Eldar Mahmudovun adamlarının internet şokundan istifadə edərək ölkəni tərk edib-etmədiyi araşdırılır; Akif Çovdarovun ailəsi yas içində
“MTN işi” ilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Məlumatlarda deyilir ki, keçmiş MTN şefi Eldar Mahmudov və dəstəsilə bağlı daha bir əməliyyat keçirilib. Bu əməliyyat bir neçə gün əvvəl ölkədə yaşanan internet şoku ilə bağlıdır. Ötən sayımızda məlumat vermişdik ki, hadisənin təxribat olması barədə əsaslı ehtimallar var.
Ölkədə internet təchizatının böyük əksəriyyətinə nəzarət edən “Delta Telekom” şirkəti prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubova məxsusdur. Internetin olmaması bu şirkətdə yanğın baş verməsilə izah edilirdi. Bəylər Əyyubov “MTN işi” ilə bağlı əməliyyata rəhbərlik edən şəxsdir. Bu baxımdan ehtimal olunur ki, hadisə Bəylər Əyyubova qarşı təxribatdır.
Məlumatlarda bildirilir ki, həm bu məsələ, həm də internet şoku ərəfəsində Eldar Mahmudovun şəbəkəsinə daxil olanlardan kimlərinsə fürsətdən istifadə edərək ölkədən çıxıb-çıxmaması ciddi araşdırılır.
Digər məlumatlarda isə bildirilir ki, Eldar Mahmudov yeni qohumluğundan istifadə edərək vəziyyətdən çıxmağa çalışsa da, məqsədinə çatmayıb. Məlumatlara görə, keçmiş MTN şefi mərhum Heydər Əliyevin qardaşı Həsən Əliyevin nəvəsini öz oğluna alıb.
Akif Çovdarovun ailəsi yas içərisində, hədəfdə kürəkəndir
MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş Idarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov həbs edildikdən sonra ailəsi yas içərisindədir. Bu barədə məlumatı criminal.az-a ailəyə yaxın mənbə verib. Məlumata görə, Akif Çovdarovun kürəkəni, MTN şöbə rəisi, polkovnik-leytenant, Rəşad Əmircanov vəzifəsindən uzaqlaşdırılandan sonra vəziyyət daha da gərginləşib.
Ailə üzvləri Badamdarkdı villalarından çıxıb, hazırda Akif Çovdarovun Gürcüstandakı və Bakıdakı biznesini idarə edən qardaşı Asifin evinə sığınıblar. Ailədə Rəşad Əmircanovun da həbsindən narahatdır. Rəşad Əmircanova məxsus Badamdardakı villa möhürlənib.
Rəşad Əmircanov əvəllər Xüsusi Dövlət Mühafizə Xidmətində işləyib, sonrdan Akif Çovdarov Milli Təhlükəsilik Nazirliyində idarə rəsisi təyin edildikdən sonra, qayınatasının himayədarlığı ilə MTN-ə şöbə rəisi gətirilib. Hüquq-mühafizə orqanları polkovnik-leytenant Rəşad Əmircanovun Akif Çovdarovun təşkil etdiyi gizli həbsxanalar və müxtəlif cinayət əməllərində iştirakının olduğu təxmin edir.
Rəşad Əmircanov, 1993-1996-cı illərdə Azərbaycan Respublikası Dövlət Iqtisadiyyat və Planlaşdırma Komitəsi sədrinin birinci müavini vəzifəsini tutmuş, “Əməkdar iqtisadçı” Əmircan Əmircanovun kiçik oğlu, Dəmirbankın Idarə Heyətinin sədri Roman Əmircanovun, Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru Aqşin Vəliyevin yaxın qohumudur.
MTN TQDK-ya da ciddi təsir edə bilib
Azpolitika.info isə Eldar Mahmudovun bandasının əməlləri barədə daha dəhşətli xəbər yayıb. Məlumatda deyilir ki, Milli təhlükəsizlik nazirinin birinci müavini (artıq sabiq), Mahmudovun yaxın adamlarından biri olan general-mayor Elçin Əliyev oğlunu qeyri-qanuni yolla ali məktəb tələbəsi edib. Daha dəqiqi, Elçin Əliyev oğlu Seymur Əliyevin MTN-nin Akademiyasına saxta yolla daxil olmasına nail olub.
Bizə verilən məlumata görə, Elçin Əliyevin oğlu test imtahanlarında yetərli bal yığa bilməyib. Ancaq general imtahandan bir ay sonra TQDK-da oğluna yüksək bal yazdıra bilib. Hazırda Elçin Əliyevin oğlu akademiyanın birinci kurs tələbəsidir.
Bu saxtakarlıqdan TKDK sədri Mələykə Abbaszadənin xəbəri olub-olmadığını söyləmək çətindir. Ancaq şübhə yoxdur ki, Elçin Əliyevin oğlu test imtahanlarındakı balını artırmaq üçün MTN-çi bandanın gücündən istifadə edib. Bu güc o qədər böyük idi ki, nəinki kimisə saxta yolla hansısa ali məktəbə yerləşdirməyə, hətta nazirlərdən aylıq milyonlarla dollar “haqq” almağa qadir idi. Bu baxımdan MTN-nin Akademiyasında çoxlu sayda belə saxta yolla tələbə olanların oxuduğu istisna deyil. Onları da təmizləmək lazımdır.
Bir həftə əvvəl Prezidentin sərəncamı ilə Elçin Əliyev vəzifəsindən azad edilib. Oğlu necə, saxta yolla daxil olduğu Akademiyadan qovulacaqmı?
Elşad Abdullayev Akif Çovdarov barədə baş prokurora nə deyib?
Fəaliyyəti dayandırılmış Beynəlxalq Azərbaycan Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev də Akif Çovdarovla Hilal Əsədov barədə ilginc açıqlamalar verib. Elşad Abdullayev “Azadlıq”a ünvanladığı müraciətdə bildirib ki, qətllər törətmək Akif Çovdarov üçün həyat norması olub. “O, şəxsi ”Quantanamosunda”, gözümün qarşısında insanlara elektrik stulunda işgəncə verirdi, gözünü qırpmadan Azərbaycan vətəndaşını güllələyirdi. Bunların bu xalqa qarşı belə bir amansız nifrətini Qarabağda savşanlar yaxşı bilər. Dəfələrlə Binəqədinin prokuroru Mirələkbər Seyidova, həmçinin əmisi Zahid Qaralov vasitəsilə baş prokuror Zakir Qaralova xəbər göndərdim ki, Akif Çovdarov və Hilal Əsədovun gizli həbsxanası var. Sonda Mirələkbər Seyidov mənə dedi ki, onun özünü həmin həbsxanada 3 gün saxlayıblar. Deyiblər ki, ağzını açma, yoxsa izsiz-tozsuz yox olarsan. Zakir Qaralov isə mənə xəbər göndərdi ki, bu adamlarla ehtiyatlı olum.