər gün “Eldar Mahmudov çetesi” ilə bağlı yeni-yeni adlar, faktlar daxil olmaqdadır. Artıq bunların bir çoxu araşdırılıb dəqiqləşdirildikdən sonra ictimaiyyətə təqdim edilib.
Belə mlumatlardan biri də Yasamal Mənzil Kommunal Təsərrüfatı Birliyi və onun sədri Akif Hacıyev haqqındadır.
Qaynar.info-nu məlumatlandıran mənbə diqqəti öncə Akif Hacıyevin necə bu quruma sədr təyin olunmasına çəkir.
“Vaxtilə Yasamal “JEK”ində çalışan Akif Hacıyev hər gün onun ərazisində yaşayan Eldar Mahmudovun işə gedib-gəlmə qrafikini əzbərləmişdi. Akif Hacıyevin məqsədi səhər-axşam Eldar Mahmudova qulluq etmək, onun çantasını daşımaq idi. Hətta qonşular Akif Hacıyevin bu hərəkətlərindən xeyli “lətifə” yaratmışdılar. Bir gün Eldar Mahmudov bu qırsaqqız adamın Yasamal Mənzil Kommunal Təsərrüfatı Birliyinə rəhbər təyin olunması üçün tapşırıq verdi. Və bir neçə gündən sonra Akif Hacıyev Yasamal MKTB-nin rəisi oldu. O gündən Akif Hacıyev Eldar Mahmudovun tapşırığı ilə bütün”JEK” müdirlərinə göstəriş verdi ki, ərazilərindəki “jirni” adamların siyahısını hazırlasınlar. “JEK “müdirləri MTN əməkdaşlarının sorğularından bezmişdi. Akif Hacıyev işçiləri hədələyirdi ki, sorğulara cavab verməsəniz sizi işdən qovacam. Bir sözlə “JEK”-lər MTN-nin “filial”larına çevrilmişdi”.
Mənbə qeyd edir ki, Yasamal Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəhbəri Akif Hacıyev Eldar Mahmudovla kifayət qədər yaxın olub, rayon ərazisindəki imkanlı şəxslərin mənzillərinin yeri, biznes fəaliyyətləri barədə müfəssəl məlumatlar əldə edib, Yasamal rayonu ərazisində fəaliyyət göstərən mənzil alqı-satqı biznesini nəzarətdə saxlayıb.
Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılmasına qədər “88”lə başlayan şəxsi avtomobillər idarə edən, heç bir polisi saymayan Akif Hacıyev və onun adamları indi izi itirmək üçün 414 nömrə nişanı maşınlarla gəzir. Onlar bu yolla eks MTN şefi ilə əlaqələrinin olmadığını ortaya qoymaga çalışırlar.
Daha bir ilginc məlumata görə, Akif Kərimovun əmisi oglu, əvvəllər polis orqanlarında işləyən, hazırda təqaüddə olan Simnar Hacıyevin də (Hazırda MKTB-də anbardar) Eldar Mahmudovla daha yaxın münasibətlərinin olması deyilir.
Həmçinin Eldar Mahmudov Akif Hacıyevin yeganə oglu Məcid Hacıyevi də işsiz qoymayıb və ona MTN-də məsul vəzifə verib. Hazırda Məcid Hacıyevin MTN-də çalışdığı bildirilir.
Yasamal MKTB-nin rəhbəri Akif Hacıyevin əməllərinin bununla bitmədiyi qeyd olunur.
Belə ki, illərdi bu vəzifədə çalışan Akif Hacıyev öz yaxın adamlarını MİS-lərə müdir təyin etdirib, qohumlarına MKTB-də lazımlı vəzifələr verib.
Eldar Mahmudovun varlığından istifadə edərək Yasamal rayon icra başçısını saymayan, onun tapşırıqlarını qulaqardına vuran Akif Hacıyevə “gözün üstə qaşın var” deyən olmayıb. Mahmudov faktoruna görə ehtiyyat edən İbrahim Mehdiyev də ona bir söz deməyib. Çünki, dəfələrlə yaranan mübahisələrə Eldar Mahmudov səviyyəsində müdaxilələr olunub, Mehdiyev haqsız çıxarılıb. Hətta Bakı meri Hacıbala Abutalıbovu da saymayan Akif Hacıyev bəzən iclaslara belə getmirmiş…
Lakin Mahmudovun qəfil vurulması diğərləri kimi Akif Hacıyevin də planlarını alt-üst edib və onun da istintaqa çağırılması reallaşıb. Hətta İbrahim Mehdiyev səviyyəsində onun vəzifədən uzaqlaşdırlması məsələsi müzakirə olunub.
Yasamal Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəhbəri Akif Hacıyevin bu postdan necə yararlanması barədə əlimizdə olan qalaq-qalaq məlumatların xırda məqamlarını təqdim edirik. Məsələn, 100-lərlə “ölü canlar”, təsərrüfat mallarını ürəyi istədiyi qiymətə sənədləşdirməsi, əlavə tikililərə verilən qanunsuz icazələr, iaşə obyektlərinə, kafe, restoranlara qoyulan haqq və diğər faktlar barədə də yaxın günlərdə sənədlər təqdim edəcəyik.
1.2 milyonluq vergi borcu
Daxil olan məlumatlar arasında ən diqqət çəkən məqamlardan biri Akif Hacıyevin “MTN şefi”nin adından istifadə edərək külli miqdarda vergidən yayınması haqqındadır. İddia olunur ki, Yasamal MKTB-nin uzun müddət boyunca yığılıb qalan 1,2 milyonluq vergi borcu Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılmasından sonra təkrar gündəmə gəlib. Hətta buna görə Akif Hacıyevin saxlanıldığı bildirilir. Belə ki, 2 gün harada saxlandığı bilinməyən A.Hacıyev sonradan vergini ödəyəcəyi ilə bağlı öhdəlik götürdükdən sonra sərbəst buraxılıb. Onun sərbəst buraxılmasında Vergilər Nazirliyində çalışan məsul şəxsin əməyi keçib. Belə ki, A.Haciyevlə qonşu olan və hələlik adını çəkmədiyimiz vergi məmuru onun buraxılması üçün xahiş edib.
Bu vergi məmurun da adı bizə açıqlansa da, bu istiqamətdə hələ dəiqləşdirmələrimiz davam edir.
Belə ki, 1.2 milyon manat vergini qısa müddətdə ödəyəcəyini söz verən A.Hacıyev indi əl-ayaga düşüb. Daxil olan məlumatlarda qeyd olunur ki, A.Hacıyev vergini ödəmək üçün işçilərin əmək haqqlarına göz dikib. Açıq formada bildirilib ki, bir neçə ay əmək haqqları verilməyəcək və pul vergiyə ödənəcək. Maraqlıdır, illər boyu vergi ödəməyən, DSMF-nin hesabatlarından yayınaraq milyonları cibinə qoyan A.Hacıyev indi bu pulu niyə kasıb, gününü küçələri süpürməklə keçirən insanlardan tutur? Ayda 190 manat əmək haqqı alan süpürgəçinin pulunu əlindən almağın adını nə qoyaq?
Akif Hacıyevlə bağlı daxil olan məlumatlarda onun məmur olduğu təqdirdə 20 yanvar metrosu yaxınlığında bir çox obyekt və cay evinə sahib olması haqqındadır. Hazırda bu və digər faktlarla bağlı araşdırmalarımız davam edir.
Ümumiyyətlə, son proseslər bir daha göstərdi ki, korrupsiya ölkədə təxmin edildiyindən daha dərin kök salıb. Böhranın aydın hiss olunduğu bu günlərdə bir tərəfdən sadə insanlar gündəlik çörək dərdi ilə baş-başa qalmışkən, digər tərəfdən bir sıra məmurlar milyonları çox rahat şəkildə talayır, heç bir qorxu-hürkü his etmədən yaşamaqda davam edir, məsuliyyətdən yayınırlar.
Ölkə başçısı cənab İlham Əliyevin də dönə-dönə qeyd etdiyi kimi korrupsiya ilə mübarizədə ictimai nəzarəti təmin etmək üçün medianın da üzərinə böyük məsuliyyət düşür. Hər zaman olduğu kimi, bizim də vəzifəmiz məhz bu kimi problemləri ictimailəşdirmək və harınlaçış məmurları ifşa etməkdir.
Bizi izləyin…