Bakılıların mülkiyyət hüququ tanınmır
Bakının “Sovetski” adlanan hissəsinin sökülməsi prosesinə start verilsə də, hələ də yurddaşlara ödənilməli vəsaitin konkret məbləği mübahisə və mənimsəmə qonusu olaraq qalır. Daha doğrusu, hökumətin yurddaşları dədə-baba yurdundan çıxarmağı bir yana, üstəlik, onlara verilməli mülkiyyət haqqını da fırıldaqla mənimsəmək yolunu tutub.
Bizi şişirtmədə suçlamaq fikrinə düşənlərin konkret faktlara diqqət yetirmələri daha məntiqli olar. Fikir verin, yaşayış (kvadrat metrinə görə ən çoxu 1500 manat) və qeyri-yaşayış (kvadrat metrinə görə 300-1200 manat arası) otaqlarına görə konkret qiymət müəyyən olunsa da, həyət torpağına görə ödənilməli məbləğ mülk yiyələrindən gizlədilir, ümumiyyətlə, verilməsi nəzərdə tutulmur. Niyə? Məgər torpaq vətəndaşın şəxsi mülkiyyəti sayılmır? Hətta torpağa mülkiyyət hüququna dair qeydiyyat çıxarışı olanlara da kələk gəlinir. Maraqlıdır, hökumət nəyə görə binaların qiymətini açıqlayır, amma torpağın qiymətini açıqlamaqdan imtina edir? Biz hələ onu demirik ki, “ən yüksək məbləği” – 1500 manatı da minnət-sünnət, daha doğrusu, rüşvətlə əldə etmək mümkündür. 300 manatla 1200 manatlıq qeyri-yaşayış otağına görə də maxinasiyalar qaçılmazdır. Kimin “əli cibindədirsə”, yüksək məbləğlə təmin olunur. Bu lap Cinayət Məcəlləsindəki cəzanı hakimin hansı prinsiplə seçməsinə bənzəyir. Bircə fərq var ki, məhkəmə hakimi rüşvət ala bilməyəndə cəzanı ağırlaşdırır, icra hakimi isə ödənilməli məbləği yüngülləşdirir. Hələ devalvasiyanın vətəndaşlara çatacaq pulu hələlik 33 faiz, gələcəkdə isə yarıbayarı öldürəcəyini demirik. “Sovetski”də torpağın dəyərinin bir kvadrat metrə görə 2500-3000 manat və daha yuxarı olması isə heç kimə, sosial şəbəkələrə də gizlin deyil. Di gəl, nə BŞIH, nə də digər bağlantılı dövlət qurumları vətəndaşların haqlı sorğularını cavablandırmaq istəyir. Bizim Prezident Administrasiyasından, Nazirlər Kabinetindən, H.Əliyev fondundan, Ədliyyə Nazirliyindən aidiyyəti üzrə göndərilən sorğumuzu Əmlak Məsələləri Dövlət Komitəsi(ƏMDK), Ombudsman və s. qurumlar cavablandırmaq səlahiyyətində olmadıqlarını bildirib, BŞIH-ə müraciət etməyimizi məsləhət bildilər. BŞIH isə Yasamal RIH-ə cavab verməyi tapşırdı. Sözügedən RIH-in 1-ci müavini Sahib Islamov isə binalara görə yuxarıda vurğuladığımız məbləğləri açıqlamaqla yetərləndi. Təbii, bu cavabla razılaşmayıb torpağın kvadrat metrinə görə hökumətin, BŞIH-in qoyduğu məzənnənin miqdarını açıqlamağı israrla xahiş və tələb etdik. Yenə də “eyni dalğa, eyni koordinat”. “Dediyim dedığdır” deyibən açıq sorğumuzu qapalı etdilər. Axırı, BŞIH yanındakı “Qiymətləndirmə Komissiyası”na üz tutmağımızı bildirdilər. Bu komissiyanın cavabı isə əsl şok-effekti yaratdı: “yuxarı”dan neçə desələr, o da veriləcək!(??) 6 aydan çoxdur “yuxarı”nın səlahiyyətlərinin kimdə olduğunu öyrənə bilmirik. Amma bəzi inadkar mülk yiyələrinin qulağına torpağın sotunun 50 min manat olması barədə pıçıltılar hökumətin, BŞIH-in talançılığından, soyğunçuluğundan xəbər verir.
Fikrimizcə, “yuxarıdakı” kimi nəzərdə tutulursa, bu talana, soyğuna son qoymağı bacarmalıdır. Vətəndaşların mülkiyyətlərini dövlətin hansı qiymətə satın almasını bilmək hüququ var. Axı, mülkiyyət hüququ toxunulmazdır.
Məğrur Bədəlsoy