Türkiyənin Hərbi-Hava Qüvvələrinin F-16 qırıcısının bu gün Suriya ilə sərhəddə Rusiyanın anti-Əsəd qüvvələrini bombalayan Su-24M bombardmançısını vurması regionda vəziyyəti dramatik ölçülərdə gərginləşdirib.
Virtualaz.org saytının xəbər verdiyi kimi, Putin olduqca sərt tonda bəyanat verərək Türkiyəni “arxadan zərbə” vurmaqda və İŞİD-ə himayəçilikdə ittiham edib. Bildirib ki, bu insidentin iki ölkə münasibətləri üçün faciəvi nəticələri olacaq.
Həmçinin Putin Türkiyənin İŞİD-lə neft biznesini yada salıb, Rusiya bombardmançısının heç bir halda Türkiyə üçün təhdid yaratmadığını, onun Suriya hüdudları içində vurulduğunu bildirib.
Putinin bəyanatının ardınca xarici işlər naziri Sergey Lavrov çıxış edərək Türkiyəyə sabah noyabrın 25-nə planlaşdırılan səfərini ləğv etdiyini açıqlayıb. Lavrov eyni zamanda Rusiya vətəndaşlarını Türkiyəyə səfərlərdən çəkinməyə çağıraraq bu ölkədə terror təhdidinin yüksəldiyini bildirib.
Türkiyənin Su-24 bombardmançısını vurmasının nəticəsi olaraq Rusiyanın itkiləri isə artıb. Rusiya Müdafiə Nazirliyi rəsmən təsdiq edib ki, katapult edən pilotlardan biri terrorçuların yerdən açdıqları atəşlə həlak olub. Pilotları axtarış-xilasetmə əməliyyatına cəlb edilən vertolyotlardan biri terrorçuların atəşinə məruz qalaraq məcburi eniş edib. Bu zaman Rusiya dəniz piyadalarından biri həlak olub, qəza enişi edən vertolyot isə yaraqlıların açdıqları minomyot atəşi nəticəsində məhv edilib.
Türkiyənin hərəkətlərinə cavab olaraq Moskvadan qəzəbli bəyanatlar bir-birini əvəz etməkdədir. Rusiya Müdafiə Nazirliyi elan edib ki, Türkiyə ilə hərbi təmaslar dayandırılır. Eyni zamanda Suriyadakı əməliyyatlarda iştirak edən bombardmançılar bundan sonra hava reydlərinə qırıcıların müşayiəti ilə çıxacaq.
Habelə Rusiya Suriyanın Türkiyə ilə həmsərhəd bölgələrində hava sahəsinə nəzarəti gücləndirmək üçün xüsusi radiolokasiya vasitələri ilə təchiz edilmiş “Moskva” kreyserini Suriya sahillərinə göndərib.
Aydındır ki, bir vaxtlar az qala qardaşlaşan Ərdoğanla Putinin münasibətləri bir daha heç vaxt əvvəlki kimi olmayacaq. Və Putinin Türkiyədən bu insidentə görə qisas alacağı da yəqindir. Lakin bu qisas nədən ibarət olacaq?
Rusiya prezidenti və bu ölkənin Müdafiə Nazirliyi hərbi cavab tədbirlərinə eyham vurmayıblar. Ancaq Suriya əməliyyatlarından Rusiyanın hərbi gücünü nümayiş etdirmək üçün uğurla istifadə edən, gah Xəzər dənizindən qanadlı raketlərlə Suriya ərazisinə zərbələr endirən, gah da Murmansk yaxınlığındakı hərbi bazadan Tu-160 strateji bombardmançısını qaldırıb NATO ölkələrinin hava hüdudları boyu uçurdaraq İran üzərindən İŞİD-ə qanadlı raket atdıran Putinin hökmən buna hərbi cavabı olacaq. Bu, Putinin əlində həm də NATO-ya dərs vermək üçün yaxşı fürsətdir.
Qeyd etmək lazımdır ki, təbliğat baxımından Putinin bu insidentdən öz xeyrinə istifadə etmək imkanları daha çoxdur. O, bəyan edir ki, Rusiya təyyarəsi Türkiyəni heç bir halda, hətta bu ölkənin hava sərhədini pozmuş olsa belə, təhdid etmirdi. Hədəfi ancaq terrorçular idi. Eyni zamanda təyyarənin Suriya ərazisinə düşməsi onun Türkiyənin hava sahəsini pozmadığında israr etmək üçün güclü arqument verir.
Digər tərəfdən, Türkiyənin İŞİD-ə dəstəyi haqda çoxdan danışılır. Terror qruplaşmasının tərkibinə qoşulmaq üçün dünyanın hər tərəfindən gedənlər məhz Türkiyə sərhədini keçərək Suriyaya daxil olur. İŞİD-in nəzarətindəki ərazilərdən çıxarılan neft isə Türkiyənin Ceyhan limanında tankerlərə doldurulur və bazarlara çıxarılır.
Bütün bunlar Putinə imkan verir ki, Su-24 bombardmançısının vurulmasına görə Türkiyənin əleyhinə güclü əks-təbliğat başlatsın və Ankaranın NATO-nun dəstəyindən istifadə etmək imkanlarını məhdudlaşdırsın.
Görünür, təsadüfi deyildi ki, insidentdən dərhal sonra Türkiyə NATO şurasının təcili toplantısının çağırılmasını xahiş edib. Ankara Rusiyanın mümkün hərbi cavab tədbirləri halında NATO nizamnaməsinin 5-ci maddəsinin işə düşüb-düşməyəcəyini dəqiqləşdirmək istəyir.
Lakin kim təminat verir ki, NATO Türkiyəyə görə Rusiya ilə hərbi toqquşmaya getməyə hazırdır və Putinin mümkün hərbi cavab addımlarına qarşı ancaq bəyanatlarla kifayətlənməyəcək?
Əgər belə olsa, bu, Putin üçün həm də NATO-nu parçalamaq üçün əla fürsət olardı. Onsuz da NATO üzvü olan Baltik ölkələri, Polşa və digər Şərqi Avropa ölkələri Rusiyanın mümkün hərbi təcavüzü zamanı alyansın nizamnaməsinin 5-ci maddəsinin tətbiq ediləcəyinə o qədər də arxayın deyillər.
Ancaq Putinin qisası Türkiyəyə birbaşa hərbi zərbələrdən ibarət olmayacaq. Suriya əməliyyatlarında iştirak edən Rusiya bombardmançılarını bundan sonra qırıcıların müşayiət edəcəyi nəzərə alınarsa, istisna deyil ki, bu dəfə Rusiya qırıcıları Suriya sərhədi boyu müntəzəm reydlər keçirən Türkiyə qırıcılarını hədəf alsın. Və bu zaman Türkiyə qırıcısının Suriya hava məkanına daxil olduğu iddia edilə bilər.
Ən təhlükəlisi isə Rusiyanın PKK vasitəsilə Türkiyədə diversiya əməliyyatları həyata keçirməsi, o cümlədən strateji vacib neft-qaz infrastrukturlarını hədəf alması olardı. Artıq PKK Türkiyədə bu cür diversiyalar həyata keçirib.
Digər tərəfdən, Putin İŞİD-lə Türkiyə arasında neft alverini təsadüfən xatırlatmırdı. Rusiya Suriyada İŞİD-in nəzarətində olan ərazilərdəki neft obyektlərini, o cümlədən terrorçulardan neft alıb daşıyan avto-tankerləri hədəfə almağa başlayıb.
Əgər bu dəfə Rusiya raketlərinin hədəfi Türkiyənin Ceyhan limanında İŞİD-ə aid nefti doldurduğu iddia edilən tanker olsa, görünür, təəccüblənmək lazım gəlməyəcək.
Bundan əvvəl Rusiya qırıcıları Suriyadan uçub Türkiyənin hava sərhədlərini dalbadal pozanda məhz Ceyhan limanı rayonu üzərində uçmuşdular. O zaman bəzi analitiklər ehtimal edirdi ki, Rusiya Ceyhan limanında İŞİD-dən alınan nefti hədəf ala biləcəyinə eyham vurur.
Hərbi qisas tədbirləri barədə müxtəlif ehtimallar olsa da Türkiyənin əsas gəlir qaynaqlarından olan turizmin bu insidentdən ciddi zərər çəkəcəyinə şübhə yoxdur. Türkiyə Rusiya vətəndaşları üçün təhlükəli elan edildikdən sonra turizm firmaları bu ölkəyə turpaketlərin satışını dayandırmağa çağırıb. Artıq belə çağırışlar səslənir ki, Türkiyədən Rusiya vətəndaşlarını təcili evakuasiya etmək lazımdır.
Başqa sözlə, Rusiya bombardmançısının vurulması Ərdoğan üçün yaxşı piar ola bilər. Amma Türkiyə bu insidentdən hökmən ziyan çəkəcək.
Fərhad Məmmədov
Virtualaz.org