Zülfüqarlı qardaşlarının zavodlarında çalışanların müraciəti sahibkarlıqla bağlı yeni suallar yaradır
Neftin ucuzlaşması Azərbaycanda təkcə iqtisadi vəziyyəti dəyişdirmədi. Bahalı neft dövründən qalan iqtisadi baxışlar da dəyişməyə başladı. Əminliklə demək olar, indiyəcən heç bir tənqid qəbul etməyən hakimiyyət də yeni yanaşma sərgilədi. Prezident Ilham Əliyev az qala bütün çıxışlarında sahibkarlığın inkişafından danışır, bir-birinin ardınca bu məsələ ilə bağlı fərmanlar verir. “Nefti unudun” kəlməsindən sonra “Azərbaycanın inkişafı sahibkarlığın inkişafından keçir” etirafı gəldi.
Milli Təhlükəsizlik Nazirliyində baş verənlər isə başqa bir etiraf idi: sahibkarlığın qarşısında ən böyük əngəl elə hökumət orqanları, məmurlar və onların himayə etdiyi qruplardır. Inhisar və digər iqtisadi qanunsuzluqlarla iş bitsəydi, nə vardı ki! Bəlli oldu ki, sahibkarlar təkcə rüşvət verməyə məcbur edilmirlər, hətta “ovlanırlar”, quldurluq yolu ilə onların mal-mülkləri alınır, sıradan çıxarılır, məhv edilirlər.
Ölkə ictimaiyyəti isə bilir ki, MTN olayları ilə etiraf edilən əməllər – sahibkarlara qarşı reketçilik və quldurluq halları təkcə bu nazirliklə, təkcə Eldar Mahmudovun cinayətkar dəstəsi ilə məhdudlaşmır. Başqaları da var və bu hal sistemli olub.
Buyurun, noyabrın 18-də təhdid yolu ilə zavodları əlindən alınan sahibkar Zülfüqarlı qardaşlarının müəssisələrinin kollektivi prezident Ilham Əliyevə və ictimaiyyətə video-müraciət ünvanlayıb. Onların zavodlarını MTN-dəki gizli quldurlar almayıb. Həm də onlar bu haqda susanlardan da deyil. Illərdir öz haqlarını qaytarmaq üçün müraciətlər edir, məhkəmələrə baş vururlar.
Dünənki müraciətdən görünür ki, böyük sərmayələr hesabına qurulan, ixracyönlü istehsalatla məşğul olan iki böyük zavod – “Bakı Poladtökmə” və “Bakı Elektroştamp” hazırda boşuna yatır. 1500-ə qədər adamın işlədiyi zavodlar tam dayanıb. Başqasının mülkünü almaq bir yana qalsın, hazır və karlı zavodları işlətməyə fərasətləri də çatmayıb bu quldurluğu həyata keçirənlərin.
Zülfüqarlıların başına gələnlər çoxdan ictimaiyyətə bəllidir. 2005-ci ildə zavodların əsas səhmdarı və idarəçisi Nurəddin Zülfüqarlı yoldan başına torba keçirilərək həbs edilib, həbsdə onunla danışıq aparılıb, səhmləri verdiyi halda azad olunacağı vəd edilib. Adi şantaj və quldurluq olayıdır. Bəs danışığı kim aparıb?
Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənov. Səhmlər kimə çatıb? Əvvəlcə Kərəm Həsənovun sürücüsünün qohumu olan Lerikli fəhləyə. Daha sonra “Bakı Steel Company” MMC-nin rəhbəri Rasim Məmmədova. O Rasim Məmmədova ki, sonradan keçmiş deputat Nazim Məmmədovun da metal müəssisəsinə basqın etmişdi.
Çox maraqlı sual yaranır. Hazırda MTN-dəki cinayətkar dəstənin qurbanı olan sahibkarların şikayəti dərhal qəbul edilir, onlara haqsızlıq edənlər dindirilir. Bəs onda Kərəm Həsənov və Rasim Məmmədov niyə dindirilmir? Başqa yüksək vəzifəli adamların əzdiyi sahibkarların şikayətinə niyə baxılmır? Şikayətinin eşidilməsi üçün hökmən Eldar Mahmudovunmu zülmün yaşamalısan?
Bu sualları qaldırdığı üçün Zülfüqarlı qardaşlarının zavodlarında işləyənlərin dünənki müraciəti bir açar rolunu oynayır. Doğrudanmı sahibkarlığı inkişaf etdirmək istəyirlər?