Rusiya və İran yaxınlaşması Azərbaycana nə vəd edir?

25-11-2015, 10:43   
Rusiya və İran yaxınlaşması Azərbaycana nə vəd edir?

Ekspertlərə görə, Azərbaycana İrandan daha çox Rusiya problem yaradıb

Rusiya prezidenti Vladimir Putin GECF toplantısı çərçivəsində Irana səfər edib. Putin səfəri çərçivəsində Iranın dini lideri Ayətullah Seyyid Əli Xamenei ilə görüşüb.

Görüş zamanı Putin Xameneiyə Qurani-Kərimin qədim əlyazma nüsxəsini də hədiyyə edib. Qeyd edək ki, görüş zamanı bir sıra siyasi və iqtisadi əməkdaşlıqlar haqda danışıqlar aparılıb. Rusiya lideri eyni zamanda Iran prezidenti Ruhani ilə də görüşərək regionda baş verənləri müzakirə edib. Bəs, son zamanlar müşahidə olunan Rusiya və Iran yaxınlaşması Suriya probleminin həllinə, Azərbaycanın da yerləşdiyi regiona nə vəd edir?

Ekspertlərə görə, Putinin səfəri 3 aspektdən irəli gəlir – siyasi, təhlükəsizlik və iqtisadi. Müzakirə olunan məsələlərdən biri Suriya məsələsidir. Məlum olduğu kimi, Suriya məsələsində Iran Rusiyanın ən yaxın müttəfiqidir. Amma onu da qeyd etmək lazımdır ki, Rusiya ilə Iran arasında Suriya məsələsi ilə bağlı fərqli baxışlar və mövqelər var. Iran üçün müstəsna əhəmiyyət kəsb edən məsələ məhz Bəşər Əsədi hakimiyyətdə qoruyub saxlamaqdır.

Rusiya üçün Suriya məsələsində Bəşər amili heç də müstəsna əhəmiyyət kəsb etmir. Rusiya üçün mühüm amil ən azı Suriyada hərbi mövcudluğunu qoruyub saxlamaqdır. Yəni bu məsələdə Rusiya ilə Iran arasında fərqli mövqelərin olması hamıya bəllidir. Nüvə razılaşmasıyla bağlı Iranla Qərb arasında münasibətlərin yaxşılaşması, ciddi siyasi dialoqun getməsi və iqtisadi əlaqələrin qurulması üçün hər iki tərəfin ciddi səylər göstərməsi Putini Irana xüsusi diqqət göstərməyə vadar edir. Rusiya bundan sonra da Irana təsirini qoruyub saxlamaq üçün ciddi səylər göstərmək fikrindədir.

Məsələ burasındadır ki, obyektiv olaraq Iran üçün Qərb istiqaməti daha böyük əhəmiyyət kəsb edir. Uzun illər ərzində mövcud olmuş sanksiyalar Iranın iqtisadi və sənaye gücünü ciddi şəkildə sarsıdıb. Bu ölkə üçün iqtisadi çiçəklənməyə yol Qərblə ciddi iqtisadi əməkdaşlıqdan keçir. Məhz bu sahədə Rusiyanın Irana təklif edəcəyi bir şey yoxdur.

Rusiya-Iran münasibətlərində diqqəti çəkən amillərdən biri də bu ölkələrin dünyanın neft və qaz bazarında rəqib olmasıdır. Bütün bunlar onu deməyə əsas verir ki, son dövrlərdə xarici siyasətdə ciddi praqmatizm nümayiş etdirən Iran hökuməti Rusiya ilə genişmiqyaslı deyil, yalnız konkret sahələr üzrə əməkdaşlıq edəcək. Bu sahələr də ölkənin maraqlarının tələb etdiyi sahələrdir. Rusiya və Iran əməkdaşlığının Azərbaycana necə təsir edəcəyi məsələsinə gəlincə isə, onu demək olar ki, əvvəlki dövrlərdən fərqli olaraq Qərbə daha çox meyl göstərən Iran Azərbaycan üçün daha az problem yaradan ölkə kimi xarakterizə oluna bilər. Eyni zamanda unutmaq olmaz ki, Azərbaycan məsələsində Rusiya və Iranın mövqeyi bir çox hallarda üst-üstə düşür. Bir fikri də vurğulamamaq olmaz ki, Azərbaycana Irandan daha çox Rusiya problem yaradıb.

Xəyal
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.