Sumqayıtda iş adamlarının dinlənilməsi və əldə olunan məlumaların ötürülməsini bu məmur Vidadi Zeynalovun nəzarəti altında həyata keçirib.
Eldar Mahmudov nazir vəzifəsindən çıxarıldıqdan sonra Milli Təhlükəsizlik Nazirliyindəki (MTN) sensasion həbslərin əsasən gizli dinləmələrlə bağlı olduğu barədə yazılanlar hər gün təsdiqini tapır. Xüsusi Dövlət Mühafizə Xidmətinin birbaşa nəzarətində aparılan qanunsuz dinləmələrlə bağlı istintaqda MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi general-mayor Teymur Quliyevin ifadələri Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə birbaşa bağlı olduğu artıq heç bir şübhə doğurmur.
"İnformasiya toru"nun iş prinsipi
Ölkədə böyük ictimai rezonansa səbəb olmuş “MTN işi” ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyində də həbslər davam edir. Həbslər ölkənin yüksək vəzifəli rabitəçiləri tərəfindən iş adamlarının telefon danışıqlarının dinlənilməsi və əldə olunan məlumatların MTN əməkdaşlarına təqdim olunması işinin təşkili ilə əsaslandırılır. Məlum olub ki, məhz qeyri-qanuni dinləmələr vasitəsilə MTN ölkənin zəngin iş adamlarının fəaliyyətləri barədə məxfi məlumatlar əldə edib. Həmin məlumatlarda şirkət rəhbərlərinin, is adamlarının, sırf iqtisadi maraqlar baxımından gizli saxlamağa çalışdığı informasiyalar da kifayət qədər olub. İnformasiyanı əldə edən MTN-çilər, bundan müxtəlif üsularla faydalanmağa nail olublar. Burada informasiyanın qarşı tərəfə satılması, şantaj və digər üsullar da yer alması şübhəsizdir. Məhz dinləmələr sayəsində MTN bu və ya digər şirkətin, müəyyən zaman kəsiyində baş verən maliyyə dövriyyəsi barədə də dəqiq məlumat əldə edib. Bundan sonra isə, həmin şirkətlərin rəhbərlərinə qarşı qanunsuz saxlama və şantaj üsulunu tətbiq edərək, onlardan külli-miqdarda pul alıb. Təbii ki, bu qanunsuz fəaliyyət əsasən paytaxtda, ölkə iqtisadiyyatının bir çox sahələrinin idarə olunduğu yerlərdə həyata keçirilib. Bununla belə, keçmiş MTN rəhbərliyinin böyük məharətlə qurduğu “informasiya toru” şəbəkəsinə ölkənin ən strateji nöqtələrində yerləşən rayonları və şəhərləri də daxil olub.
"MTN çete"sində Sumqayıtın rolu...
Strateji nöqtələrdən biri də Sumqayıt olub. Mahmudovun dinləmələrinin ən böyük vüsət aldığı şəhərlərdən biri Sumqayıtdır. Aydındır ki, bu gün iqtisadiyyatı sürətlə inkişaf edən bu şəhərdə də MTN-nin “maraq dairəsi”nə düşə biləcək iş adamları kifayət qədərdir. Məhz elə bu səbəbdən, dinləmələr işinə tez bir zamanda Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Akif Əsgərov da cəlb olunub. Qeyd etməliyik ki, Akif Əsgərovun bu işə cəlb olunması barədə iki əsas ehtimal var. Birinci versiyaya görə, bu məmur Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalov tərəfindən himayə edilib. İddia olunur ki, Vidadi Zeynalov vəzifədə olduğu illər ərzində özünə kifayət qədər əhatəli şəbəkə də yaratmağa nail olub və müəyyən insanları müxtəlif vəzifələrə yerləşdirməklə daim bu şəbəkənin genişləndirilməsinə səy göstərib. Sumqayıtda iş adamlarının dinlənilməsi və əldə olunan məlumaların ötürülməsi Akif Əsgərova, hazırda həbsdə olan Vidadi Zeynalovun nəzarəti altında həyata keçirilib. Məhz elə Vidadi Zeynalovla yaxın dostluğu sayəsində də, Akif Əsgərovun oğlu bu gün MTN-nin hərbi hissəsində hərbi xidmət keçir. Lakin digər mənbələr Sumqayıt TKQ rəhbərlinin birbaşa sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudova da çıxışının olması versiyasına üstünlük verirlər. Bu versiyaya görə, Akif Əsgərov “yuxarı” ilə əlaqəni Eldar Mahmudovun yaxın qohumlarından birinin vasitəsilə saxlayıb. Həmin şəxs indi də Sumqayıt TKQ-da şöbələrdən birinə rəhbərlik edir.
Dövlətin milyonları yoxa çıxdıqca, Akif Əsgərov zənginləşib
Son vaxtlar aparılan araşdırmalar nəticəsində məlum olub ki, Akif Əsgərov törətdiyi əməllər və güclü himayədarları sayəsində hazırda Sumqayıtın ən zəngin oliqarx-məmurlarından birinə çevrilib. Belə ki, bu gün TKQ rəisi həm Sumqayıtda, həm də Bakıda çox sayda daşınmaz əmlaka, bir-birindən bahalı avtomobillərə, müxtəlif banklarda milyonlara sahibdir. Ona məxsus mülklərin siyahısında yeni tikili bina, müxtəlif binalarda lüks evlər, Novxanıda villalar, bağlar daxildir. Əsgərov bu gün bir çox kommersiya obyektlərinin də sahibidir. Həmin obyektlərdən əksəriyyəti isə onun məhz Eldar Mahmudovun qohumu ilə şərikli işlətdikləri məlumdur.
“Rabitə çetesi”nin illər əvvələ gedib çıxan başlanğıcı
Sumqayıt TKQ-nın fəaliyyətində yol verilən nöqsanlar korrupsiya əməlləri sayəsində təmin edilib. Hələ bir müddət bundan əvvəl aparılan yoxlamalar zamanı kifayət qədər belə hallar aşkar edilib. Bir sıra yoxlamalar zamanı məlum olub ki, ötən illər ərzində Sumqayıt şəhərində ayrı-ayrı müəssisə və təşkilatlara ümumilikdə 40 min metrə yaxın fiber optik internet kabeli çəkilib. Lakin bu yenilənmə işi korrupsiyasız ötüşməyib. Belə ki, Sumqayıt Telekommnuikasiya Qovşağının rəisi Akif Əsgərov kabelin qiymətlərini şişirdərək külli miqdarda dövlət vəsaiti mənimsəyib. Faktiki olaraq fiber optik internet kabellərin çəkilməsi üçün 1 manat vəsait xərclənsə də, Akif Əsgərov sənədlərdə 3 manat sərf olunuduğunu göstərib. Yeni çəkilən fiber optik kabellərin ümumi uzunluğu 150 min metrdən çoxdur. Bu isə təkcə 2013-cü ildə kabel dəyişdirilməsi və çəkilişi əməliyyatından Əsgərovun 300 min manatdan çox vəsait mənimsəməsi deməkdir. Əsgərovun bu əməli aşkarlansa da, məlum səbəblərə görə, onu məsuliyyətə cəlb etmək mümkün olmayıb.
Xəstəlik adı ilə özünü məsuliyyətdən yayındıran məmur
Son baş verən hadisələrin fonunda, Sumqayıt TKQ-nın fəaliyyəti təftiş edilməyə başlanılıb. Akif Əsgərov isə hazırda səhhətində yaranmış problem bəhanəsilə işə çıxmır.
Ailə “podratı”
Akif Əsgərov və müavini Azər Əliyev rəhbərli etdikləri dövlət müəssisəsində əsil ailə podratı yaradıblar. Belə ki, Akif Əsgərov öz qardaşı oğlu Nurlan Əsgərovu Sumqayıt TKQ-nin marketinq şöbəsinə müdir vəzifəsinə təyin edib. Azər Əliyev isə TKQ-nin abunə şöbəsinə öz qardaşı Vahidi rəis gətirib. Həmçinin idarəyə işə götürülən sürücülər də bu iki məmurun yaxın qohumlarıdır.
Əsgərovun güvəndiyi “dağ”a qar yağdı
Heç kimə sirr deyil ki, Əsgərovu vəzifəyə gətirən, onu himayə edən, bir neçə gün bundan əvvəl həbs edilən, RYTN-nin aparat rəhbəri Vidadi Zeynalovdur. O, törətdiyi əməllərə görə, tutduğu vəzifədən azad olunaraq, barəsində 3 ay müddətinə həbs qəti imkan tədbiri seçilib. Həbs hədəfində olan növbəti məmurun Akif Əsgərov olması da gələn məlumatlar arasındadır.
3000 manatlıq qələm, qələmi qırılanlar
A.Əsgərov nə qədər korrusioner olsa da, vəzifəcə özündən yüksəkdə olanlara qarşı olduqca səxavətli olub. Beləki, Əsgərov öz himayədarı və hazırda həbsdə olan Vidadi Zeynalova 3000 manatlıq qələm alması ilə medianın gümdəmini zəbt etmişdi. Öz zəhməti ilə və aldığı maaşla bir qələmə bu qədər məbləğ verməsi mümkünsüzdür. Son olaylar əslində Əsgərovun pulunun qaynağının, dövlətin büdcəsi olduğunu sübut edir.
Vidadi Zeynalov Akif Əsgərovdan 350 min manatı niyə alıb?
Vidadi Zeynalov Akif Əsgərov “Aztelekom”un başına gətirmək üçün çalışıb. Belə ki, Sumqayıt Telekommunikasiya Qovşağının rəhbəri Akif Əsgərovla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov arasında sövdələşmə olub. Hələ bir il əvvəl Akif Əsgərova vəd verilib ki, tezliklə onu «Aztelekom»a rəhbər gətirəcəklər. Bu işi həyata keçirən isə apartın rəhbəri Vidadi Zeynalov olmalıymış. Sumqayıt Telekommunikasiya Qovşağının rəisi ilə yaxın münasibətləri olan, habelə onu qoruyan Zeynalov, bunun müqabilində qarşı tərəfdən 350 min manat alıb. Sonradan işin rəsmiləşməsi bilinməyən səbəblərə görə gecikib. Bir sözlə, hər biri dövlətin pullarını yeyib dağıtmaqla məşğul olub!
Keçmiş iqtisadi inkiaşaf naziri ilə Əsgərovu bağlayan tellər
Akif Əsgərov həmişə hakimiyyətə zidd insanların “çevirdikləri işlərinin” içində olub.
Akif Əsgərov hələ xeyli əvvəl sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə də yaxın əlaqlərə malik idi. Bu məsələ mətbuatda bir xeyli çək-çevir olunsa da, onu işdən çıxarmadılar və indiyə qədər TKQ-ya rəhbərlik edir.
Baş verənlərin təhlilindən sonra belə bir ehtimal irəli sürmək olar ki, Akif Əsgərovun Fərhad Əliyevlə əlaqəli olmasına rəğmən, belə mühüm postda qala bilməsi elə Eldar Mahmudovun sayəsində mümkün olub. Çünki rabitə sektoruna həddindən artıq səviyyədə sirayət etmiş keçmiş nazir, Sumqayıt kimi strateji yerdən imtina edə bilməzdi. Akif Əsgərovun da “günahlarının çoxluğu” Mahmudovun işinə yarayıb və bununla da razılaşmada çətinlik olmayıb. A.Əsgərovun oliqarx kimi yüksəlişi “Bayva”dan başlayıb və Əli Bayramlı şöbəsinin rəhbəri olarkən 22 rayonun enerji ilə təchiz olun-masına cavabdeh olub. Həmin postunda “Azərenerji” səhmdar cəmiyyətinin prezidenti Etibar Piriverdiyevlə yola getməyib. Hətta E.Piriverdiyev onu işdən çıxarmaq üçün uzun müddət fakt axarışına çıxıb. Nəhayət, o, Akif Əsgərovu işdən azad etmək üçün çox maraqlı gedişlərə əl atıb və onu işdən azad edə bilib. Belə ki, hazırda Sumqayıt Telekommunikasiya Qovşağının rəisi vəzifəsində işləyən A.Əsgərovun şöbədəki maxinasiyalarını elə öz işçilərindən biri vasitəsi ilə əldə edə bilib. “Azərenerji” prezidentinin A.Əsgərovu belə çətinliklə işdən azad etməsinin kökündə isə o zamankı iqtisadi inkişaf naziri Fərhad Əliyevin durduğu iddia olunur. Deyilənlərə inansaq, Akif Əsgərov Fərhad Əliyevin “komandası”nın inanılmış və sadiq üzvülərindən biri olub. Amma E.Piri-verdiyevin A.Əsgərovu faktla işdən çıxarması qarşı tərəfi susmağa məcbur edib…
Bundan sonra bir qədər işsiz qalan Akif Əsgərovv sonradan Standartlaşma, Metrologiya və Patent Agentliyinin Sumqayıt şöbəsində müavin vəzifəsini tutub. Onun bu vəzifəyə təyinatında da F.Əliyev önəmli rol oynayıb. Mənbə bildirir ki, qeyd olunan təyinat verilən zaman bu müvvəqqəti addım kimi dəyərləndirilib və ona bildiri-lib ki, qısa müddətdə onu hansısa önəmli vəzifə ilə təmin edəcəklər. Doğrudan da bir müddətdən sonra o, Sumqayıt Telefon Qovşağının rəisi vəzifəsinə gətirilir.
Əsgərovun milyonlarının saxlandığı ölkə
ATS-lərin elektronlaşma, köhnə avadanlıqlar, çəkilən kabellər, satılan nömrələrə Əsgərov nəzarət edib. Bu prosesdə külli-miqdarda dövlət əmlakı mənimsənilib. Mənbənin sözlərinə görə ATS-lərdə olan avadanlıqlarda qızıl və misin cox olması Akif Əsgərovun şirnikləndirib. Akif Əsgərov vaxtı keçməmiş və istifadəyə yararlı avadanlıqları köhnə adı ilə silib. Daha sonra bu avadanlıqlar Bakı şəhər sakini olan iş adamına satılıb. Mənbənin sözlərinə görə, bu avadanıqarın satışından Akif Əsgərov təxminən 3 milyon AZN pul qazanıb. Akif Əsgərovun dövlət əmlakını talaması bununla bitmir. Sumqayıt Telekomunikasiya Qovşağı tam təsərrüfat hesablı və özünümaliyyələşdirmə prinsipləri əsasında fəaliyyət göstərir. Məhz Akif Əsgərov bu özünümaliyyələşdirmə prinsipindən yararlanaraq il ərzində Telekomunikasiya Qovşağının hesabına yüzminlərlə manat vəsait qazanır. Belə ki, il ərzində qovşağa Rabitə Nazirliyi tərəfindən yüz min metrlərlə kabellər, minlərlə telefon, internet cihazları, aparatlar və başqa avadanlıqlar verilir. Amma adı çəkilən avadanlıqların bir çoxu qovşaq rəisi tərəfindən gizli olaraq satışa çıxarılır və müxtəlif dükanlarda həmçinin Qovşağın xidmət sahəsində çalışan işçiləri tərəfindən satılır.
Qeyd olunur ki, keçmiş və indiki vəzifələrindəhər il külli miqadarda qazanc əldə edən qovşaq rəisi özünə böyük biznes yaratmağada nail olub. Amma Sumqayıt şəhərində bir neçə kiçik obyektlə gözə kül üfürən qovşaq rəisinin əsas biznesi Ukrayna dövlətindədir. Bildirilir ki, Ukraynada fəaliyyət göstərən Azərbaycan Diasporasının rəhbərliyində Akif Əsgərovun yaxın qohumlarından biri çalışır. Qovşaq rəisi diaspora rəhbərlərindən birinin vasitəsi ilə bu ölkədə özünə biznes şəbəkəsi qurduğu bildirilir.
Mövzunu davam etdirəcəyik!
Cia.az