Dünyada yeni qarşıdurma mərkəzi yaranıb. Son vaxtlara qədər bu qarşıdurma mərkəzi Ukrayna üzərində yerləşirdi. Ukrayna coğrafiyası üzərində ABŞ və Qərblə Rusiya arasında mübarizənin olduğu inkaredilməz reallıqdır. Bu savaşın başladılması ABŞ və Qərbin MDB coğrafiyasına yerləşməsini, eləcə də, Rusiyanın postsovet məkanındakı şəriksiz hegemonluğunun sarsıdılmasını hədəfləyib.
Son dövrlərdə Ukrayna üzərindəki qarşıdurmada Rusiyanın ciddi şəkildə məğlubiyyətə uğradığı artıq açıq-aşkar nəzərə çarpır. Hətta belə anlaşılır ki, Ukrayna Rusiya üçün artıq nəzarətin böyük ölçüdə itirildiyi məkana çevrilməkdədir.
Ancaq bu önəmli reallıq ABŞ və Qərbi tam qane etmir. Çünki perspektiv hədəf yalnız Ukraynanın Rusiyanın təsir dairəsindən çıxarılması deyil. Beynəlxalq rəqibləri üçün Rusiyanın öz “coğrafi bədən”ini qorumaqla, təsirsiz dövlətə çevrilməsi daha önəmlidir. Rusiyanın maliyyə-iqtisadi sanksiyalara məruz qoyulması, bu dövlətin büdcəsində “yamanması mümkün olmayacaq yırtıqlar”ın əmələ gətirilməsinə cəhd göstərilməsi də hədəfə indeksləşdirilib.
Ancaq Rusiyanın “siyasi-iqtisadi cəhətdən arıqladılması” üçün bütün bunlar yetərli olmadı. Ona görə də, indi Rusiya daha fərqli məkanda, daha təhlükəli savaşa cəld edilməkdədir. Belə ki, son vaxtlar Ukrayna uğrunda mübarizənin nisbətən arxa plana keçirilməsi fonunda ABŞ və Qərblə Rusiya arasındakı qarşıdurmanın yeni “düyün”ləri Suriya üzərində atılmaqdadır.
Bir müddət öncə prezident Vladimir Putinin Suriyada öz rəqibləriylə “rus ruleti” oynamasından yazmışdıq. Və Rusiyanın çox böyük hiyləgərliklə “Suriya bataqlığı”na çəkildiyini iddia etmişdik. Çünki ABŞ və Qərbin özəl maraqları olmasaydı, Rusiya Suriya məkanına yaxın belə, düşə bilməzdi. Yəni Yaxın Şərqdə xaosun diktaturasını yaratmaq üçün yüz milyardlarla dollar xərcləyən ABŞ və Qərb Rusiyanın bu regionda belə asanlıqla “əlini-qolunu yelləməsi”nə imkan verməzdi.
Deməli, ortada hansısa daha böyük bir oyun var. Və Kremldəkilərin də bu barədə məlumatlı olduqları qətiyyən istisna deyil. Sadəcə, Rusiya bütün savaş təkliflərini qəbul etmək məcburiyyətindədir. Çünki bu, Rusiya coğrafiyası içərisinə sıxışdırılan Kreml üçün istənilən savaş məkanı sıradan dövlətə çevrilmək təhlükəsindən xilas şansıdır.
Son günlər baş verənlər bu mövzuda gündəmə gətirdiyiniz ehtimalların doğru olduğunu təsdiqləyir. Belə ki, “Suriya bataqlığı”na çəkilən Rusiyaya bu məkanda yeni qarşıdurma təklif olunur. Kremlin bu təklifi hansı həddə qədər qəbul edəcəyi isə hələlik məlum deyil. Çünki təkliflə bağlı atılan addımlar hələlik ilkin mərhələdədir.
Maraqlıdır ki, Rusiya özü də bilərəkdən və ya bilməyərəkdən belə bir savaş təklif üçün səbəb verməkdədir. Hər halda, Rusiyanın savaş təyyarəsinin Türkiyənin hava məkanına girməsi, ABŞ və Qərbin Kremlə yeni qarşıdurma təklif etməsi üçün “göydəndüşmə” bəhanə qazandırır. Yəni Rusiya öz əliyə “cəhənnəmin qapısı”nı aralamağa çalışır.
Təbii ki, Türkiyə Rusiya təyyarəsinin öz hava məkanına soxulmasına beynəlxalq qanunlar çərçivəsində sərt reaksiya verdi. Belə ki, Türkiyənin “F-16” tipli qırıcısı rus “Su-24” savaş təyyarəsini vurdu. Və ara qarışdı.
Deməli, indi Rusiya öz günahı ucbatından düşdüyü növbəti beynəlxalq böhrandan çıxmağın yollarını axtarmaq məcburiyyətindədir. Çünki Türkiyə bu məsələdə özünü tamamilə rahat hiss edir. Yəni Türkiyənin hava məkanı pozulub, rus pilotlara dəfələrlə xəbərdarlıq edilib, qarşı tərəf buna əhəmiyyət verməyib, nəticədə də vurulub.
Təbii ki, Türkiyə rus təyyarəsinin vurulmasından öncə bu barədə NATO-dakı hərbi müttəfiqlərini, o cümlədən, ABŞ-ı məlumatlandırıb. Çünki bəzi anlaşmalara görə, Yaxın Şərq regionunda atılan istənilən addım əvvəlcədən Ağ Evlə razılaşdırılır. Hətta Şimali İraqdakı PKK düşərgələri vurulduqda belə, Türkiyə bu barədə ABŞ-ı xəbərdar edir.
Digər tərəfdən, rəsmi Ankara rus qırıcısını vurduqdan dərhal sonra NATO-nun təcili toplantısını tələb etmişdi. Önəmli məqamdır. Çünki NATO bu tələbə qarşılıq olaraq, dərhal toplandı və müzakirələrin bitməsini belə, gözləmədən tez-tələsik “Türkiyənin öz hava məkanını müdafiə etmək hüququ var” məzmunlu bəyanat verdi.
Nəticədə prezident V.Putinin Türkiyəyə hədə xarakteri daşıyan “Bu hərəkətlərin faciəvi nəticələri olacaq” açıqlaması “suya düşdü”. Çünki NATO-nun qətiyyətli reaksiyasından sonra Rusiya Türkiyəyə qarşı hər hansı qisas addımı Rusiyanın özü üçün faciəvi nəticələr verə bilər. Və Kreml baş verənləri “sinəyə çəkib”, bu reallıqla barışmaq məcburiyyətindədir.
Bu baxımdan, V.Putinin Türkiyəni hədələməsinin hərbi-siyasi blef olduğunu anlamaq o qədər də çətin deyil. Onu da nəzərə almaq lazımdır ki, Türkiyə birbaşa ABŞ-ın da dəstəyini özü üçün təmin edə bilib. Çünki hadisədən qısa müddət sonra ABŞ-ın vurulmuş rus təyyarəsinin pilotlarına Türkiyə tərəfindən 10 dəfəyə yaxın xəbərdarlığın edilməsinin qeydə alındığını rəsmən bəyanlaması Kremli küncə sıxışdırmış oldu.
Üstəlik, prezident Barak Obamanın da ABŞ-ın Türkiyənin yanında olduğunu və rəsmi Ankaranın özünümüdafiə haqqına hörmətlə yanaşmağın vacibliyini bəyanlaması Rusiya üçün manevr dairəsinin daraldılması anlamı daşıyır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə ümumiyyətlə, ağıllı gediş etdi. O, Türkiyənin dövlət maraqlarının heç kimə və heç nəyə qurban verilməyəcəyini qeyd etməklə yanaşı, vurulan təyyarənin hansı dövlətə məxsus olduğunun məlum olmadığını vurğuladı. Yəni Rusiyanın özünə aid olduğunu etiraf etdiyi həmin o qırıcı təyyarənin heç bir fərqlənmə nişanı olmadığından bu savaş texnikasının “hava qulduru” statusunda olduğuna eyham vurdu.
İndi Rusiyanın bütün bunların qarşılığında üzləşdiyi qəliz vəziyyətdən necə çıxacağı maraq doğurur. Çünki ona məxsus “Su-24” “hava qulduru” elan edilib, bir NATO üzvü olan dövlətin hava məkanını pozduğuna görə vurulub, üstəlik də dünyanın əsas hərbi-siyasi güc mərkəzləri Türkiyənin hüquqlarını tanıyır və müdafiə edir.
Deməli, prezident V.Putin və Rusiya bir müddət sadəcə, hərbi-siyasi blefi davam etdirmək məcburiyyətində qalacaq. Rusiyanın real qisas addımlarının atılmasına cəsarət edəcəyinə isə sadəcə, sadəlövhlər inana bilər. Çünki bu halda, Rusiya öz qarşısında yalnız Türkiyəni deyil, həm də NATO-nun timsalında nəhəng bir hərbi-siyasi güc görməli olacaq.
Məsələ ondadır ki, Türkiyə bu quruma üzv olduğu üçün vurulan rus təyyarəsi əslində, həm də NATO-nun təsir dairəsində olan hava məkanını pozmuş sayılır. Rus təyyarəsini vuran Türkiyə təyyarəsi də elə həm də NATO təyyarəsi hesab olunur. Çünki NATO-ya üzv dövlətlərin orduları həm də ümumi NATO ordusu statusu daşıyır. NATO üzvü olan dövlətə hərbi müdaxilə də elə NATO-ya qarşı savaş açılması amlamına gəlir.
Deməli, prezident V.Putin NATO-ya qarşı müharibəyə başlaya bilməz. Çünki özündən qat-qat güclü hərbi-siyasi NATO ilə savaş qərarının verilməsi Rusiyanın intiharı olardı.
Bu baxımdan, Kremli bu hərbi qarşıdurmaya çəkənlər (Parisi partladan “dərviş”) olduqca ağıllı adamlardır. Bir tərəfdən, Rusiyanın beynəlxalq nüfuzu yerlə-bir edildi. Çünki Kremlin buna qarşılıq vermə ehtimalı sıfırın altındadır. Digər tərəfdən, Rusiyanın başı hələ uzun müddət bu “təyyarə böhranı”na qarışacaq.
Ən əsası isə bu hadisə ilə Türkiyə-Rusiya münasibətlərinə sarsıdıcı zərbə vuruldu. Türkiyə ABŞ-ın müttəfiqləri sırasında Rusiyaya qarşı maliyyə-iqtisadi sanksiyalara uymayan yeganə dövlət idi. Və indi Rusiya Türkiyəni bu önəmli dəstəyini itirmiş oldu. İki dövlət arasındakı yüz milyardlarla dollar məbləğindəki ticarət əlaqələri də təhlükədə qaldı. Yəni Rusiya üçün daha bir kifayət qədər ciddi gəlir qaynağı qapanmaq üzrədir.
Nəhayət, Putin hakimiyyətinin daxili dayaqlarına da əl uzadılmış oldu. Çünki indi generalitet qisas tələb edəcək, Putin isə reallaşdıra bilməyəcək. Nəticədə daxili ziddiyyətlər dərinləşəcək və Putin Rusiyanın milli maraqlarının toxunulmazlığını təmin etməkdə çətinlik çəkən prezident imici qazanmağa başlayacaq.
Əlbəttə, bütün bu mümkün təhlükə faktorlarının sırasını genişləndirmək olar. Ancaq Putinin beynəlxalq rəqiblərə qarşı Suriyada oynadığı “rus ruleti”nin artıq Rusiyanın özünü vurmaqda olduğu açıq-aşkar nəzərə çarpdığından buna ehtiyac yoxdur.
Elçin XALİDBƏYLİ