Sumqayıtın yeni icra başçısı Zakir Fərəcovun “Gənclər Şəhəri”ndə ilk islahata başladığı sahələrdən biri də təhsil sistemi oldu. Elə birinci iclasdaca Sumqayıt təhsil şöbəsinin rəhbəri Vaqif Ələkbərov vəzifəsindən azad edildi. Həmin yığıncaqda Z.Fərəcov Sumqayıt təhsili haqqında ürəkyanğısı ilə danışması demək olar ki, heç kimi inandırmamışdı: məqsəd yeni başçının öz kadrını vəzifə başına gətirməsi idi. Belə də oldu.
Son günlər isə, Z.Fərəcov yeni bir kampaniyaya start verib. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə Sumqayıt məktəblərində icra hakimiyyətində yaradılmış qruplar tərəfindən qəfil yoxlamalar keçirilir, yeri gəldi gəlmədi direktorlara iradlar bildirilir. Bu proses zamanı bəzən pedoqoji baxımdan da kobud yanlışlıqlara yol verilir. Belə ki, bu yoxlamalardan birinin şahidi olan şəxsin cumhuriyyet.az-a bildirdiyinə görə direktorların bəziləri kollektiv qarşısında məqsədəuyğun olmayan şəkildə tənbəh edilir.
Başqa sözlə həmin məktəb rəhbərlərinə “sənin qələmin qırılıb” mesajı verilir. Mənbəmizin sözlərinə görə, məlum müşavirədəki olaylar kimi indiki proses də xüsusi marağa xidmət edir və heç də Sumqayıt təhsilinə canıyananlıqdan ortaya çıxmayıb. Belə ki, daxil olan məlumata görə bu reydlərin ardınca Z.Fərəcov bir çox məktəb direktorlarını vəzifədən azad edərək bu postlara da “öz adamlarını” gətirmək niyyətindədir. Onu da bildirək ki, artıq hansı məktəb direktorlarının cəzalanacağı və onların yerinə kimlərin gətiriləcəyi, kimlərlə necə anlaşıldığı haqda cumhuriyyet.az-a tam məlumatlar daxil olub və növbəti yazımızda bu haqda konkret adlar çəkməklə bəhs edəcəyik.
Bu yazımızda isə Sumqayıt şəhərinin indiki, Abşeron rayonunun bir neçə ay bundan əvvələ qədərki icra başçısı hörmətli Zakir müəllimin diqqətinə bəzi faktları çatdırmaq istəyirik. bşerondan Sumqayıta gələn başçının köhnə məkanında təhsilin səviyyəsi necə olub? Sumqayıt təhsilinin səviyyəsi ilə Abşeron təhsilinin səviyyəsi arasında Yerlə Göy qədər fərq var! TQDK-nın bu tədris ili üçün elmi-statistik təhlili hazır olmadığı üçün, 2014-2015-ci tədris ilinin nəticələrinə baxaq:
Ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərmiş abituriyentlərin bölgələr üzrə sayı cədvəlində Sumqayıt şəhəri Bakı şəhərindən sonra 2-ci yeri tutur.
Sumqayıtda orta məktəbləri bitirən və qəbulda iştirak edən 2549 abituriyentin 341 nəfəri 500-dən yuxarı, 129 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.
Abşeron rayonun orta məktəblərini bitirən və qəbulda iştirak edən 1293 abituriyentin 102 nəfəri 500-dən, 30 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.
Abituriyentlərin sayına nəzərən yüksək ballıların faizi çox olan təhsil müəssisələrinin cədvəlində Sumqayıtdan 4, Abşeron rayonundan 1 orta məktəbin adı var.
Abituriyentləri imtahan fənləri üzrə yüksək nəticə göstərən məktəblərin cədvəlində:
“Ana dili”, “Ədəbiyyat”, “Riyaziyyat”, “Fizika”, “Kimya”, “Biologiya”, “Tarix”, “Coğrafiya”, “İngilis dili” fənləri üzrə 15 orta məktəbin içərisindən Abşeron rayonundan 1 orta məktəbin adı yoxdur. Ancaq həmin cədvəldə “Ana dili” fənnindən Sumqayıt şəhərinin 4 məktəbinin, “Ədəbiyyat” fənnindən 1 məktəbinin, “Riyaziyyat” fənnindən 3 məktəbinin, “Fizika” fənnindən 4 məktəbinin, “Kimya” fənnindən 4 məktəbinin, “Biologiya” fənnindən 2 məktəbinin və s. adı var.
Şagirdləri buraxılış imtahanlarında hər iki fənn üzrə birlikdə yüksək nəticə göstərən məktəblər (9-cu sinif şagirdləri) cədvəlində:
Bu cədvəldə 40 məktəb içərisində Sumqayıtın 5 məktəbi, Abşeronun 0 (sıfır) sıfır məktəbi yer alıb.
Şagirdləri buraxılış imtahanlarında hər iki fənn üzrə birlikdə yüksək nəticə göstərən məktəblər (11-ci sinif şagirdləri) cədvəlində:
Bu cədvəldə 40 məktəb içərisindən Abşeronin 0 (sıfır) məktəbi, Sumqayıtın isə yenə 5 məktəbi yer alıb.
Ötən tədris ilinin qəbul imtahanlarının nəticələrinə görə, Abşeron rayonunun 662 məzunu (1597 məzundan) tələbə adını qazanıb.
0-200 bal toplayanlar 50,43%, 500-dən yuxarı bal toplayanlar isə 7,81 faiz olmuşdur.
Rayon abituriyentlərinin “Riyaziyyat”, “Fizika”, “Kimya” və “Coğrafiya” fənləri üzrə göstəriciləri Respublika üzrə orta göstəricilərdən aşağıdır.
Rayonun attestat qiymətləri əla olan abituriyentlərinin 4,21%-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə 41.05 %-dir.
Sumqayıt şəhər abituriyentlərinin qəbul imtahanlarında topladıqları orta bal respublika üzrə orta göstəricidən 14,3% yuxarıdır.
Qəbul imtahanlarının nəticələrinə görə, şəhərin 1480 məzunu (2549 məzundan) tələbə adını qazanıb.
0-200 bal toplayanlar 42%, 500-dən yuxarı bal toplyanlar isə 13,38 faiz olub.
Şəhərin attestat qiymətləri əla olan abituriyentlərindən 200 baldan aşağı nəticə göstərən yoxdur. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə 74.07%-dir.
Müqayisədən göründüyü kimi, Abşeron məktəblərində qiymət şişirdilməsinə yol verilir. Və rayonun “Riyaziyyat”, “Fizika”, “Kimya” və “Coğrafiya” fənləri üzrə göstəriciləri respublika üzrə orta göstəricilərdən aşağıdır.
Görəsən təhsili yaxşı bilən Zakir müəllim nə əcəb Nadir Ağayevin Abşeron rayonunun təhsilini yaman günə qoymasından xəbərsiz olub? Bəlkə cənab Başçı işə çox emosional başladığından müqayisə aparmayıb? Bəlkə illərdir ki, Nadir Ağayev onu aldadırmış? Nə desəniz olar.. Bu tədris ilində də Sumqayıt təhsili Abşeron təhsilindən xeyli irəlidədir. Ancaq nə faydası, Başçının öz meyarı, öz arşını, öz mərəzi, öz qərəzi var…