Hacıkənddə villa tikdirən Tərtərin icra başçısı, müəllim və həkimləri Gəncəyə yer süpürtdürməyə aparır
Tərtərin icra başçısı Müstəqim Məmmədovun yeni-yeni əməlləri meydana çıxır. Zaman içində daha da varlanan icra başçısı, bunun qarşılığında tərtərlilərə hörmət etmək əvəzinə, onlara qul kimi baxır. Və bunun əyani sübutu isə bu yaxınlarda davamlı olaraq baş vermiş hadisələrdir. Azerinews.tv Demokratiya.info-ya istinadən xəbər verir ki, Müstəqim Məmmədov hal hazırda Göygöl rayonunun Hacıkənd qəsəbəsinin Mixayılovka kəndində özünə bahalı villa inşa etdirir. Həmin məlumatlara görə, inşa edilən villanın bütün tikinti materialları, hətta topağı belə Tərtər rayonundan daşınır. Təbii ki, yerli idarə və müəssisə rəhbərlərinin maddi imkanları hesabına.
Amma Müstəqim Məmmədov bununla kifayətlənmir. O tərtərlilərə hörmət etmək əvəzinə, onlara qarşı daha xoşagəlməz hərəkətləri ilə diqqəti çəkir. Bildirilir ki, Müstəqim Məmmədov artıq bir müddətdir Tərtər rayonundakı bütün səhiyyə, təhsil və digər büdcə təşkilatlarının işçilərini avtobuslara dolduraraq, onları Gəncə şəhərinə yer süpürtdürməyə gətirir.
Bütün bu baş verənlərdən dolayı Tərtər camaatı da bezib. Onlar Gəncədə yer süpürmələrini özlərinə həqarət hesab edirlər və bu səbəbdən də dövlət başçısına müraciət etməyə hazırlaşırlar.
Nəzərinizə çatdıraq ki, Tərtərin icra başçısı Müstəqim Məmmədovun əməlləri bununla da bitmir. Onun mütəmadi olaraq, atdığı addımlar mahiyyət etibarə ilə cəbhə xəttində yerləşən bir rayonun rəhbərinə qəti yaraşmır. Elə bu səbəbdəndir ki, Tərtərin «barıt çəlləyi» üzərində qərarlaşdığı düşüncəsi yaranıb. Və rayonda hər an hər şeyin baş verməsi istisna edilmir.